Son dəqiqə

Azərbaycan Naxçıvan Bakı IELTS Azərbaycan Elm və Təhsil Nazirliyi Dövlət İmtahan Mərkəzi (DİM) Azərbaycan abituriyentləri Kamran Əsədov Məleykə Abbaszadə TOEFL

“Təhsil ekspertləri” mifi: Biznes, ictimai nüfuz oyunu və real vəziyyət – Məleykə Abbazsadə gündəmlə bağlı açıqlamalar verib

BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov

Son günlər ciddi müzakirələrə səbəb olan bir məsələ gündəmdədir: Buraxılış imtahanlarında texniki vasitələrlə imtahan prosesinə müdaxilə cəhdləri və bunun fonunda özünü “təhsil eksperti” kimi təqdim edən şəxsin məsuliyyətə cəlb olunması. Məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə TurkicWorld-a geniş müsahibə verib. Müsahibədə baş verənlərin səbəbləri, sistemin təhlükəsizliyi və ictimai münasibətin formalaşmasında rol oynayan amillərə toxunmağa çalışdıq.

Məleykə Abbaszadə bildirib ki, Dövlət İmtahan Mərkəzinin adının kriminal xronikada səslənməsi arzuolunmaz haldır:

"Təəssüf ki, bizdən asılı olmayan səbəblərdən belə bir hal baş verdi. Mən hər dəfə çıxışlarımda qeyd etmişəm ki, sistem intellektual səviyyədə özü-özünü qoruyur. Qurulan sistem və texnoloji dövrə hər mərhələdə özünü yoxlayır.

Dövlət İmtahan Mərkəzi həmişə təhlükəsizliyi qoruyub və əsas məqsədimiz imtahanların ədalətli təşkili, hamının eyni şəraitdə, eyni vəziyyətdə, eyni suallara cavab verə bilməsidir. Yəni heç kimin süni üstünlüyü olmamalıdır. Bu, eyni zamanda bir mədəniyyət məsələsidir.

Məsələn, dərsdə kimsə kimdənsə köçürəndə, valideynlər və müəllimlər bəzən buna barmaqarası yanaşır. Təəssüf ki, biz hələ gənclərdə bu mədəniyyəti formalaşdıra bilməmişik. Əgər sən kiməsə köçürmək imkanı yaradırsansa, əslində ona yaxşılıq etmirsən. Bu, saxtakarlıqdır. Eyni zamanda, bəzi insanlarda illüziya yaranır ki, bu yollarla uğur qazanmaq olar".

DİM sədri qeyd edib ki, uşaqlarda imtahan mədəniyyəti formalaşdıra bilmək vacib məsələdir:

"Bu cür hallar baş verəndə düşünürəm: Necə etmək olar ki, gənclərdə düzgün yanaşma formalaşsın, bəzi hərəkətlərinin düz olmadığını dərk etsinlər? Çox zaman valideynlər özləri bu davranışı təşviq edirlər. Məsələn, imtahan binasının qarşısında uşaqlara “mehriban olun, bir-birinizə kömək edin” deyirlər. Bu, adi hal kimi qəbul edilir. Amma sonra kimsə bir bal çatmadığı üçün qəbul olmayanda hamı bu vəziyyəti ədalətsizlik adlandırır. Bəs bu ədalətsizliyi kim formalaşdırır? Kim başlayır?

İkinci məsələ təhsillə bağlı məlumatların mediada işıqlandırılma formatıdır. Biz kütləvi prosesləri idarə edirik – yüz minlərlə insan imtahanlarda iştirak edir. Onların valideynləri, ən yaxın qohumları da nəzərə alınarsa, təsəvvür edin nə qədər insan bu məlumatlara həssas yanaşır.

Hər hansı hadisə baş verdikdə, biz real və şəffaf müzakirələrə açığıq. Bizə edilən heç bir müraciət diqqətdən kənarda qalmır. Onlara vaxtında cavab veririk. Təəssüf ki, bəzən bir problem yaşandıqda insanlar birbaşa bizə müraciət etmək əvəzinə, mediada və sosial şəbəkələrdə özlərini “təhsil eksperti” kimi təqdim edən şəxslərə üz tuturlar".

Özünü təhsil eksperti adlandıranların çoxu təhsil sahəsində ödənişli xidmət göstərən biznesmenlərdir

Məleykə Abbazsadə "təhsil eksperti" anlayışının mahiyyətini də izah edib:

"Təhsil ekspertləri, ümumiyyətlə, kimlərdir? Ekspert bu sahədə konkret fəaliyyət göstərən şəxslərdir. Əgər söhbət təhsildən gedirsə, bu şəxs ya dərs deməli, ya təhsilin idarəetmə orqanlarında çalışmalı, ya da bu sahədə elmi araşdırmalarla məşğul olmalı, məqalələri olmalıdır. Ən azı, on illik praktik təcrübəyə malik olmalı, sıravi işdən başlayaraq müəyyən pillələri keçməlidir. Yalnız bu halda kiminsə özünü “ekspert” adlandırması əsaslı olar.

