Son dəqiqə

Azərbaycan Özbəkistan Azərkosmos Daşkənd Dunay Bədirxanov

Azərkosmos Kosmik Texnologiyalar Konfransında regional əməkdaşlığını gücləndirir

BAKI,TurkicWorld

Azərkosmos 31 mart - 1 aprel tarixlərində Özbəkistanın Daşkənd şəhərində keçirilən Kosmik Texnologiyalar Konfransında iştirak edib.

TurkicWorld xəbər verir ki, bu barədə Azərkosmosdan məlumat verilib.

Konfrans çərçivəsində Azərkosmosun İdarə Heyətinin sədri vəzifəsini icra edən Dunay Bədirxanov plenar sessiyada çıxış edib.

Çıxışında 2026-cı ilin Azərkosmos üçün xüsusi bir il olduğunu və qurumun fəaliyyətinin 15 illik yubileyini qeyd etdiyini bildirib. O, həmçinin kosmik texnologiyaların, davamlı inkişaf, iqtisadi artım və beynəlxalq əməkdaşlığın əsas alətlərindən birinə çevrildiyini vurğulayıb.

Dunay Bədirxanov qeyd edib ki, Azərbaycan son illərdə beynəlxalq tərəfdaşlarla həyata keçirdiyi layihələr və təşəbbüslər sayəsində kosmik sahədə mövqeyini gücləndirib.

İnnovasiya istiqamətində ölkədə məktəblilər tərəfindən hazırlanmış ilk peykin orbitə buraxılması xüsusi qeyd olunub. Bununla yanaşı, kənd təsərrüfatı və geoinformasiya sahələrində tətbiq olunan “FarmerApp” və “Platerra” kimi rəqəmsal həllər, eləcə də “Azconnexus” telekommunikasiya xidməti regionda rəqəmsal transformasiyaya töhfə verir.

Davamlılıq sahəsində isə Azərkosmosun ətraf mühitin monitorinqi və iqlim dəyişiklikləri ilə mübarizədə peyk texnologiyalarından istifadə etdiyi vurğulanıb. Xəzər dənizində su səviyyəsinin izlənməsi layihəsi bu istiqamətdə nümunə kimi təqdim olunub.

Konfrans çərçivəsində Azərkosmos Azərbaycanın kosmik sənayesinə dair brifinq (Country Space Briefing) təşkil edib. Tədbirdə Azərkosmosun bu günədək həyata keçirdiyi fəaliyyətlər, əldə etdiyi əsas nailiyyətlər və gələcək planlar iştirakçılara təqdim edilib.

Əlavə olaraq, agentlik Türk Dövlətləri Təşkilatının Kosmik Agentliklərinin rəhbərlərinin 5-ci illik toplantısında da təmsil olunub. Görüşdə çıxış edən Dunay Bədirxanov, Türk dövlətləri arasında kosmik sahədə əməkdaşlığın son illərdə əhəmiyyətli dərəcədə inkişaf etdiyini vurğulayıb. Birgə CubeSat layihəsi, peyk məlumatlarının paylaşımı, kənd təsərrüfatı və fövqəladə halların idarə olunması sahələrində həyata keçirilən layihələr regional əməkdaşlığın mühüm istiqamətləri kimi təqdim olunub.

Daha sonra, Azərkosmosun Mərkəzi Asiya ölkələrində həyata keçirdiyi Coğrafi İnformasiya Sistemləri (CİS) layihələri, o cümlədən Qırğızıstanda əkin sahələrinin xəritələnməsi təşəbbüsü və telekommunikasiya sahəsində regional tərəfdaşlıqlar diqqətə çatdırılıb. Gələcək əməkdaşlıq üçün əsas prioritetlər kimi insan kapitalının inkişafı, təcrübə mübadiləsi və birgə kosmik standartların formalaşdırılması qeyd olunub.

Mövzuya görə xəbərlər