Son dəqiqə

Prezident İlham Əliyev

Prezident İlham Əliyev: Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir

Bakı,TurkicWorld

Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir. Qanunvericiliyin təkmilləşdirilməsi, dövlət idarəçiliyində şəffaflığın və hesabatlılığın artırılması, dövlət xidmətlərinin rəqəmsallaşdırılması və əlçatanlığının təmin edilməsi, ictimai nəzarətin gücləndirilməsi korrupsiyanın qarşısının alınmasında mühüm rol oynayır.

Bu barədə Prezident İlham Əliyevin İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin Bakıda keçirilən üçüncü yüksək səviyyəli iclasının iştirakçılarına müraciətində deyilir.

Dövlətimizin başçısı qeyd edib ki, torpaqlarımızın 30 ilə yaxın işğalı dövründə təbii sərvətlərimizin, o cümlədən faydalı qazıntı yataqlarımızın xarici subyektlərin iştirakı ilə qanunsuz istismarı regionun ekologiyasına ağır ziyan vurub. Bu cinayətlər nəticəsində əldə edilmiş külli miqdarda gəlir beynəlxalq maliyyə kanalları vasitəsilə leqallaşdırılıb.

Müraciətdə, həmçinin qeyd edilib: "Rəqəmsal inkişaf, xüsusilə də süni intellektin sürətli yayılması korrupsiya ilə mübarizə imkanlarını genişləndirməklə yanaşı, korrupsiyanın yeni təzahürlərinin meydana gəlməsinə, rəqəmsal maliyyə alətlərindən sui-istifadəyə şərait yaradır. Müvafiq hüquq mühafizə orqanlarının müasir texnoloji həllərin potensialından səmərəli yararlanması bu cür cinayətlərin qarşısının alınmasında və effektiv araşdırılmasında xüsusi əhəmiyyət kəsb edir.

Əminəm ki, Bakıda aparılacaq müzakirələr və irəli sürüləcək təkliflər İƏT üzv dövlətləri arasında korrupsiyaya qarşı mübarizədə əməkdaşlığın daha da güclənməsinə, etimadın möhkəmlənməsinə və ölkələrimizin dayanıqlı inkişafına xidmət edəcəkdir".

Qeyd edək ki, Bakıda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksəksəviyyəli görüşü keçirilir.

Bakı Konqres Mərkəzində təşkil olunan tədbir oktyabrın 27–28-ni əhatə edir.

Tədbirdə İƏT-ə üzv 57 dövlətdən 48-nin nümayəndələri də daxil olmaqla, 250-dən çox şəxsin iştirakı gözlənilir. Onların arasında 30 dövlət qurumunun rəhbəri, səfirlər, beş beynəlxalq və regional təşkilatın rəhbər və yüksəkvəzifəli nümayəndələri, həmçinin üç müşahidəçi dövlətin təmsilçiləri var.

Görüşün ikinci günü xarici nümayəndələr və baş prokurorlarla müsahibələrin, daha sonra isə tədbirin bağlanış mərasiminin keçirilməsi nəzərdə tutulub.

Mövzuya görə xəbərlər