BAKI,TurkicWorld
Dekabrın 5-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov İsveç Krallığı Xarici İşlər Nazirliyinin Dinlərarası və Mədəniyyətlərarası Dialoq üzrə yeni təyin olunmuş xüsusi nümayəndəsi (səfiri) Kristian Kamill ilə görüşüb.
TurkicWorld xəbər verir ki, Dövlət Komitəsinin sədri Ramin Məmmədov təyinatı münasibətilə qonağı təbrik edərək xalqımızın əsrlərə söykənən birgəyaşayış ənənələri və müxtəlif dini konfessiyaların sülh şəraitində fəaliyyət göstərməsi üçün yaradılan şərait haqqında məlumat verib. Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində multikulturalizm dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib və ölkəmiz dinlərarası dialoq sahəsində dünyada aparıcı mövqe tutur. Məscidlərlə yanaşı, kilsə və sinaqoqlar təmir-bərpa edilir, yeniləri inşa olunur, həmçinin dini icmalara, o cümlədən xristian icmalarına mütəmadi olaraq maliyyə yardımı ayrılır. Ramin Məmmədov diqqətə çatdırıb ki, bu yanaşma sayəsində ölkəmizdə bütün konfessiyalar arasında qarşılıqlı hörmət və əməkdaşlıq prinsiplərinə əsaslanan mühit formalaşıb.
İsveç Krallığı Xarici İşlər Nazirliyinin Dinlərarası və Mədəniyyətlərarası Dialoq üzrə yeni təyin olunmuş xüsusi nümayəndəsi (səfiri) Kristian Kamill Azərbaycanın multikultural dəyərlərin təşviqində oynadığı rolu və dəstəyini yüksək qiymətləndirdiyini qeyd edib. Bildirib ki, Azərbaycanın tolerantlıq modeli və dövlət rəhbərliyinin bu sahəyə göstərdiyi yüksək diqqət qlobal müstəvidə sülhün və qarşılıqlı anlaşmanın bərqərar olması üçün xüsusi əhəmiyyət kəsb edir. Müasir dünyada barışın, sabitliyin təmin olunması üçün dialoq önəmlidir və Azərbaycanın bu sahədəki nümunəsi təqdirəlayiqdir.
İsveç Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Tobias Lorentzsonun da iştirak etdiyi görüşdə iki ölkə arasında müvafiq sahədə təcrübə mübadiləsinin aparılması, qarşılıqlı əməkdaşlıq və birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub.







