BAKI,TurkicWorld
Azərbaycanın növbəti dəfə Qırğızıstana göndərdiyi humanitar yardıma görə minnətdarlığımı bildirirəm.
TurkicWorld-ün məlumatına görə, bunu bu gün jurnalistlərə Qırğızıstanın Azərbaycandakı səfiri Maksat Mamıtkanov Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Qırğızıstana maddi-texniki yardım göndərməsi zamanı deyib.
"Azərbaycanın növbəti dəfə Qırğızıstana göndərdiyi bu humanitar yardıma görə Prezident İlham Əliyevin timsalında Azərbaycan Respublikasının rəhbərliyinə, Fövqəladə Hallar Nazirliyinin rəhbərliyinə və Azərbaycan xalqına səmimi təşəkkürümü bildirmək istəyirəm.
Bu, qardaş xalqlarımız arasında əlaqələrin getdikcə daha da möhkəmləndiyinin əsl sübutudur və bu, bizim liderimiz üçün siyasi kursun gələcəkdə daha da möhkəmlənməsinə zəmanət verəcək", o deyib.
Səfir qeyd edib ki, bu yardım Qırğızıstan üçün vacibdir.
"Çünki yaz aylarında bizdə, adətən, hər yerdə çoxlu sel və müxtəlif fövqəladə hallar olur, ona görə də bu texnikalar ölkə üçün və xüsusən də fövqəladə hallar qüvvələrimizin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün çox faydalı olacaq", - o əlavə edib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycan Fövqəladə Hallar Nazirliyi tərəfindən Qırğız Respublikasına təmənnasız olaraq maddi-texniki yardım göndərilib. Bakı Beynəlxalq Dəniz Ticarət Limanından bərə ilə yola salınan humanitar yardım 10 ədəd "KamAZ" markalı xüsusi təyinatlı yanğınsöndürmə avtomobillərindən ibarətdir.
Qırğız Respublikası Fövqəladə Hallar Nazirliyinin maddi-texniki bazasının möhkəmləndirilməsinə dəstək məqsədilə yola salınan texnikalar yanğınlarla effektli mübarizə üçün bütün lazımi texniki parametrlərə malikdir.
Belə ki, böyük su tutumu və 6 nəfərdən ibarət şəxsi heyətin daşınması imkanına malik yanğınsöndürmə avtomobilləri xüsusilə mürəkkəb və çətin relyefli ərazilərdə yolsuzluq şəraitində yanğınlarla mübarizədə faydalı olmaqla yanaşı, həm də etibarlılığı, istifadə və texniki xidmət baxımından rahatlığı ilə fərqlənir.