BAKI,TurkicWorld
Paytaxtda gənclərin qlobal problemlərin həllində roluna həsr olunmuş beynəlxalq tədbir təşkil olunacaq.
TurkicWorld xəbər verir ki, 30 aprel – 1 may tarixlərində Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Post-kolonial dövrdə gənclərin rolunun gücləndirilməsi” mövzusunda beynəlxalq Gənclər Forumu keçiriləcək.
Məlumata görə, forumda 17 ölkədən gənc diplomatlar, tədqiqatçılar, beynəlxalq hüquq üzrə mütəxəssislər, səhiyyə sahəsinin nümayəndələri, siyasi təşkilatların üzvləri və tələbələr iştirak edəcəklər. Tədbir çərçivəsində iştirakçılar təcrübə mübadiləsi aparacaq, həmçinin beynəlxalq əməkdaşlıq mexanizmlərinin gücləndirilməsi istiqamətində müzakirələr aparılacaq.
Forumda kolonializm və neokolonializmin müasir təsirləri, öz müqəddəratını təyinetmə hüququ, müstəmləkə ərazilərində yaşayan gənclərin problemləri, eləcə də məcburi miqrasiya, sosial bərabərsizlik və təhsil imkanlarının məhdudluğu kimi məsələlər diqqət mərkəzində olacaq.
Bildirilib ki, tədbir çərçivəsində gənclər arasında beynəlxalq həmrəylik şəbəkəsinin yaradılması, ortaq məqsədlər ətrafında əməkdaşlığın genişləndirilməsi və effektiv platformaların formalaşdırılması istiqamətində fikir mübadiləsi aparılacaq.
Qeyd olunub ki, forum iştirakçıları Azərbaycanın bir sıra qurumlarına, o cümlədən Milli Məclis, ADA Universiteti, ASAN Xidmət və DOST mərkəzlərinə tanışlıq səfərləri edəcəklər.
Tədbirin əsas sessiyası 1 may 2026-cı il tarixində Bakı şəhərində yerləşən Hilton Hotel Bakıda keçiriləcək.







