Bakı, TurkicWorld
“Bir millət, iki dövlət” devizinə və qardaşlıq prinsipinə əsaslanan Azərbaycan-Türkiyə iqtisadi əlaqələri dərin tarixi köklərə malikdir. Bu münasibətlərin geniş vüsət alması müstəqilliyimizin bərpasından sonrakı dövrə təsadüf edir. Hazırda ölkəmizdə sənaye, telekommunikasiya, bank və sığorta, inşaat və digər sahələrə yüzlərlə Türkiyə şirkətləri fəaliyyət göstərir. İki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsində sahibkarlıq birliklərinin üzərinə böyük vəzifələr düşür.
MÜSİAD-Azərbaycan təşkilatı həyata keçirdiyi layihələrlə bu əlaqələrin genişlənməsinə mühüm dəstək verir.
TurkicWorld modern.az-a istinadən məlumat verir ki, Təşkilatın idarə heyətinin sədri Rəşad Cabirli müsahibəsində əməkdaşlığın mövcud vəziyyəti və perspektivlərinə aydınlıq gətirib.
Müsahibəni təqdim edirik:
- Rəşad bəy, əvvəlcə istərdik, MÜSİAD-Azərbaycan təşkilatı barədə məlumat verəsiniz?
- MÜSİAD Müstəqil Sənayeçi İş Adamları Dərnəyidir. 1990-cı ildə Türkiyədə təsis olunub. Bu gün dünyanın 83 ölkəsində 200-ə yaxın şöbəsi fəaliyyət göstərir. Ümumilikdə 14 min sahibkarı və 60 min sahibkarlıq subyektini özündə birləşdirir. Türkiyənin demək olar ki, bütün şəhərlərində təşkilatımızın bölmələri mövcuddur. Azərbaycan şöbəsi olan MÜSİAD—Azərbaycan 2018-ci ildən fəaliyyətə başlayıb. Hazırda təşkilatımızda 8 komissiya mövcuddur. Eyni zamanda bizim Gənc MÜSİAD bölməmiz-gənc sahibkarları özündə birləşdirir. Məqsəd gənclərin iş həyatına inteqrasiyasını təmin etməkdir. MÜSİAD- Azərbaycanın ümumilikdə 83 üzvü var. Əsas məqsədimiz qardaşlıq şüurumuzu ortaqlıq mədəniyyətinə çevirməkdir. Bildiyiniz kimi 2021-ci ildə Azərbaycan və Türkiyə dövlət başçıları Şuşa Bəyənnaməsini imzaladı. Orada ölkələrimiz arasında bütün istiqamətlərdə əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsi xüsusi qeyd olunur. Bu bizim gələcək fəaliyyətimizdə əsas hədəflərin müəyyən olunmasında xüsusi rol oynayır. Qarşıda Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsinin ildə 15 milyard dollara çatdırılması hədəfi var. İnvestisiyaların cəlb edilməsi, işğaldan azad olunmuş ərazilərin yenidən qurulmasına dəstək vermək istəyirik.
- Azərbaycanda türk iş adamlarının bir neçə təşkilatı mövcuddur. Bu təşkilatlar bir-birinin fəaliyyətinin təkrarlayırmı? Niyə vahid bir təşkilatda fəaliyyət təmin edilmir? Ümumiyyətlə bu cür təşkilatların yaradılması biznes strukturlarının mənafelərinin qorunması baxımından hansı məqsədlərə xidmət edir?
- Çox maraqlı məsələyə toxundunuz. Bu məsələ əvvəllər də səsləndirilib. Sahibkarlıq subyektlərinə dəstək verən iş adamları cəmiyyətləri kifayət qədər artmaqdadır. Türkiyənin Azərbaycanda 3 ticarət müşaviri var, halbuki adətən bir müşavir olur. Azərbaycan digər ölkələrdən fərqli olduğundan iş adamları cəmiyyətləri də buna uyğun formalaşır. Amma onların hər biri ilə dost münasibətlərimiz var. Müşavirliklərin hər biri fərqli tarixlərdə, fərqli dönəmlərdə yaradılıb. MÜSİAD-Azərbaycanın fərqli tərəflərindən biri qlobal şəbəkəsinin olmasıdır. Həm türk iş adamlarının təmsil olunduğu birliklər, həm Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları tərəfindən keçirilən kütləvi tədbirlərin məhsuldarlığı bəzən icraatda hiss olunmur. Məhsuldarlığın qənaətbəxş olmaması onu göstərir ki, tədbirlər bəzən hədəflər baxımından effektiv olmur. Bunun səbəbləri çoxdur.
- Hansı səbəblər var ki?
