Son dəqiqə

Azərbaycan Ermənistan ADY

Azərbaycan–Ermənistan sərhədindən Ordubada qədər dəmir yolu tikintisi davam edir

BAKI,TurkicWorld

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Naxçıvanda dəmir yolu infrastrukturunun yenidən qurulması çərçivəsində Azərbaycan–Ermənistan sərhədindən Ordubad istiqamətində ilk 7 kilometrlik hissədə tikinti işlərini davam etdirir.

Bu barədə ADY məlumat yayıb.

2025-ci ilin sonlarından başlayan layihələndirmə və tikinti işlərinin ilk mərhələsi Salamməlik, Ordubad, Aza və Culfa sahələrini əhatə edir. Hazırda marşrutun sərhəddən Ordubada qədər olan hissəsində torpaq işləri və dəmir yolu xəttinin yenilənməsi üzrə işlər davam etdirilir.

Yenidən qurulan dəmir yolu xəttinin ox üzrə uzunluğu 194 kilometr, yan yollarla birlikdə ümumi uzunluğu isə 264 kilometr təşkil edir. Layihə çərçivəsində 814 mühəndis qurğusunun, o cümlədən 10 stansiyanın, 3 platformanın, 29 körpünün, 11 yolötürücünün və müxtəlif keçidlərin tikintisi və bərpası nəzərdə tutulur.

Bundan əlavə, marşrut boyunca yerləşən 12 qoruyucu qalereya əsaslı şəkildə yenidən qurulur. Yolötürücülər, beton kanallar və digər mühəndis qurğuları üzrə işlər də davam etdirilir.

Hazırda 6 kilometrlik hissədə torpaq işləri tamamlanıb. Salamməlik stansiyasından başlayan 700 metrlik ərazidə isə yeni rels-şpal çərçivələrinin quraşdırılmasına başlanılıb.

Layihənin tamamlanmasından sonra Naxçıvan dəmir yolunun illik yükdaşıma qabiliyyətinin 15 milyon tona çatdırılması planlaşdırılır.

Naxçıvanda yenidən qurulan dəmir yolu şəbəkəsi Ordubad istiqamətindən, Horadiz–Ağbənd dəmir yolu xətti isə Azərbaycanın əsas hissəsindən Zəngəzur dəhlizinə birləşəcək. Bununla Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa dəmir yolu əlaqəsinin yaradılması, eyni zamanda Türkiyə ilə birbaşa nəqliyyat bağlantısının formalaşdırılması nəzərdə tutulur.

2025-ci il avqustun 8-də Vaşinqtonda əldə olunan razılaşmalar çərçivəsində "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu"nun (TRIPP) yaradılması və Zəngəzur dəhlizi boyunca dəmir yolu bağlantısının bərpası nəzərdə tutulur.

Hazırda dəhlizin digər istiqamətlərində də işlər davam edir. Ələt–Osmanlı istiqamətində layihənin 60 faizi, Horadiz–Ağbənd xəttində isə 73 faizi tamamlanıb.

Yeni nəqliyyat bağlantısının Orta Dəhlizin imkanlarını genişləndirəcəyi, Avropa və Asiya arasında yükdaşımaların inkişafına, Türkiyə və Avropa bazarlarına çıxış imkanlarının artırılmasına töhfə verəcəyi gözlənilir.

Eyni zamanda, Zəngəzur dəhlizi Şimal–Cənub nəqliyyat marşrutu ilə inteqrasiya baxımından da Azərbaycanın tranzit potensialının gücləndirilməsi üçün strateji əhəmiyyət daşıyır.

Mövzuya görə xəbərlər