Müsəlman dövlətlərinin Azərbaycanla həmrəylik nümayiş etdirməsi lazımdır - ilahiyatçı alim

Müsəlman dövlətlərinin Azərbaycanla həmrəylik nümayiş etdirməsi lazımdır - ilahiyatçı alim

Bakı. TurkicWorld:

Müsəlman dövlətlərinin Azərbaycanla həmrəylik nümayiş etdirməsi lazımdır, amma təəssüf olsun ki , biz heç də həmişə bunun şahidi olmuruq. Bunu TurkicWorld-a açıqlamasında tanınmış ilahiyatçı-alim Elvüsal Məmmədov deyib.
O qeyd edib ki, son vaxtlarda cənub qonşumuz İranın Ermənistana yaxınlaşma siyasəti, Ermənistan üzərindən Azərbaycana mesajlar verməsi, üstəlik, Araz çayı sahillərində ölkəmizin suverenliyini təhdid edəcək formada hərbi təlimlər keçirməsi, tarixi Azərbaycan torpağı Qafanda konsulluq açması, Ermənistanın təhlükəsizliyini öz təhlükəsizliyi kimi qəbul etməsi, əlbəttə ki, narahatlıq doğurur.
“Təəssüf olsun ki, İranın bu mövqeyi müsəlman ölkə olan Azərbaycanın xeyrinə deyildir. Halbuki biz İrandan ümmətçilik şüurunun zəruri etdiyi birgəlik, dəstək, qucaqlama mövqeyi nümayiş etdirməsini gözləyirik. Təəssüf doğuran haldır ki, torpaqlarımız erməni tapdağı altında ikən həmin sərhəd ərazilərdə İran hərbi təlimlər keçirməmiş, belə təlimlərin keçirilməsini 2020-ci il zəfərindən sonra intensivləşdirmişdir”- deyə o bildirib.
İrandakı ayrı-ayrı siyasi fiqur və dairələrin vaxtaşırı olaraq Azərbaycanı hədəf alan çıxışlarının təəssüf doğurduğunu bildirən E. Məmmədov onu da qeyd edib ki, davamlı şəkildə Azərbaycana dəstək verən müsəlman ölkələri vardır.
“Qardaş Pakistan, Səudiyyə Ərəbistanı – bu dövlətlərin Azərbaycana qarşı mövqeyi islamın ümmətçilik dəyərinə uyğundur. Əlbəttə ki, müsəlman xalq, ölkə olaraq biz İrandan da qardaşcasına, ümmətcəsinə mövqe nümayiş etdirməsini gözləyirik”-deyə ilahiyatçı-alım bildirib.
E. Məmmədov onu da bildirib ki, təhdidedici mesajlar ölkəsinin gələcəyini düşünən, ölkəsini hədəf alan addım və hərəkətlərdən narahat olan hər bir azərbaycanlıda qıcıq yaradır və bu kimi bəyanatlara heçbir halda nə haqq qazandırmaq, nə də onları ümmətçilik və qardaşlıq baxımından əsaslandırmaq mümkündür.