Son dəqiqə

Azərbaycan

Azərbaycan Məkkə Konvensiyasına qoşulmağı planlaşdırır

Bakı,TurkicWorld

Azərbaycan Məkkə Konvensiyasına qoşulmağı planlaşdırır.

TurkicWorld-un müxbiri xəbər verir ki, bunu çərşənbə günü Baş prokuror Kamran Əliyev Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli görüşündə deyib.

Baş prokuror bildirib ki, Azərbaycan BMT-nin Korrupsiya əleyhinə Konvensiyasını, Transmilli Mütəşəkkil Cinayətkarlığa qarşı Konvensiyasını, eləcə də Avropa Şurasının korrupsiyaya qarşı mülki-hüquqi və cinayət-hüquqi konvensiyalarını ratifikasiya edib.

Kamran Əliyev qeyd edib ki, Azərbaycan genişmiqyaslı hüquqi və institusional islahatlar apararaq beynəlxalq antikorrupsiya standartlarına uyğun müasir hüquqi baza yaradıb. Müvafiq qanunvericiliyin səmərəli tətbiqi üçün məhkəmə və hüquq-mühafizə sistemində də islahatlar həyata keçirilib.

Baş prokuror əlavə edib ki, ölkədə korrupsiyaya qarşı cəzalandırıcı tədbirlərlə yanaşı, onun qarşısının alınmasına da xüsusi diqqət yetirilir. Onun sözlərinə görə, "ASAN xidmət" mərkəzləri dövlət xidmətlərini şəffaf şəkildə təqdim etməklə dövlət idarəçiliyində şəffaflığın təmin olunmasına əhəmiyyətli töhfə verib.

Kamran Əliyev korrupsiyaya qarşı mübarizədə beynəlxalq tərəfdaşlarla əməkdaşlığın və təcrübə mübadiləsinin əhəmiyyətini də vurğulayıb.

Mövzuya görə xəbərlər