Amma hazırda bu sahədə kimləri görürük? Əksəriyyəti təhsil sahəsində pullu xidmət göstərən şəxslərdir. Qeyd edim ki, pullu xidmət göstərmək qanunvericiliyə zidd deyil və bu, mümkündür. Lakin bu şəxslər ekspert yox, biznesmenlərdir. Biznesin isə öz qaydaları var – məqsəd gəlir əldə etməkdir. Təəssüf ki, bəzi hallarda bu gəlir uğrunda qarşı tərəfə qarayaxma kampaniyaları aparılır, şəxsi piar edilir. Bu cür yanaşma etik və sağlam olmasa da, reallıqdır. Amma unutmaq olmaz ki, biznesdə etik olmayan davranışlar gec-tez ortaya çıxır.

Bizdə “təhsil eksperti” kimi tanınanların əksəriyyəti əslində biznes sahəsində olan insanlardır. Onlar özlərini ekspert kimi təqdim edirlər, amma elmi və praktik baza baxımından bu rola uyğun deyillər. Əvəzində, insanlara yanlış və populist fikirlər aşılayırlar.

Bəs insanlar niyə rəsmi qurumlara və səlahiyyətli şəxslərə yox, belə şəxslərə etimad göstərirlər? Səbəblərdən biri odur ki, kimlərəsə uğur qazanmadığı zaman səbəbi özlərində deyil, sistemdə axtarmaq daha rahat gəlir. Heç kim imtahana yaxşı hazırlaşmadığını qəbul etmək istəmir. Əvəzində “imtahan çətin idi”, “suallar proqramdan kənar idi” kimi arqumentlər səsləndirirlər".

DİM sədrinin sözlərinə görə, özlərini “ekspert” adlandıranlar da məhz bu mifləri hazırlayıb cəmiyyətə ötürürlər. İctimaiyyət isə bu mifləri tez qəbul edir, çünki eşitmək istədiklərinə daha çox qulaq asır:

"Lakin biz məsələni obyektiv araşdırıb real vəziyyəti təqdim edəndə bu, bəzilərinin xoşuna gəlmir. Düşünən insanlar reallığı qəbul edir, amma bəziləri uğursuzluğunu sistemlə əlaqələndirirlər.

Bu şəxslərin cəmiyyətdə tanınması və ictimai nüfuz əldə etməsinin arxasında dərin bilik və peşəkar bacarıqlar deyil, məqsədyönlü piar kampaniyaları dayanır. Əlbəttə, piar vacibdir, lakin dövlət qurumunun fəaliyyətinə müdaxilə etmək, qeyri-qanuni yollara əl atmaq və paralel olaraq özünü bu sahənin mütəxəssisi kimi təqdim etmək nə etik, nə də mənəvi baxımdan qəbulolunandır".

İmtahanlara müdaxilə cəhdi əvvəlki illərdə də olub və müvafiq tədbirlər görülüb

Məleykə Abbaszadə bildirib ki, imtahanlarda texniki vasitələrdən istifadə, saxtakarlıq cəhdləri həmişə olur:

"Bu cür hallar həmişə olub. Bizim cəmiyyət nədənsə bu məsələlərdə unutqan davranır. 1998-ci ildə də, 2004-cü ildə də oxşar hallar baş verib: kimsə kiminsə əvəzinə imtahana girirdi. Biz bunları aşkarlayırdıq, cinayət işləri açılmışdı. Hər dəfə də təşkilatçılar təhsil işçiləri olub. 2004-cü ildə imtahanda 600 baldan yuxarı nəticə göstərən 200 nəfərin nəticəsini ləğv etmişdik. Həmin hadisədə təşkilatçı universitet müəllimi idi — dosent, elmi dərəcəsi, namizədlik dissertasiyası da var idi. 2022–2023-cü illərdən isə bilirik ki, vəziyyət dəyişib, artıq bəzi texniki cihazlar mövcuddur. Əvvəlcə onu qeyd edək ki, bu cihazların ölkəyə gətirilməsi və istifadəsi qanunvericiliyə ziddir. Müvafiq orqanların razılığı tələb olunur. İmtahanda belə cihazlardan istifadə olunduqda biz bunu həmişə aşkarlamışıq. Necə aşkarladığımızı demək istəmirəm. Çünki metodlarımızı izah etdikdə, bu, qarşı tərəfə aydın olur və onlar yeni yollar axtarırlar. Bu, virus–antivirus məsələsinə bənzəyir".

Sədr imtahanlarda texniki vasitələrdən istifadəyə, saxtakarlığa cəhd edənlərə önəmli bir mesaj da ötürüb:

"Yeni “virus” fikirləşənlərə onu demək istərdim ki, Dövlət İmtahan Mərkəzi daim onlardan ən azı bir addım öndədir. Mənə elə gəlir ki, son hadisə həmin insanlara peyvənd kimi təsir edəcək. 2004-cü ildən sonra uzun müddət heç kim bu cür müdaxilələrə risk etmədi. Bir məsələni isə açıq demək istəyirəm: hər bir şəxs imtahan verdikdən və nəticələr yoxlanıldıqdan sonra xüsusi alqoritmlər əsasında aparılan təhlillər bizə abituriyentin nəticəsinin onun potensialına uyğun olub-olmadığını yoxlamağa tam imkan verir. Şübhəli nəticə olduqda biz onu dərhal elan etmirik. Hamının nəticəsi açıqlanır, həmin şəxsə isə bildirilir ki, nəticəsi araşdırılır.

