Son dəqiqə

ÜST Qəzza zolağı humanitar yardım Beynəlxalq humanitar yardım İsrail və Qəzza münaqişəsi Qəzza humanitar böhranı Qəzzada aclıq və resurs çatışmazlığı

Qəzzada insanların yaşamaq imkanı qalmayıb - ÜST

BAKI,TurkicWorld

Qəzzada aclıq və qıtlıq həyati təhlükə həddindədir.

TurkicWorld xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Şərqi Aralıq dənizi üzrə regional direktoru Hanan Balkhy, Qəzzadakı vəziyyətin son dərəcə fəlakətli olduğunu bildirib.

Onun sözlərinə görə, İsrailin intensiv hücumları və davam edən blokada səbəbindən bölgədə aclıq və qıtlıq həyati təhlükə səviyyəsinə çatıb və artıq insanlar aclıqdan ölməyə başlayıb.

Cenevrədə keçirilən Ümumdünya Səhiyyə Assambleyasının 78-ci iclasında çıxış edən Balkhy, Qəzzadakı səhiyyə infrastrukturunun demək olar ki, tamamilə sıradan çıxdığını, gigiyenik şəraitin olmadığını və əhalinin son dərəcə çətin şəraitdə yaşadığını vurğulayıb. Onun sözlərinə görə, dərman və tibbi avadanlıq ehtiyatlarının 40 faizdən çoxu tükənib.

ÜST rəsmisi bildirib ki, hazırda Qəzza sərhədində yardım çatdırılması üçün gözləyən təxminən 51 yük maşını var. Lakin blokada səbəbindən bu yardımların bölgəyə çatdırılmasında ciddi problemlər yaşanır.

Qeyd edək ki, Balkhy bölgədə dəri xəstəlikləri, pnevmoniya və psixoloji travmaların artdığını, aclıq və humanitar böhranın isə gündən-günə dərinləşdiyini bildirib. Onun sözlərinə görə, Qəzzada həlak olanların sayının artıq 54 mini keçdiyi bildirilsə də, dağıntılar altında qalanların sayı bəlli deyil və real rəqəmlər daha yüksək ola bilər.

Mövzuya görə xəbərlər