Son dəqiqə

Azərbaycan

Azərbaycan regional prosesləri ləngidənləri gözləyən deyil - Fərid Baxşəliyev "Tofiq Abbasovla dialoq" verilişində

Bakı,TurkicWorld

Azərbaycan Cənubi Qafqazda prosesləri ləngidən tərəflərdən yan keçərək regional layihələrin irəlilədilməsi üçün şərait yaradıb.

Bu barədə təhlükəsizlik məsələləri üzrə ekspert, siyasi analitik Fərid Baxşəliyev "Baku Network"un "Tofiq Abbasovla dialoq" analitik videolayihəsinin yeni buraxılışında bildirib.

"Əgər onlar düşüncələrindəki qarışıqlıq və dağıdıcı çıxışları səbəbindən bütün tərəflər üçün faydalı olan proseslərdən kənarda qalmağa çalışırlarsa, bu, onların seçimidir. Heç kim onları gözləmək niyyətində deyil", – deyə ekspert Ermənistanın mövqeyini şərh edərkən bildirib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev status-kvonu yenidən nəzərdən keçirməyə ümid edən hər kəsə açıq şəkildə mesaj verib: məsələ bağlanıb, tarixi qərarlar qəbul olunub.

Baxşəliyev vurğulayıb ki, hazırda istər "Şimal-Cənub" dəhlizi, istər Orta Dəhliz, istərsə də "Şərq-Qərb" marşrutu olsun, region üçün prinsipial əhəmiyyət daşıyan heç bir qərar Azərbaycanın milli maraqları nəzərə alınmadan qəbul edilmir. Gecikmələrdən danışan ekspert İran tərəfinin Astara-Rəşt dəmir yolu xəttinin tikintisini uzatmasına diqqət çəkərək, bunun İranın daxili məsələsi olduğunu bildirib.

Analitik İrəvanın xarici siyasət kursuna da ətraflı toxunub.

"Əgər İrəvanda hesab edirlərsə ki, vəziyyətdən asılı olaraq Avropaya üz tutmaq və onun maraqlarını irəli aparmaqla yanaşı Rusiyaya arxa çevirmək mümkündür, bu, onların özlərinin nizamlamalı olduqları təhlükəli disbalansdır", – deyə o qeyd edib.

Ekspert Avropa İttifaqının müşahidəçilərinin Ermənistan sərhədindəki mövcudluğunu da tənqidi qiymətləndirib.

"Dövlət öz ərazisində xarici hərbi kontingentlərin və missiyaların, sərhəddə durbinlə müşahidə aparan Aİ müşahidəçilərinin yerləşdirilməsinə icazə verirsə, bu, milli maraqların ikinci plana keçirildiyini açıq şəkildə göstərir", – deyə Baxşəliyev bildirib.

Onun fikrincə, sülh sazişinin imzalanmasının uzadılması yalnız Ermənistanın özünə zərər vurur. Bununla yanaşı, Azərbaycan Mərkəzi Asiya ölkələri ilə uğurla əməkdaşlıq edir, bütün güc mərkəzləri ilə dialoq aparır və bloklara qoşulmamaq prinsipinə sadiq qalır.

"Qonşular artıq anlamalıdırlar ki, təhlükəsizlik və iqtisadi inkişaf qrantlar və xarici asılılıq üzərində qurulmur. Əbədi yardım diləyənlərə heç kim heç vaxt ciddi yanaşmayacaq", – deyə analitik bildirib.

Müsahibənin ikinci hissəsində informasiya təhlükəsizliyi məsələləri müzakirə olunub. Baxşəliyevin fikrincə, məqsədli şəkildə yaradılan informasiya dalğalarına yalnız faktları təkrar yoxlamağa tənbəllik etməyən, hazırlıqlı mütəxəssislər qarşı dura bilərlər.

"İstənilən informasiya təxribatının müəyyən məqsədi var. Motivi üzə çıxarmaq lazımdır: bu, kimə sərf edir və nə üçün edilib?" – deyə ekspert vurğulayıb.

Verilişin tam videoyazısını oxucuların diqqətinə çatdırırıq:

Mövzuya görə xəbərlər