Əgər biz araşdırmanı tam yekunlaşdırdıqdan sonra nəticəni elan etsək, yüz minlərlə insan prosesi gözləməli olar ki, bu da ümumi qayda üzrə gedən işlərə mane olur. Araşdırmalardan sonra elə hallar da olur ki, nəticələr bərpa edilir.

Araşdırmalar zamanı bir məsələyə də xüsusi diqqət yetiririk: söhbət uşaqların öz aralarında bir-birinə kömək etməsindən gedir, yoxsa kütləvi, planlı hallardan?

Təbii ki, bu texniki qurğular barədə bizdə məlumat var və uşaqlar imtahana daxil olarkən üstləri yoxlanılır. Yeri gəlmişkən, məhz bu yoxlamalarla bağlı bizə xeyli iradlar da bildirilir. “Mənim uşağım qorxdu, üstünü yoxladılar, stresə düşdü” kimi arqumentlər səsləndirilir. Halbuki biz uşağı yoxlamışıqsa, deməli, şübhəli hal olub. Biz, əlbəttə ki, uşaqların stres keçirməsini istəmirik. Məsələn, bir halda uşağın üzərində telefon aşkarlanmışdı. Valideyn iddia edirdi ki, uşağın bundan xəbəri yoxdur, telefonu ora özü qoyub. Həmin valideyn jurnalist idi. Uşaq imtahandan xaric edilmişdi. Belə hallar həmişə olur.

İmtahan qaydaları əvvəldən müəyyən edilib və hamı üçün eynidir. Biz imtahanın şəffaflığını qorumaq üçün bu qaydaları yaratmışıq və xahiş edirik ki, hamı onlara riayət etsin. 2023 və 2024-cü illərdə də bu cür qurğular aşkarlanıb və hüquq-mühafizə orqanlarına təhvil verilib. Həmin qurğuları ölkəyə gətirənlərə və onlardan istifadə edənlərə qarşı tədbirlər görülüb".

Bu abituriyentlərin nəticələri elan olunmayıb və heç biri heç yerə qəbul olunmayıblar

Məleykə Abbaszadənin sözlərinə görə, hazırda bu məsələnin cəmiyyətdə müzakirə mövzusu olmasının əsas səbəbi sözügedən prosesdə "təhsil eksperti" adının hallanmasıdır:

"Əvvəllər ictimaiyyət bu hadisələrə ciddi reaksiya vermirdi. İndi də eyni cür olardı. Sadəcə bu dəfə məsələ ondadır ki, işin içində özünü “təhsil eksperti” adlandıran bir biznesmen var. Ona görə də məsələ gündəmə gəlib. Bundan əvvəlki məhkəmə işində təqsirləndirilən şəxslər Gəncədə məşhur bir kursun müəllimləri idi. Onlar 11 nəfərə kömək etməyə cəhd göstərmişdilər. Biz bu prosesin arxasında kimlərin və nələrin dayandığını bilmirdik. Biz sadəcə şübhəli nəticələri təqdim edib işin araşdırılmasını istəmişdik. Yəni nəticələri elan etməyərək, müvafiq orqanlara məlumat vermişdik.

Bu cihazların bəziləri imtahana giriş zamanı aşkarlanıb. Dövlət İmtahan Mərkəzi zərərçəkmiş qismində tanındığı üçün ittiham aktı bizə təqdim olunub, iştirakçıların ifadələri mövcuddur. Bəzi uşaqlar görüblər ki, onlardan əvvəl keçən şəxsi saxlayıb ayaqqabısını çıxarıblar. Bu səbəbdən həmin uşaq geri qayıdıb, maşında gözləyən atasının yanına gedərək ayaqqabısını dəyişib. Çünki onun da ayaqqabısında həmin texniki vasitə olub. Bütün bunlar aşkarlanıb.

İmtahan zamanı istifadə olunan texniki vasitələr imtahandan sonra da aşkar edilib. Biz əvvəlcədən bilirdik ki, hansısa binada bir neçə şəxsin üstündə həmin texniki vasitələr var. İmtahan bitəndən sonra bəzi şəxslər xüsusi otağa dəvət olunublar və onlar izahat da yazıblar.

Elə adamlar da vardı ki, onlar bu texniki vasitələrdən istifadə etsə də, imtahan zamanı biz bunu aşkarlaya bilməmişdik. Amma onların nəticələri əsasında biz nəticələrin süni olduğunu sübut etmişdik. Sonra bütün bu şəxslərin hamısı haqqında müvafiq orqanlara məlumat vermişik və araşdırma aparılıb.

Alqoritmlər bütün şübhəli vəziyyətləri aşkarlaya bilir. Biz bütün bu vəziyyətlərlə bağlı müvafiq orqanlara məlumat vermişdik. Çünki dərin araşdırma aparmaq bizim səlahiyyətlərimizdə deyil. Biz verdiyimiz adların hamısı təsdiqlənib. Hətta ittiham aktında elə adlar var ki, biz bunları bilməmişik, amma işin gedişatında bunlar da aşkarlanıb. Növbəti məhkəməni izləyə bilərsiniz. Orada ifadələri dinləyə bilərsiniz. Birinci məhkəmədə hətta o ayaqqabıları hazırlayan pinəçi də ifadə verib".

