BAKI,TurkicWorld
Aprelin 7-dən etibarən Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Rəqəmsal Maliyyə Mərkəzi tərəfindən büdcə təşkilatlarının nümayəndələri üçün “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin “e-müqavilə” altsistemi üzrə təlimlərə başlanılıb.
TurkicWorld xəbər verir ki, büdcə təşkilatlarının dövlət satınalmaları prosesində, o cümlədən müqavilələrin tərtibində iştirak edən əməkdaşlarının iştirakı ilə keçirilən təlimlərin məqsədi “e-müqavilə” sisteminin tətbiqi və istifadə qaydalarının izah edilməsi, mal, iş və xidmətlərin satın alınması üzrə müqavilələrin elektron qaydada bağlanılması və göndərilməsi prosesinə dair iştirakçıların məlumatlandırılmasıdır.
Təlim zamanı Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 26 yanvar tarixli 590 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi haqqında Əsasnaməyə uyğun olaraq yaradılan “e-müqavilə” altsistemi barədə geniş məlumat verilib.
Qeyd olunub ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliklərə əsasən, “e-müqavilə” altsistemi qalib təchizatçılar ilə bağlanan müqavilələrin hazırlanması, elektron imzalanması və idarə olunması proseslərinin vahid informasiya sistemində elektron mühitdə həyata keçirilməsini təmin edəcək. Sistem vasitəsilə satınalma prosesi üzrə iş axını tam rəqəmsallaşdırılır, eyni zamanda dövlət maliyyəsinin idarəolunması, büdcə planlaşdırılması və xəzinə əməliyyatları üzrə proseslərin operativliyi, şəffaflığı və nəzarət mexanizmləri gücləndirilir.
Daha sonra interaktiv müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb, onlara sistemin praktik istifadəsi ilə bağlı tövsiyələr verilib.
Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 25 avqust tarixli 489 nömrəli Fərmanı ilə Maliyyə Nazirliyinə dövlət vəsaiti hesabına mal, iş və xidmətlərin satın alınmasının elektron müqavilələr əsasında həyata keçirilməsini təmin etmək və bu müqavilələrin elektron qaydada bağlanılmasını təşkil etmək tapşırılıb.







