BAKI, TurkicWorld
Qırğızıstan xüsusi xidmət orqanları beynəlxalq terror təşkilatına bağlı şəxsi saxlayıb.
TurkicWorld xəbər verir ki, Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsi İŞİD terror təşkilatının üzvü olduğu bildirilən T.M.Ş. adlı ölkə vətəndaşının fəaliyyətinin qarşısını alıb.
Məlumata görə, şübhəli şəxs Oş vilayətinin Aravan rayonunda yaşadığı dövrdə əhali arasında radikal ideologiyanın yayılması ilə məşğul olub.
Bildirilib ki, o, konstitusiya quruluşunun devrilməsinə və vətəndaşları Yaxın Şərqdəki silahlı münaqişələrə qoşulmağa təşviq edib.
Eyni zamanda onun Qırğızıstan ərazisində terror aktları törətmək planları hazırladığı da müəyyən olunub.
Şübhəli martın 16-da Türkiyənin İstanbul şəhərində xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
Hazırda o, Qırğızıstana gətirilib və fakt üzrə istintaq tədbirləri davam etdirilir.