Dövlət İmtahan Mərkəzinin sədri əvvəlki illərdə baş verən hadisələrə diqqət çəkib:

"Xatırlayırsınızsa, təxminən 8-9 il əvvəl kütləvi şəkildə saxtakarlıq halları yayılmışdı. Bəzi şəxslər guya 500-600 bal topladıqlarına dair saxta arayışlar “sms”lər əldə edirdilər. Təəssüf ki, indi də belə hallara rast gəlinir. Amma ixtisas seçimi zamanı bu şəxslər sistemə daxil ola bilmirlər. Çünki sistem onların əsl balını göstərir, məsələn, 50 bal və "ixtiyarınız yoxdur" bildirişi çıxır. Bu, sadə bir saxtakarlıq növüdür. Təkcə bir “sms” üzərindən rəqəmlərlə oynayaraq belə saxta nəticələr düzəltmək mümkündür. Uşaq da həmin nəticəni valideyninə göstərir və nəticədə onlar aldadılır.

Biz bütün çıxışlarımızda dəfələrlə vurğulamışıq: Öz şifrlərinizi gizli saxlayın, şəxsi kabinetinizin yaradılmasını başqa şəxslərə həvalə etməyin. Amma yenə də valideynlər bu səhvi edirlər. Bir nəfər onlarla şagirdin məlumatlarını toplayır, sonra isə nəticə istənilən kimi olmayanda bu məlumatlardan istifadə edib süni problem yaradır və vaxt qazanmaq üçün başqa yollara əl atır.

Belə hallardan biri ilə bağlı məsələ ictimailəşdirilmişdi və şişirdilmişdi. Mən o zaman bildirdim ki, həmin şəxslər gəlsinlər, onları şəxsən qəbul edəcəyəm. Amma bir şərtlə: həmin “təhsil eksperti” də gəlsin və görüşdə media nümayəndələri də iştirak etsinlər. Nəticədə onlar görüşə gəlmədilər və sonradan üzr istədilər.

Hazırki işlərlə bağlı deyə bilərəm ki, bu abituriyentlərin heç birinin nəticələri elan olunmayıb və heç biri heç yerə qəbul olunmayıblar. Bundan sonra yenidən imtahanda iştirak etmək istəsələr, hazırlaşıb imtahana girə bilərlər. Amma biz onları yoxlayacağıq.

Prosesi təşkil edən şəxslər elə düşünürdülər ki, bu hallar üzə çıxmayacaq. Onlar hesab edirdilər ki, Dövlət İmtahan Mərkəzinin işi çoxdur və bu məsələlərə vaxt ayırmayacaq. Mənim təəccüb etdiyim məqam isə başqa idi: İmtahan keçirilib, hələ ertəsi gün bu şəxslər səs-küy salmağa başlayırlar — “imtahan çətin olub”, “pis keçib”, “apellyasiyaya verin, ərizələrin doldurulmasında kömək edəcəyik” və s.

Halbuki hələ protokollar oxunmamışdı, nəticələr elan edilməmişdi. Bu səs-küy nəyə xidmət edirdi? Öz rollarını önə çəkmək, prosesdə özlərini “camaatın müdafiəçisi” kimi göstərmək cəhdləri qara piardan başqa bir şey deyil. Həmin şəxs məhkəmə zalında məhkəmənin qapalı keçirilməsini istəyib, “işgüzar nüfuzuna zərər vurulacağını” əsas gətirib. Bəs Dövlət İmtahan Mərkəzinin ictimai nüfuzu necə? Axı siz olmayan şeyləri deyə-deyə bizim ictimai nüfuzumuza zərər vurursunuz".

“Bunker müəllimləri”, “bizdə suallar var” kimi ifadələr sadəcə mifdir

Məleykə Abbaszadə “Bunker müəllimləri”, “bizdə suallar var” kimi ifadələrin mif olduğunu qeyd edib:

"Bunların hamısı abituriyentlərin və valideynlərin diqqətini cəlb etmək, nəticədə isə müştəri toplamaq məqsədi daşıyır. Bizneslə məşğul olmaq qanunla qadağan edilməsə də, Dövlət İmtahan Mərkəzinin nüfuzuna xələl gətirərək bu işi qurmaq cəhdlərinin sonu yoxdur.

Son dövrlərdə kodlaşdırma ilə bağlı da yanlış informasiyalar yayılır. Halbuki kodlaşdırma prosesi tam şəffaf şəkildə aparılır. Hər bir abituriyent topladığı balı bilir, boş yerlərin sayı məlumdur və biz bütün bu məlumatları ictimaiyyətə açıq təqdim edirik. Üstəlik, Bakıda və regionlarda fəaliyyət göstərən Abituriyent Məsləhət Mərkəzlərində mütəxəssislərimiz abituriyentlərə pulsuz xidmət göstərirlər. Həmin mütəxəssislərə əvvəlcədən vebinarlar vasitəsilə müsabiqə vəziyyəti izah olunur, mən özüm də ixtisaslar üzrə müqayisəli çıxışlar edirəm".

O vurğulayır ki, buna baxmayaraq, bəzi şəxslər abituriyentlərə “kömək” adı ilə müxtəlif təkliflərlə yaxınlaşır və onların məlumat azlığından istifadə edirlər. Nəticədə isə həmin abituriyentlər kodlaşdırdıqları ixtisaslara qəbul olunmadıqda, ittihamları Dövlət İmtahan Mərkəzinə yönəldirlər.

