Bakı,TurkicWorld
Azərbaycan və Böyük Britaniya arasında iqtisadi əməkdaşlığın genişləndirilməsini müzakirə edib
Bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" hesabında paylaşım edib.
"Böyük Britaniyaya işgüzar səfərimiz çərçivəsində Baş nazirin biznes və investisiyalar üzrə xüsusi müşaviri Varun Çandra ilə görüşdük. Azərbaycan – Birləşmiş Krallıq iqtisadi əlaqələrinin strateji tərəfdaşlıq istiqamətində inkişafı, qarşılıqlı investisiyaların təşviqi və qeyri-neft-qaz sektorunda əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə etdik.
Sənaye, enerji, ticarət, maliyyə xidmətləri və investisiya sahələrində birgə təşəbbüslərin perspektivləri, Britaniya şirkətlərinin və institusional investorların Azərbaycandakı layihələrə cəlb olunması imkanları barədə fikir mübadiləsi apardıq. Ölkələrimizin işgüzar dairələri arasında birbaşa əlaqələrin gücləndirilməsinin, yeni investisiya layihələrinin həyata keçirilməsində Britaniyanın təcrübə, texnologiya və maliyyə imkanlarından istifadənin əhəmiyyətini vurğuladıq", - paylaşımda qeyd edilib.







