Qurani-Kərim: müqəddəs istinad-mənbə, yoxsa “adi” ilahi kitab?

Qurani-Kərim: müqəddəs istinad-mənbə, yoxsa “adi” ilahi kitab?

BAKI. TurkicWorld:

XX əsrin tarix səhnəsinə qədəm basması ilə Qurani-Kərimə münasibətdə qeyri-ənənəvi nöqteyi-nəzərlər meydana çıxmışdır. Belə nöqteyi-nəzərlərdən biri Quranın müqəddəs kitab olmamağı ilə əlaqəlidir, bunu TurkicWorld-a açıqlamasında tanınmış ilahiyatçı-alim Elvüsal Məmmədov deyi.

Əsasən modernist təfəkkürün səsləndirdiyi bu iddia belə əsaslandırılır ki, Quranı müqəddəs hesab etmək ondakı dərin məzmunun başa düşülməsinə mane olur. Bununla belə, “müqəddəs” sözü Quran mətnində bu ilahi kitaba münasibətdə işlədilmədiyi üçün məlum müddəaya tərəf çıxanlar da vardır.

Yuxarıdakı iddia özü ilə başqa bir iddianı gətirmişdir: Quranı başa düşmək üçün mütəxəssis rəyinə (təfsirlərə), hədislərə ehtiyac yoxdur, ayələri ayələrlə təfsir etmək ən düzgün seçimdir və bizi obyektiv biliklə təmin edəcəkdir!

Qeyd edək ki, bugün Müsəlman dünyasında qurançıların (dini hökmlərin yeganə mənbəyi kimi Quranı seçən, ayələri təfsirdə təfsir ənənəsi və hədislərdən imtina edən nöqteyi-nəzərin davamçıları) etdiyini əsrlər əvvəl Avropada protestantlar etmişdilər. Qərb protestantlığının şərqli variantı qurançılıqdır. Quran mətninin başa düşmədə vasitəni – təfsirləri, hədisləri inkar edən qurançılıqla Müqəddəs Kitabı – Bibliyanı izahda Kilsə şərhlərini rədd edən, təkcə İncillə kifayətlənən protestantlıq eyni şeydir...

Şərqli qurançıların ideya müəllifləri qərbli protestantlardır...

Əlbəttə ki, Kilsə şərhləri ilə təfsiri, yaxud hədisləri eyni hesab etmək düzgün olmazdı. Çünki Kilsənin şərhləri müqəddəs hesab edilirdi, dəyişdirilə bilməzdi. Bu baxımdan protestantlığın mövqeyini haqlı hesab etmək mümkündür. Amma Müsəlman dünyasında heç kəs təfsirləri, şərhləri “tabu” qəbul etməmişdir; üstəlik, heç bir şərhə açıq olmayan, məntiqi əsası göstərilməyən Kilsə şərhlərindən fərqli olaraq, İslam aləmində təfsirşünaslıq rasional və sistemli qaydalara əsaslanan sahə kimi inkişaf etmişdir; bu və ya digər təfsir aliminin rəyi tənqidə, müzakirəyə açıq olmuşdur. Eləcə də hansı isə təfsirşünasın görüşü Müsəlman dünyasında avtoritet rəy olaraq tərəflərə qəbul etdirilməmişdir. Bu, ən azından, ona görədir ki, Müsəlman dünyasında məscidlər Xristian Avropasında olduğu kimi hakimiyyət institutuna sahib deyildi. Məscid Kilsə deyildi, qanunverici və icraedici hakimiyyəti olan quruma çevrilməmiş, ibadət, elm, bilik və təlim ocağı olaraq qalmışdı. Əmr edən, qadağa qoyan, haram edib halala çevirən Kilsə şərhlərinin əksinə olaraq, təfsir mətnlərində halal haramla əvəzlənmir, əmr, yaxud qadağalar səsləndirilmirdi.

Kilsə şərhləri Müqəddəs Kitabı izah etməkdən daha çox subyektiv Kilsə rəyini hər kəsə qəbul etdirmək məqsədi daşıyırdı. Müqəddəs Kitab kimi bu şərhlərə də qarşı çıxanları Qalileyin, Brunonun taleyi gözləyirdi.

Müsəlman təfsirşünaslığının isə belə bir niyyəti əsla olmamışdır...

Hədislərə gəlincə, Sünnə institutundan, yaxud səhih hədislərdən bütünlükdə imtina etmək Quranı, deməli, islamı fərqli-fərqli izahlara açıq nəzəriyyə, fəlsəfə halına gətirə bilər.

Bu gün Sünnə institutuna qarşı çıxanlar, görəsən, vəhyin yazılı və əyani formalarını: kitab və peyğəmbər anlayışlarını necə izah edirlər?

Qurançılar üçün peyğəmbər sadəcə “daşıyıcı”dırmı? Onlar “Sənə də Qur’anı nazil etdik ki, insanlara onlara göndəriləni izah edəsən... (ən-Nəhl, 44)” ayəsinə əməl edən Peyğəmbərin öz müasirlərinə verdiyi izahları hansı başlıq altında təsnif edirlər?

Mənbəyi eyni olduğu üçün həm Quran, həm də peyğəmbərlik qanunvericilikdə eyni qüvvəyə sahibdir. Çünki Quran ilahi kəlam olduğu kimi Peyğəmbər də qanun qoyub hökm çıxararkən ilahi mənbəyə istinad edir. Bu baxımdan Sünnə adı gəldikdə narahat olmağa dəyməz, çünki Sünnə Peyğəmbərin timsalında təcəssüm edən İlahi İradədir.

O ki qaldı Quranın müqəddəs olmağı məsələsinə, bəli, Quran müqəddəs kitabdır. Çünki müqəddəslik şanın uca tutulması, ilahi dərgahda ehtirama sahib olmağı ifadə edir. Müqəddəslik teoloji forma və məzmunla əlaqəli məsələdir; nə ilahidirsə, ilahi mənşəlidirsə, aşkar ilahiliyi ilə seçilirsə, müqəddəsdir. Allah müqəddəsdir, ilahi kəlam müqəddəsdir, çünki Allahın mahiyyəti ilə əlaqəlidir...