Nəsə baş verən kimi, az qala, ütünü qoşanda, soyuducunu açanda belə “təhsil eksperti” adı ilə biri çıxıb Dövlət İmtahan Mərkəzinin fəaliyyəti haqqında fikir bildirir

"Biz artıq imtahan proqramlarını çap etmişik, yaxın zamanda model testlər də nəşr olunacaq. Amma maraqlıdır ki, heç kim bu proqramların məktəb dərslikləri ilə uyğun olub-olmadığını, kurikulumla nə dərəcədə əlaqəli olduğunu müzakirə etmir. Biz isə istəyirik ki, məhz bu məqamlar gündəmə gətirilsin və öncədən açıq şəkildə müzakirə olunsun. Niyə bu cür müzakirələr həmişə imtahan ərəfəsində və ya imtahandan bir gün sonra başlayır? Bu, bəzi şəxslərin diqqət mərkəzində qalmaq cəhdidir. Nəsə baş verən kimi, az qala, ütünü qoşanda, soyuducunu açanda belə “təhsil eksperti” adı ilə biri çıxıb Dövlət İmtahan Mərkəzinin fəaliyyəti haqqında fikir bildirir.

Mətbuat xidmətimizdən soruşuram ki, bu problemlərlə bağlı bizə rəsmi müraciət olubmu? Cavab aydındır — xeyr. Bəs belə olan halda niyə əvvəlcə bizə müraciət etmədən kənar şəxslərdən açıqlama almağa çalışılır? Əgər doğrudan da problem varsa, ilk olaraq bizə müraciət edin. Əgər cavabımız sizi qane etməzsə, o zaman başqa tərəflərlə də fikir mübadiləsi apara bilərsiniz. Özünə hörmət edən media qurumları əlbəttə bu cür yanaşmadan çəkinir, bizə müraciət edirlər, lakin bəzi saytlar və televiziya kanalları belə qeyri-rəsmi şəxslərin subyektiv fikirləri əsasında xəbər yayırlar ki, bu da cəmiyyətdə çaşqınlıq yaradır", - Məleykə Abbaszadə qeyd edib.

İttiham aktında Kamran Əsədovun adını görəndə təəəcübləndim

Məleykə Abbaszadə istintaq aparılarkən, bu işin arxasında kimlərin dayandığı barədə məlumatlarının olmadığını vurğulayıb:

"Birinci qrupla bağlı ittiham aktı təqdim olundu və məhkəmə prosesi keçirildi. Daha sonra ikinci ittiham aktı təqdim ediləndə, sənədi hüquqşünaslarımıza verdim ki, prosesi izləyib lazımi hazırlığı görsünlər. Hüquqşünaslarımız mənə həmin ittiham aktında dırnaqarası “təhsil eksperti”nin adının keçdiyini bildirdilər və bu, məni təəccübləndirdi. Çünki cəmi bir həftə əvvəl həmin şəxs rəsmi tədbirlərin birində rektorlarla mehriban söhbət edirdi. Halbuki o, həmin vaxt artıq ittiham aktından xəbərdar idi. Bilə-bilə bu qədər rahat davranması, heç nə olmamış kimi görünməsi məni təəccübləndirdi.

Bu ittiham aktı bizim üçün bəzi vacib məqamları aydınlaşdırdı. Onun əsasında əlavə təhlillər aparacağıq. Nazirlər Kabinetinin təsdiqlədiyi qaydalara əsasən, əgər yeni saxtakarlıq halları aşkarlanarsa, həmin şəxslərin ali məktəblərdən xaric edilməsinə dair hüququmuz var və bu səlahiyyətdən istifadə ediləcək".

Peşə yönümlü testlər uşaqların gələcəyini formalaşdıracaq – valideynlər üçün vacib mesaj

DİM-in İdarə Heyətinin sədri psixometrik testlərlə bağlı valideynlərə çağırış da edib. O qeyd edib ki, bu testlər hər bir uşağın psixoloji xüsusiyyətlərini, bilik səviyyəsini və maraqlarını müəyyənləşdirərək hansı peşənin ona daha uyğun olduğunu göstərən, tam işlək bir alətdir:

"Mən valideynlərə müraciət etmək istəyirəm: uşağı ilə məşğul olmaq istəyən hər bir valideyn psixometrik testlərdən istifadə etməlidir. Hər bir uşağın psixoloji xüsusiyyətlərini, bilik səviyyəsini və maraqlarını müəyyənləşdirərək hansı peşənin ona daha uyğun olduğunu göstərən, tam işlək bir alət mövcuddur. Biz bu testləri 8, 9, 10 və 11-ci sinif şagirdləri üçün hazırlamışıq. Əgər valideyn uşağı ilə ciddi şəkildə məşğul olmaq istəyirsə, buyurub gələ bilər — ona bütün məlumatlar təqdim olunur. Testin müddəti orta hesabla 3 saatdır və bu test kimisə imtahan edib bal vermək məqsədi daşımır. Psixometrik testlərin əsas məqsədi özünü anlamaq, yeniyetmənin psixoloji vəziyyətini və ona uyğun uğurlu ola biləcəyi sahələri müəyyənləşdirməkdir".

