BAKI,TurkicWorld
Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi və Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin birgə təşkilatçılığı ilə “Birinci Türkoloji Qurultay – uzaq keçmişimizdən uzaq gələcəyə” adlı elmi-praktik seminar keçirilib.
TurkicWorld xəbər verir ki, görkəmli özbək əsilli Azərbaycan alimi, dilçi və ictimai xadim, 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultayın təşkilatçılarından biri Xalid Səid Xocayevin xatirəsinə həsr olunan seminar qurultayın 100 illiyi münasibətilə təşkil olunub və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq keçirilib.
Tədbirin əvvəlində Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin prorektoru, professor Qudratilla Omonov Birinci Türkoloji Qurultayın tarixi əhəmiyyətindən bəhs edib, universitetin rektoru, professor Gülçöhrə Rixsiyevanın tədbir iştirakçılarına ünvanladığı təbrik məktubunu səsləndirib.
Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev çıxışında bildirib ki, 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultay türk xalqlarının alimlərini bir araya gətirərək dil, ədəbiyyat, tarix və mədəniyyət sahəsində yeni mərhələnin əsasını qoyub. Onun sözlərinə görə, bu qurultay türkoloji tədqiqatların sistemli inkişafına təkan verərək ortaq elmi platformanın formalaşmasına xidmət edib.
Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini, akademik Rafael Hüseynov çıxışında qurultayın tarixi və ideoloji əhəmiyyətinə toxunaraq qeyd edib ki, bu mövzu bu gün də aktuallığını qoruyur və türk dünyasının birliyi baxımından xüsusi əhəmiyyət kəsb edir. O bildirib ki, Birinci Türkoloji Qurultay yalnız eyni dili paylaşan xalqların toplantısı deyil, müxtəlif millətlərin nümayəndələrinin iştirak etdiyi genişmiqyaslı elmi platforma idi. Akademikin sözlərinə görə, həmin dövrdə alimləri birləşdirən əsas amil türkçülük ideyası olmuş və bu ideya türkoloji elmin formalaşmasında mühüm rol oynamışdır. O həmçinin vurğulayıb ki, Mahmud Qaşqarlının “Divani-luğat it-türk” əsəri türkoloji elmin, eləcə də linqvistika, etnoqrafiya və tarix sahələrinin inkişafı üçün fundamental əsas yaradıb.
Akademik Nizami Cəfərov çıxışında Birinci Türkoloji Qurultayın Bakıda keçirilməsinin təsadüfi olmadığını bildirərək qeyd edib ki, həmin dövrdə Azərbaycanda latın əlifbasına keçid prosesi artıq başlamışdı və qurultayın əsas məqsədlərindən biri bu əlifbanın bütün türk xalqları arasında tətbiqinin müzakirəsi idi. O əlavə edib ki, qurultayda bir sıra mühüm məsələlər müzakirə olunmuş, lakin sonrakı dövrdə baş verən repressiyalar bu proseslərin davamlı inkişafına mane olmuşdur.
Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimova çıxışında bildirib ki, Birinci Türkoloji Qurultay çərçivəsində əlifba, ədəbiyyat və tarixlə bağlı mühüm məruzələr təqdim olunmuş, türk xalqlarının ortaq dil və mədəni irsi geniş şəkildə müzakirə edilmişdir. O vurğulayıb ki, bu kimi tədbirlər həmin irsin yenidən dəyərləndirilməsi və müasir elmi mühitdə актуал şəkildə təqdim olunması baxımından mühüm əhəmiyyət daşıyır.
Seminar çərçivəsində filologiya üzrə fəlsəfə doktoru, publisist Azər Turan “Türk xalqlarının tarixində ilk elmi toplantı”, AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, dosent Aynur İbrahimova isə “Xalid Səid Xocayevin irsi: Birinci Türkoloji Qurultay və Türk dünyası” mövzularında məruzələrlə çıxış ediblər.
Tədbirdə həmçinin professor Rüstəm Şaripov, professorlar Həmidulla Baltabayev, Adhambek Alimbekov, Marufjon Yoldaşov, filologiya elmləri doktoru Salima Rustamiy, dosent Cumali Şabanov və digərləri çıxış edərək Birinci Türkoloji Qurultayın tarixi əhəmiyyəti, türk xalqlarının elmi düşüncə tarixindəki rolu və bu irsin müasir dövrdə davam etdirilməsi məsələlərindən bəhs ediblər.







