İsmayıl Qaspıralı Azərbaycan–Türkiyə münasibətləri Azərbaycan ədəbiyyatı Dildə fikirdə işdə birlik Türkiyə ədəbiyyatı

“Dildə, fikirdə, işdə birlik”: Azərbaycan–Türkiyə ortaq mütaliə proqramının açılış paneli Bakıda keçirilib

BAKI,TurkicWorld

İsmayıl Qaspıralının məşhur “Dildə, fikirdə, işdə birlik” düsturundan ilhamlanaraq hazırlanan Azərbaycan–Türkiyə ortaq mütaliə proqramının açılış paneli oktyabrın 5-də Bakıda keçirilib. Azərbaycan və Türkiyə gənclərini ortaq ədəbi irs ətrafında bir araya gətirən layihənin əsas məqsədi Türk dünyası ədəbiyyatının qarşılıqlı oxunmasını, öyrənilməsini və daha yaxından tanıdılmasını təşviq etməkdir.

TurkicWorld xəbər verir ki, layihəyə 2025-ci ilin oktyabrında Azərbaycanın Türkiyədəki səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə başlanılıb. Proqram çərçivəsində hər iki ölkədən şagird və tələbələr Azərbaycan və Türkiyə ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərini oxuyaraq onlar haqqında araşdırma və təqdimatlar hazırlayıblar.

Azərbaycan Beynəlxalq Maarif Məktəblərinin Gənclik Kampusunda keçirilən “Azərbaycan ədəbiyyatı paneli” diplomatiya, ədəbiyyat və elm ictimaiyyətinin nümayəndələrini, eləcə də layihədə iştirak edən gəncləri bir araya gətirib.

Layihə çərçivəsində Türkiyədən 90 məktəbli və 27 universitet tələbəsi Cəlil Məmmədquluzadə, Bəxtiyar Vahabzadə, Anar Rzayev və Elçin Əfəndiyev kimi Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərini mütaliə edib. Gənclər oxuduqları əsərlərdən əldə etdikləri nəticələri yazılı mətnlər şəklində hazırlayıblar.

Eyni zamanda Azərbaycanda fəaliyyət göstərən dörd mütaliə qrupunun ümumilikdə 37 üzvü Yunus Əmrə, Mövlana Cəlaləddin Rumi, Mehmet Akif Ersoy, Ahmet Hamdi Tanpınar və Mustafa Kutlu kimi Türkiyə ədəbiyyatının tanınmış nümayəndələrinin yaradıcılığı ilə yaxından tanış olub.

Tədbirin açılış nitqini Maarif Məktəblərinin Azərbaycan nümayəndəsi Tabip Gülbay söyləyib. Daha sonra Maarif Məktəblərinin şagird xorunun müəllimlərin müşayiəti ilə ifa etdiyi Azərbaycan xalq mahnıları təqdim olunub.

Gənclərin ədəbi məruzə və təqdimatlarla çıxış etdikləri əsas panelin aparıcısı Xəzər Universitetinin magistrantı Gülçöhrə Abasova olub. Paneldə layihəyə Türkiyənin müxtəlif şəhərlərindən qoşulan gənclər – Ankaradan Masal Özhekim və Fatih Emre Oğur, Kayseridən Sevde Orhan, Əskişəhərdən isə Tülay Balıtatlı çıxış ediblər.

Panel təqdimatlarından sonra rəsmi çıxışlar keçirilib. Anadolu Məktəbi Himayəçilər Şurasının üzvü Məhəmməd Hakan Tanrıöver, Türkiyənin Azərbaycandakı səfiri professor Birol Akgün, Milli Məclisin deputatı Günay Əfəndiyeva, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Səlim Babullaoğlu, Xalq şairi Sabir Rüstəmxanlı və Azərbaycan Mədəniyyət Mərkəzinin nümayəndəsi doktor Şəhla İbişova iştirakçılar qarşısında çıxış ediblər.

Çıxışlarda layihənin Azərbaycan və Türkiyə arasında mədəni və ədəbi əlaqələrin möhkəmləndirilməsi, gənc nəslin hər iki ölkənin ədəbi irsini daha dərindən tanıması və ortaq mədəni yaddaşın gələcək nəsillərə ötürülməsi baxımından əhəmiyyəti vurğulanıb.

Proqramın yekun qiymətləndirməsini “Türk Edebiyatı” jurnalının baş redaktoru, yazıçı və tərcüməçi İmdat Avşar edib. Tədbir çıxışçılara və layihədə iştirak edən gənclərə hədiyyə və sənədlərin təqdim olunması, daha sonra xatirə şəklinin çəkilməsi ilə başa çatıb.

Mövzuya görə xəbərlər