Peşə yönümlü testlərin məktəblərdə tətbiqi üçün Elm və Təhsil Nazirliyi ilə əməkdaşlıq edə bilərik

Məleykə Abbaszadə psixometrik testlərin tətbiqi üçün Elm və Təhsil Nazirliyi ilə əməkdaşlıq məsələlərindən də danışıb:

“Pulum var, müəllim tutmuşam, bəsdir” düşüncəsi doğru yanaşma deyil. Testdən sonra əlavə suallar yaranarsa, psixoloqlarımız fərdi şəkildə kömək edə bilərlər. Əgər valideyn fərdi psixoloq dəstəyi istəmirsə, alternativ bir üsul da təklif edirik: Test nəticələrini süni intellektə daxil edərək əlavə məsləhət almaq mümkündür. Bu testin nəticələri dəqiqdir. Nəticələrlə bağlı kifayət qədər statistika toplanıb. “Psixometrik testlər”in müəlliflik hüququ da bizə məxsusdur. Bu, bizim hazırladığımız və Azərbaycana məxsus olan testdir. Beynəlxalq praktikada oxşar testlər mövcuddur, lakin ingilis dilində olan həmin testlərin nə dilimizə tərcüməsi, nə də qiymətləndirmə meyarları bizim reallığımıza uyğun gəlmir. Testlər 3–4 min nəfər üzərində aparılıb və konkret nəticələr əldə olunub. Təəssüf ki, bu testlərlə bağlı müraciət edən valideynlərin sayı azdır. Bəzi şirkətlər testləri alıb özləri tətbiq etmək istəyirlər, lakin biz testləri satmırıq. Bunun əvəzinə test nəticələrinə əsaslanan peşəyönümlü fərdi məsləhət sistemi yaratmışıq — gəlib testdən keçsinlər və məsləhət alsınlar. Bu sahədə məktəblərlə müqavilə bağlamaq, Elm və Təhsil Nazirliyi ilə əməkdaşlıq etmək mümkündür. Gənclər və İdman Nazirliyi ilə müqaviləmiz olub və həmin çərçivədə 2000 nəfər bu testlərdən keçib.

Valideynlər, təəssüf ki, çox vaxt eşitmək istədikləri cavabı almağa çalışırlar. Biz isə deyirik ki, valideyn ilk növbədə 9-cu sinif buraxılış imtahanının nəticələrinə diqqət yetirməli və növbəti addımları onun əsasında atmalıdır. Amma nəticəni kimə aparsalar, “bu uşağı hara istəsən, mən hazırlaşdıraram” deyilir. Bu sahədə ciddi boşluq var və yanlış nəticələr də buradan yaranır.

Uşaqda erkən yaşdan məsuliyyət formalaşdırmaq çətindir. Gündəlik dərslərlə məşğul olmaq, yaşına uyğun qərar vermək, analiz etmək, düzgün yanaşma formalaşdırmaq asan deyil. Amma müəllim tutmaq asandır. Halbuki “müəllim tutmaqla” iş bitmir. Bu gün 17 yaşlı gənclərin valideynləri əsasən 80-ci illərdə doğulanlardır. Onlar sovet təhsil sistemində az oxuyub, sonradan təhsillərini milli məktəblərdə davam etdiriblər. Həmin illərdə milli məktəblərin, eləcə də 2000-ci illərin əvvəllərində ali təhsilin vəziyyəti ürəkaçan deyildi. Sovet sistemi artıq dağılmışdı, milli təhsil ənənələri isə tam formalaşmamışdı. Əvvəllər ailədə hamı — nənə, valideyn və uşaq — eyni dərslikdən istifadə edirdi və valideynlər nəyin nə olduğunu bilirdi. İndi isə sürətli dəyişikliklər gedir. Nəsillər arasında “digital divide” (rəqəmsal ayrılma) var, dərsliklər dəyişir. Valideyn dərsliyə baxıb ona tanış olmayan yanaşma ilə qarşılaşanda çıxış yolunu kənarda axtarır. Halbuki çətin bir şey yoxdur: birinci sinifdən etibarən uşaqla birlikdə pillə-pillə öyrənib bu yolu getmək lazımdır. Mən bu yolu bir dəfə uşaqlarımla, indi isə nəvələrimlə keçmişəm. Başa düşürəm, valideynlərin vaxtı azdır. Amma uşaqları restorana, əyləncə mərkəzinə aparmağa vaxt tapılırsa, bunlara da vaxt ayırmaq olar. Uşaqla məşğul olmaq, onunla danışmaq, öz fikirlərini onun dili ilə çatdırmağı bacarmaq lazımdır.

Amma son illərdə valideynlərdə artıq imtahanla bağlı bir qənaət formalaşıb. Artıq hamı bilir ki, oxumayan uşaq universitetə qəbul ola bilməyəcək. Bunu ictimai fikrə yeritmək üçün kifayət qədər vaxt tələb olundu. Artıq bu aksioma çevrilib. Bu sahədə öz bizneslərini qurub, camaatı başqa yollara çağıran “viruslara” bu hadisələr bir növ, peyvənd kimi təsir edəcək", o, əlavə edib.

Müəyyən sahələrdə marker müəllimlərin çatışmazlığı var

Məleykə Abbaszadə buraxılış imtahanlarının mart ayında keçirilməsi ilə bağlı bəzi müəllimlərin narazılıqlarına münasibət bildirib. Müəllimlər qeyd edirlər ki, buraxılış imtahanlarını mart ayında keçirəndən sonra uşaqların dərsə davamiyyətini təmin etmək çətinləşir.

