Son dəqiqə

Özbəkistan Daşkənd Şavkat Mirziyoyev

Özbəkistan iqtisadiyyatı yeni imkanlar mərhələsinə qədəm qoyur - Şavkat Mirziyoyev

Daşkənd, TurkicWorld

Özbəkistan iqtisadiyyatı yeni imkanlar mərhələsinə qədəm qoyur.

TurkicWorld-ün xüsusi müxbirinin çərşənbə günü verdiyi məlumata görə, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev 5-ci Daşkənd Beynəlxalq İnvestisiya Forumunun — TIIF 2026-nın açılışında bildirib.

"Hazırkı şəraitdə dünya iqtisadiyyatı və qlobal kapital xəritəsi kəskin şəkildə dəyişir, təchizat zəncirlərində pozuntular artır. Belə bir dövrdə hər bir investorun kapitalını ilk növbədə sahibkarların hüquq və azadlıqlarının etibarlı şəkildə qorunduğu, iqtisadiyyatın sürətlə inkişaf etdiyi və geniş imkanların mövcud olduğu ölkələrə yatırmağa çalışması tamamilə təbiidir. Məhz buna görə də Özbəkistanda investisiya mühitinin köklü şəkildə yaxşılaşdırılması üçün sistemli tədbirlər həyata keçiririk", — deyə dövlət başçısı bildirib.

Ş.Mirziyoyev qeyd edib ki, ötən il ölkənin ümumi daxili məhsulu 6 faiz artıb.

"İqtisadiyyatımıza 43 milyard dollar investisiya cəlb olunub. Milli valyutamızın sabitliyi təmin edilib, beynəlxalq ehtiyatlarımızın həcmi isə 70 milyard dolları ötüb. Bir çoxları bu forumu ilk dəfə keçirdiyimiz dövrü xatırlayır. Dörd il əvvəl keçirilən ilk forumda biz 2026-cı ilin sonunadək Özbəkistan iqtisadiyyatının ümumi daxili məhsulunun 100 milyard dollara çatmasını hədəfləmişdik. Bu gün isə investorlarla birgə səylərimiz nəticəsində sürətlə inkişaf edən iqtisadiyyatımızın bu il 180 milyard dolları keçəcəyi gözlənilir", — deyə Özbəkistan Prezidenti əlavə edib.

Daha sonra Mirziyoyev vurğulayıb ki, Özbəkistanın beynəlxalq kredit reytinqi hər il yaxşılaşır.

"Bu il ölkəmiz nüfuzlu İqtisadi Azadlıq İndeksində 14 pillə irəliləyib və ilk dəfə olaraq ‘orta dərəcədə azad’ iqtisadiyyata malik ölkələr sırasına daxil olub. Bütün bunlar Özbəkistan iqtisadiyyatının yeni inkişaf tempi və yeni imkanlar mərhələsinə qədəm qoyduğunu aydın şəkildə sübut edir", — deyə o bildirib.

Qeyd edək ki, iyunun 16-da Özbəkistanın paytaxtında 5-ci yubiley Daşkənd Beynəlxalq İnvestisiya Forumu — TIIF 2026 işə başlayıb. Forum investorlar, dövlət qurumları və beynəlxalq maliyyə təşkilatları arasında dialoq üçün mühüm platformaya çevrilib.

Yubiley forumu təkcə əvvəlki uğurları möhkəmləndirməyi deyil, həm də iştirakçıların coğrafiyasını genişləndirməyi, sahələr üzrə ixtisaslaşmanı dərinləşdirməyi və tədbirlərin praktiki yönümünü gücləndirməyi hədəfləyir. Bu gün TIIF beynəlxalq kapitalın etimad göstəricisi və Özbəkistanın qlobal əlavə dəyər zəncirlərinə inteqrasiyası üçün mühüm platforma hesab olunur.

Mövzuya görə xəbərlər