Son dəqiqə

Azərbaycan Qətər FHN

Kəmaləddin Heydərov Qətər Dövlətinin Milli günü münasibətilə təşkil olunmuş rəsmi qəbulda iştirak edib

BAKI,TurkicWorld

Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın həmsədri, fövqəladə hallar naziri Kəmaləddin Heydərov Qətər Dövlətinin Milli günü münasibətilə həmin ölkənin Bakıdakı Səfirliyi tərəfindən təşkil olunmuş rəsmi qəbulda iştirak edib.

TurkicWorld xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, qəbulda çıxış edən nazir Kəmaləddin Heydərov Milli gün münasibətilə Qətər xalqını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından təbrik edib, Qətər Dövlətinə əmin-amanlıq və davamlı tərəqqi arzulayıb.

Azərbaycan və Qətər arasında otuz ildən artıq müddətdə formalaşmış diplomatik münasibətlərin dostluq və qarşılıqlı hörmətə əsaslandığını vurğulayan nazir iki ölkə liderlərinin müdrik, ardıcıl və uzaqgörən siyasəti nəticəsində ölkələrimiz arasında çoxşaxəli əlaqələrin daim genişləndiyini xatırladıb.

Bu çərçivədə, Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın fəaliyyəti qeyd olunub. Cari ilin noyabr ayında keçirilmiş Komissiyanın dördüncü iclasının iki ölkə arasında iqtisadi əməkdaşlığın dərinləşdirilməsi istiqamətində mühüm addım olduğunu deyən nazir iclas çərçivəsində təşkil olunmuş Azərbaycan-Qətər Birgə Biznes Şurasının ilk iclası barədə danışıb.

K.Heydərov, həmçinin Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə Qətər Dövlətinin müvafiq qurumları arasında fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlıq münasibətlərindən danışıb, əlaqələrin müxtəlif istiqamətlər üzrə genişləndirilməsinin qarşılıqlı faydasını qeyd edib.

Mövzuya görə xəbərlər