Bakı. TurkicWorld:
TDT Katibliyi, Türkiyə Universitetlər Birliyi (TÜRKÜNİB) rektorlarının Səmərqənddə "Türk Sivilizasiyasının Paytaxtı” mövzusunda xüsusi toplantısı keçirilib.
TurkicWorld-un məlumatına görə, xüsusi iclasda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistandan TÜRKÜNİB-ə üzv olan universitetlərin rektorları, yüksək vəzifəli şəxsləri və nümayəndələri iştirak ediblər.
İclasın gündəliyinə uyğun olaraq, Tərəflər TÜRKÜNİB-in fəaliyyət üsullarını, Orhun Mübadilə Proqramının mövcud imkanlarını və çağırışlarını müzakirə edib, TÜRKÜNİB-in 2023-2024-cü illər üçün fəaliyyətinə dair Yol Xəritəsini hazırlayıblar. Tərəflər, həmçinin Birliyə üzv olmaq istəyən ali məktəblərin müraciətləri ilə bağlı fikir mübadiləsi aparıblar.
Görüşdə Hoca Əhməd Yəsəvi Beynəlxalq Qazax-Türk Universiteti tərəfindən nəşr edilən 20 cildlik Türk Ədəbiyyatı Adları Ensiklopediyasının Lüğətini Qəyyumlar Şurasının sədri Dr.Muhittin Şimşəkə təqdim edib.
Bildirək ki, xüsusi görüşdən sonra tərəflər Özbəkistan tərəfinin TDT Katibliyi ilə birgə təşkil etdiyi “Efrasiyab (Alp Ər Tunqa) türk dövlətçiliyinin əsaslarını qoyan tarixi şəxsiyyət kimi” adlı elmi seminarda iştirak ediblər. Səmərqənddəki “Efrasiyab Tarix Muzeyi"ndə keçirilən seminarda türk ölkələrindən olan alimlər Alp Ər Tunqanın türk dünyasında mühüm tarixi şəxsiyyət kimi oynadığı rolla bağlı fikirlərini bölüşüblər.
Əlavə olaraq qeyd edək ki, fəxri natiq, türkiyəli alim, Nobel mükafatı laureatı Prof. Dr. Əziz Sancar videokonfrans vasitəsilə seminar iştirakçılarına müraciət edərək türk irsinin qorunması və gənc nəsillərin yetişdirilməsi ilə bağlı fikirlərini bölüşüb.







