Son dəqiqə

MÜSİAD Azərbaycan

MÜSİAD Azərbaycanın ev sahibliyi ilə iqtisadiyyat sahəsi üzrə media nümayəndələri ilə 3-cü müzakirə iclası keçirilib

Bakı, TurkicWorld

MÜSİAD Azərbaycan İdarə Heyətinin üzvləri, Türkiyə Səfirliyinin Mətbuat müşaviri Alptekin Cihangir İşbilir və iqtisadiyyat sahəsi üzrə media nümayəndələri ilə 3-cü müzakirə iclası çərçivəsində bir araya gəlib.

Bu barədə TurkicWorld-a MÜSİAD-dan məlimat verilib.

Görüşdə MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Rəşad Cabirli, dərnəyin 2024-cü ildə həyata keçirdiyi fəaliyyətlər və növbəti il üçün strateji hədəfləri haqqında məlumat verib.

Rəşad Cabirli, növbəti ildə üzvlərarası ticarətin artırılmasının və Azərbaycana xarici investisiyaların cəlb edilməsinin MÜSİAD Azərbaycanın əsas prioritetlərindən biri olduğunu vurğulayıb. Görüş çərçivəsində media nümayəndələri sahibkarlıq, iqtisadi inkişaf və Azərbaycana investisiyaların cəlb edilməsi mövzularında İdarə Heyəti üzvlərinə suallar ünvanlayıb. Müzakirələr zamanı ən çox diqqətə ehtiyac duyulan sahələrin inkişafı ilə bağlı bir sıra təkliflər səsləndirilib.

Rəşad Cabirli, Azərbaycanın iqtisadi yüksəlişində dövlət tərəfindən verilən dəstəyin və təşviqlərin əhəmiyyətini xüsusi qeyd edib. O bildirib ki, ölkənin siyasi sabitliyi, strateji mövqeyi və sahibkarlara verilən dövlət dəstəyi Azərbaycanın, xüsusilə Türk iş dünyası üçün ideal bir investisiya məkanı olmasını təmin edir.

Sədr həmçinin Azərbaycanın biznes mühitinin yaxşılaşdırılması məqsədilə sahibkarların maarifləndirilməsinin vacibliyini vurğulayıb. Bununla yanaşı, bölgələrə xarici investisiyaların cəlb edilməsi üçün həmin bölgələr barədə təqdimatların hazırlanmasının önəmini qeyd edib.

Rəşad Cabirli, MÜSİAD Azərbaycan olaraq bu sahədə önəmli işlər gördüklərini, Azərbaycanın Türkiyədə, xüsusilə Türk iş adamları arasında daha geniş tanıdılması məqsədilə “Azərbaycana Gəlmək üçün 101 Səbəb” adlı kitabın nəşr edildiyini bildirib. Kitab, artıq bir çox iş adamlarına təqdim olunub və görüş çərçivəsində media nümayəndələrinə də hədiyyə edilib.

Görüş Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Cihangir İşbilirin yekun sözləri ilə başa çatıb. O, Azərbaycan və Türkiyə arasında 2021-ci ildə imzalanan Şuşa Bəyannaməsindən sonra iki ölkə arasında hər sahədə olduğu kimi media sahəsində də tərəfdaşlığın daha da dərinləşdiyini vurğulayıb. İşbilir, Türkiyə-Azərbaycan media platformasının yaradılmasının bu tərəfdaşlığın bariz nümunəsi olduğunu qeyd edib. Görüşə görə Rəşad Cabirliyə təşəkkür edən İşbilir, media nümayəndələri ilə bu kimi tədbirlərin iki ölkə arasında iqtisadi tərəfdaşlığın möhkəmlənməsinə mühüm töhfə verdiyini bildirib.

Mövzuya görə xəbərlər