BAKI, TurkicWorld
Qırğızıstan və Türkiyə arasında səhiyyə sahəsində əməkdaşlıq çərçivəsində hər il 150 Qırğızıstan vətəndaşının Türkiyədə pulsuz müalicə alması ilə bağlı razılıq əldə olunub.
TurkicWorld xəbər verir ki, Qırğızıstanın səhiyyə naziri Damir Osmonov ilə Türkiyənin bu ölkədəki səfiri Mekin Mustafa Kemal Ökem arasında keçirilən görüşdə əsas diqqət səhiyyə sahəsində əməkdaşlığın genişləndirilməsinə yönəlib.
Razılaşmaya əsasən, hər il ayrılan 150 kvota çərçivəsində Qırğızıstan vətəndaşları Türkiyənin dövlət xəstəxanalarında yüksək ixtisaslı tibbi xidmətlərdən ödənişsiz yararlana biləcəklər.
Tərəflər, həmçinin tibbi kadrların hazırlanması məsələsini də müzakirə ediblər. Qırğızıstanlı mütəxəssislərin Türkiyənin qabaqcıl klinikalarında 3–6 ay müddətində staj keçməsi proqramlarının genişləndirilməsi planlaşdırılır.
Bundan əlavə, orqan transplantasiyası sahəsində əməkdaşlığın inkişafı, təcrübə mübadiləsi və mütəxəssislərin ixtisasının artırılması məsələləri də gündəmdə olub.