“Buraxılış imtahanları kütləvi imtahanlardır. Yazı işlərinin yoxlanılması kifayət qədər vaxt tələb edir. Bizdə müəyyən sahələrdə marker müəllimlərin çatışmazlığı var. Müəllimlər bu prosesə qoşulsalar, marker müəllim sayı on minə çatsa, yoxlama prosesləri də sürətlənər. Təbii ki, burada təkcə say yox, həm də bu işlə məşğul ola biləcək müəllimlərin bilik və bacarıqları da əhəmiyyətlidir. Biz davamlı olaraq müəllimlər üçün imtahanlar təşkil edirik. İmtahandan keçərək marker olmaq səlahiyyəti əldə edə bilərlər. Müəllimlərin Bakıda, Naxçıvanda yaxud bölgələrdə yaşamasının fərqi yoxdur. Öz evlərində oturub bu işə qoşula və kifayət qədər yüksək əməkhaqqı qarşılığında işləyə bilərlər. Amma müəllimlər buna çox da maraqlı deyillər, çünki burada ciddi şəkildə işləmək lazımdır.

Bizim martda yoxladığımız bilik və bacarıqlar kurrikuluma uyğun olaraq elə marta qədər toplanmış bilik və bacarıqlardır. On bir il ərzində bilik və bacarıq toplamamış uşaq martdan sonra o bilikləri toplaya bilməz. Oxuyub-anlamaq bacarığı yoxdursa, qalan bir neçə ay ərzində də bu qabiliyyət formalaşmayacaq. Biz proqramı elə qurmuşuq. Uşaq imtahandan sonra dərsə davam etmirsə, bu məktəb rəhbərliyinin problemidir. Dərsdə iştirak etməyən uşağa qaib yaza bilərlər və ilin sonunda o fənlərin qiymətləndirilməsi olmayacaq və nəticədə uşağa attestat da verilməyəcək. Bunu məktəb etməlidir; qaydalar mövcuddur və istifadə oluna bilər".

Hər bir fənn üzrə on min marker müəllim olsa, buraxılış imtahanlarını martda yox, apreldə keçirilə bilər

"Başqa bir məsələ də var. Martda imtahan verəndən sonra uşaqlar kurslara və repetitorların yanına getmirlər. Arada üç aylıq fasilə yaranır. Repetitor müəllimlərin etirazı əsasən bu məsələ ilə bağlıdır. Xaricdə universitetlərə qəbul yanvarda başlayır və ilboyu aparılır. İlboyu sənədləri verirlər, imtahandan keçirlər və məktəbi bitirəndə universitetdən cavab alırlar. Bizdə isə yekun qiymətləndirmə ali məktəblərə qəbul üçün imtahanların birinci mərhələsidir. İlk 300 bal da buraxılış imtahanından toplanılır. Bu imtahanlardan sonra uşaq dərsə davam etməlidir ki, digər fənlərdən qiymətləndirmə aparılsın. Əgər imtahanı dərs bitdikdən sonra keçirsək və nəticələrin yoxlanması sentyabrda təqdim edilərsə, ali məktəblərdə dərs ili nə vaxt başlayacaq? Hər bir fənn üzrə on min marker müəllim olsa, buraxılış imtahanlarını martda yox, apreldə keçirmək olar. Amma hələ ki, bu yoxdur. Yenə də müəllimlərə müraciət edirik: gəlin, kurslara yazılın".

Azərbaycan dili sertifikatı dövlət tərəfindən tanınan sertifikat kimi işəgötürənlərə təqdim olunacaq

Məleykə Abbaszadə Azərbaycan dili sertikatları ilə bağlı məsələyə də aydınlıq gətirib. Onun sözlərinə görə, sertifikatı əldə edən şəxs onu IELTS və TOEFL sertifikatları kimi CV-sinə əlavə edə bilər:

"Azərbaycan dili üzrə bilik səviyyəsinə uyğun sertifikat verilməsini hüquqi müstəvidə həll etmək üçün müvafiq orqanlara müraciət edilib. Sertifikatın formatının təsdiqlənməsi, nə vaxt təqdim ediləcəyi, kimlərə veriləcəyi, hansı növ imtahanlarda qəbul olunacağı və kimlərdən tələb olunacağı məsələləri həll edilməlidir. Azərbaycan dili sertifikatı hansı sahələrdə tələb olunacaqsa, həmin şəxslər müvafiq imtahandan keçməlidirlər. Amma tələb olunmadığı halda da bu imtahandan keçərək ana dilinizi hansı səviyyədə bildiyinizi yoxlaya bilərsiniz. Sertifikatı əldə edən şəxs onu IELTS və TOEFL sertifikatları kimi CV-sinə əlavə edə bilər. Həmçinin, bu sertifikat dövlət tərəfindən tanınmış sertifikat kimi işəgötürənlərə təqdim oluna bilər.

Sınaq variantında imtahandan keçənlərin nəticələri artıq özlərinə təqdim edilib. On milyonluq Azərbaycandan ən azı 20 min nəfərin bu imtahanda iştirakını gözləyirdik. Təəssüf ki, minə yaxın şəxs iştirak edib. Amma özümüz əlavə olaraq imtahanlara müəyyən adamları cəlb etdik və bu say nəticələri təhlil etməyə kifayət etdi. Biz hamıya müraciət etmişdik; əsas məqsəd hər təbəqədən olan insanların imtahanda iştirakı idi".

