BAKI,TurkicWorld,Yusif Şərifzadə
Sentyabrın 8-də İçərişəhərdə yerləşən “Ədibin Evi”ndə “Azərbaycan mədəniyyətinin qlobal səfirləri” adlı kursun açılış mərasimi keçirilib.
TurkicWorld xəbər verir ki, kurslarda dörd qitənin səkkiz ölkəsini təmsil edən diplomatik korpus nümayəndələri iştirak edir.
Mədəniyyət nazirinin müavini Fərid Cəfərov çıxışında layihənin məqsədləri barədə məlumat verib. O bildirib ki, kurslar “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasının prioritet istiqamətlərindən biri olan mədəniyyət diplomatiyasının inkişafına töhfə verəcək və milli mədəniyyətin fundamental dəyərlərinin öyrənilməsinə xidmət edəcək.
Fərid Cəfərov vurğulayıb ki, xarici diplomatların Azərbaycan mədəniyyəti haqqında məlumatlılığının artırılması ölkələr arasında münasibətlərə də müsbət təsir göstərə bilər.
“Ədibin Evi” Ədəbiyyata Dəstək Fondunun icraçı direktoru Şəfəq Mehrəliyeva son beş ildə Fondun fəaliyyətində ədəbiyyatla yanaşı, mədəniyyətin digər istiqamətlərinin təbliği və tədqiqinə də yer verildiyini bildirib.
O qeyd edib ki, Azərbaycanda akkreditə olunmuş xarici diplomatik korpus üzvlərinin ölkənin mədəni irsi ilə daha dərindən tanış olması ikitərəfli əməkdaşlığın, qarşılıqlı hörmətin, məlumatlı beynəlxalq dialoqun və uzunmüddətli tərəfdaşlığın gücləndirilməsinə xidmət edəcək.
“Azərbaycan mədəniyyətinin qlobal səfirləri” proqramının rəhbəri, sənətşünas Nigar Axundova bildirib ki, kurs çərçivəsində diplomatlar Azərbaycan musiqisi, ədəbiyyatı, təsviri sənəti, teatrı və kinosunu ayrıca modullar üzrə öyrənəcəklər.
O əlavə edib ki, Azərbaycanın mədəni zənginlikləri mühazirələr, interaktiv sessiyalar, tətbiqi məşğələlər və müxtəlif mədəniyyət ocaqlarına təşkil olunacaq səfərlər vasitəsilə təqdim ediləcək.
“Ədibin Evi”nin həmtəsisçisi, professor Ədibə Paşayeva layihənin işinə uğurlar arzulayıb.
Açılış mərasimi gənc ifaçılar Lalə Bədəlbəyli və Müşfiq Quliyevin təqdim etdiyi musiqi proqramı ilə davam edib.
Daha sonra layihənin “Azərbaycan ədəbiyyatı” modulu üzrə ilk dərs keçirilib. Filologiya elmləri doktoru, professor Rahilə Qeybullayevanın apardığı dərs diplomatlar tərəfindən maraqla qarşılanıb.