Regionlarda və işğaldan azad edilmiş ərazilərdə elektron imtahanlar keçirilməsi üçün auditoriyalar yaradılacaq

Dim sədri bildirib ki, gələn il tədrisi digər dillərdə aparılan bölmələrin şagirdlərinin verdiyi Azərbaycan dili dövlət dili kimi imtahanının elektronlaşdırılması planlaşdırılır:

"Bu il kontingenti 2 mindən çox olmayan bütün imtahanlar elektronlaşdırılıb. Artıq 36 növ imtahan elektron formatda keçirilir. Bizim binada bu il ərzində təxminən 70 mindən çox şəxs müxtəlif elektron imtahanlardan keçib.

Gələn il tədrisi digər dillərdə aparılan bölmələrin şagirdlərinin verdiyi Azərbaycan dili dövlət dili kimi imtahanının elektronlaşdırılması planlaşdırılır. Ancaq əvvəlcə sınaq imtahanları keçiriləcək və ondan sonra əsas imtahanın özü də elektron formatda keçiriləcək. Nəticələr yekunlaşdıqdan sonra cədvəl formalaşdırılmalıdır. Hamını imtahan üçün Bakıya gətirmək mümkün deyil; buna görə regionlarda elektron imtahanlar təşkil etmək üçün imkanlar yaradılmalıdır.

Elm və Təhsil Nazirliyi ilə aparılan danışıqlar nəticəsində, onların regionlardakı müəyyən mərkəzlərindən elektron imtahan auditoriyası kimi istifadə edilməsi planlaşdırılır. Fevral ayında magistraturaya qəbul imtahanları keçiriləcək. Ancaq imtahan ənənəvi formatda təşkil olunacaq. 2026-cı ildə magistratura üzrə yalnız sınaq imtahanlarını elektronlaşdırmaq nəzərdə tutulur".

Rezidentura imtahanlarının elektron variantı hazırdır

"Rezidentura imtahanlarının elektronlaşdırılması bu il tam hazır olsa da, mürəkkəb cədvəl səbəbindən tərəddüd etdik və bu il onları cədvələ daxil edə bilmədik. Lakin növbəti ildən ikinci mərhələ üzrə rezidentura imtahanlarını elektron formatda keçirməyi planlaşdırırıq.

Hazırda imtahan sistemi hazırdır, lakin cədvəl və yer məsələləri mövcuddur. Bizdə elektron imtahanlar korpusunda 750 yer var. Buna görə də regionlarda olan mərkəzlərdə də elektron imtahan auditoriyalarına ehtiyac var".

Naxçıvanda 90 nəfərlik elektron imtahan auditoriyası ayın sonuna qədər hazır olacaq

"Naxçıvandakı regional bölməmizdə 90 nəfərlik auditoriya qurulur və dekabrın sonunda bu layihə yekunlaşacaq. İşğaldan azad edilmiş ərazilərdə də belə auditoriyaların qurulması nəzərdə tutulur. Hələlik təhsil alanların sayı azdır, amma gələcəkdə orada da auditoriyalar planlaşdırılır. Hazırda Gəncə, Naxçıvan, Lənkəran, Şəki, Göyçay və Bərdədəki regional bölmələrdə belə auditoriyaların qurulması və imtahanların eyni zamanda keçirililməsi planlaşdırılıb. Bu işlər genişləndiriləcək. Yanvar və fevral aylarında isə digər regionlarda elektron imtahanların keçirilməsi üçün auditoriyaların qurulması nəzərdə tutulur. Uyğun avadanlıqla təchiz olunmuş və internet bağlantısı yaxşı olan təhsil müəssisələrindən də auditoriyalar istifadə ediləcək", o, ılavə edib.

Düşünməyi bacarmayan insanları alqoritmlər idarə edəcək

Məleykə Abbaszadə yazı işlərinin yoxlanılmasında süni intellektdən istifadə məsələlərinə də aydınlıq gətirib:

"Yazı işlərinin ingilis dilində yoxlanılması prosesində süni intellektin nəticələri reallığa 80-90 faiz uyğun olur. Bütün dünyada bu belədir. Süni intellekti prosesdə üçüncü ekspert kimi istifadə etmək olar, amma hüquqi nəticə olan imtahanlarda bu faiz bizi qane edə bilməz. Biz bəzi işlərimizdə süni intellektdən istifadə edirik. Məsələn, bizim çağrı mərkəzimiz saat altıya qədər fəaliyyət göstərir. Saat altıdan sonra biz çağrı mərkəzinə süni intellekt qoşa bilərik. Bu proqramlar bizdə var. Amma görürük ki, orada səhvlər meydana çıxır. Test rejimində bunu görmüşük. Amma bu səhvləri vətəndaşa izah etmək olmaz. Ona görə də, hüquqşünaslar deyirlər ki, hüquqi səviyyədə dəyişikliklər olmalıdır ki, süni intellektin istifadəsi təsdiqlənsin. Müəyyən bir strategiya formalaşmalıdır. Biz hökümət tərəfindən formalaşdırılmış strategiyaya əsasən üzərimizə düşəni edirik", o, vurğulayıb.

Mövzuya görə xəbərlər