- Mən iş adamları birliklərinə həmişə çağırışlar edirəm ki, biz qurumlar olaraq qarşılıqlı anlaşmalıyıq və sinerji yaramalıyıq. Bəzən iş adamları bütün qurumlarda üzv olur və onların tədbirlərinə qatılır. Amma bu belə olmamalıdır. Sahibkar əgər 3-4 qurumda qeydiyyatdan keçirsə ora müəyyən bir üzvlük haqqı keçirir. Nəticədə sahibkar həmin qurumların tədbirlərinə qatılmaq üçün bir neçə dəfə ödəniş etməli olur. Burada məqsəd məhsuldarlığı artırmaqdlrsa o zaman biz öz aramızda əməkdaşlıq etməliyik. Biz MÜSİAD olaraq iş adamları ilə dövlət qurumları arasında körpü rolunu oynamağa çalışmalıyıq. Bundan yola çıxaraq Azərbaycanı ziyarət edən türk iş adamlarına da ölkəmizi kifayət qədər tanıtmalıyıq. Görürük ki, Türkiyədə, xüsusilə Anadoluda fəaliyyət göstərən iş adamları Azərbaycan barədə o qədər də məlumatlı deyil. Burada bizim üzərimizə daha böyük vəzifə düşür. Biz ölkəmizi kifayət qədər tanıtmalıyıq. Bu ziyarətlərin sonunda biz bunu statistik göstəricilərdə, investisiya və ticarət baxımından o qədər hiss etmirik. Bundan yola çıxaraq “Azərbaycana gəlmək üçün 101 səbəb” adlı bir kitab nəşr etmişik. Biz niyə Azərbaycan? sualına cavab tapmalıyıq. Bunu iş adamlarına təqdim elədik. Dedik ki, seçin hansı məqsədlə Azərbaycana gəlirsiniz-investisiya, turizm və s. ? Biz bu fəaliyyətlərə dəstək olaq. İqtisadiyyat Nazirliyi və KOBİA ilə sıx əməkdaşlıq edirik, bir sıra tədbirlər keçirmişik. Digər dövlət qurumları ilə də əməkdaşlıq edirik.
- Azərbaycanla Türkiyə arasında iqtisadi əlaqələrin tarixi müstəqlliyimizin ilk günlərindən başlayıb. Necə hesab edirsiniz, bu müddətdə türk iş adamları Azərbaycan iqtisadiyyatında yetərincə təmsil olunubmu? Burda hansı çətinliklər var? Bizdə iqtidsadi mühit , qanunvericilik və ya rəqabət məsələlərində problemlər varmi?
- Azərbaycanda hazırda qeydiyyatdan keçmiş 4900-dək türk iş adamı fəaliyyət göstərir. Ölkəmizdə iqtisadi mühit kifayət qədər münbitdir. Dövlət başçısı cənab İlham Əliyevin sahibkarlara xüsusi dəstəyi davamlı olaraq artmaqdadır. Verilən qərar və sərəncamlar biz sahibkarların mənafelərinə xidmət edir.
Hesab edirəm ki, biz tanıtımları və təqdimatları artırmalıyıq. Bu gün Azərbaycana böyük investisiya maraqları var və bu artmaqdadır. Əslində qardaş Türkiyə sahibkarları bu işdə daha maraqlı olmalıdır. Ola bilər ki, bəzi sahələrdə ticari əməkdaşlıq səmərəli deyil. Amma investisiya qoyuluşu baxımından önəmli sahələr var. Əslində Azərbaycan türk iş adamları üçün xarici ölkə sayılmır. Bu baxımdan Azərbaycan İqtisadiyyat Nazirliyi, xüsusilə AZPROMO, KOBİA bizə dəstək verir.
Bu yaxınlarda Almaniyanın Ştutqart , Fransanın Strasbuqr şəhərlərində bizim təqdimatlarımız oldu. Ora da Azərbaycana gəlmək üçün 101 səbəbi təqdim elədik. Amma bölgələrdə bizim kifayət qədər çatışmazlıqlarımız var. Bəzi niyə Şəki, niyə Lənkəran və s. kimi suallarla bağlı təqdimatlar hazırlamağa çalışırıq ki, regionlarımız barədə türk iş adamları daha geniş məlumatlara malik olsunlar.
- Azərbaycanda qeyri-neft sektorunun vəziyyətini necə qiymətləndirirsiniz? Bu sahədə hansı problemlər var və onların həlli üçün hansı tədbirlərin görükməsi lazımdır?
- Azərbaycanda 1990-cı ildən əvvəllərdə sahibkarlıqdan söhbət gedə bilməzdi. Xüsusən 2000-ci illərdən başlayaraq Azərbaycanda sahibkarlıq dinamik inkişaf etdi. Həmin dövrlərdə tələb çox dolduğu üçün sahibkarlar üçün iş görmək o qədər də çətin deyildi. 2015-ci ilədək olan dövrdə tələbin çoxluğu şəraitində istehsal olunan məhsulların satılmasında o qədər problem yaranmırdı. 2015-ci ildən sonra fərqli tələblər yarandı. 2020-ci il pandenmiyasından sonra bir başqa fərqli tələblər ortaya çıxdı. Bu illərdə istehsalda yeni texnologiyaların tətbiqi baxımından kiçik sahibkarlıq subyektləri inkişafla ayaqlaşa bilmədi.
Yeni texnologiyalar sürətlə inkişaf edir. 18-24 ayda texnologiyaların inkişafı ikiqat sürətlə artır. Böyük müəssisələrin idarə olunması kiçiklərə nüsbətən daha çətin olur. Artıq böyük olan deyil, daha çevik və düzgün qərar verənlər qazanır. Düşünmürəm ki, bu gün müəssisə böyükdürsə daha çox qazanır, onun manevr imkanları da məhdud olur. Ona görə də kiçik və orta biznes subyektləri üçün yetərincə imkanlar var. Tam səmimi deyirəm, neqativ hallar bütün cəmiyyətlərdə və bütün inkişaf etmiş ölkələrdə var. Amma burada təhsil və təcrübə məsələsi də önəmlidir. Neqativ halların aradan qaldırılması bəzən gec ola bilər. Bununla bağlı ölkə rəhbərliyinin siyasi uradəsi var. Dövlət qurumları belə halların qarşısının alınması istiqamətində kifayət qədər iş aparırlar.
- Türkiyədə tekstil sənayesi kifayət qədər güclü inkişaf edib. Niyə Azərbaycanda türk iş adamları hazır tekstil məhsullar istehsal edən müəssislər yaratmağa maraq göstərmir? Bəlkə yaradılması səmərəli sayılmır, idxal ucuz başa gəlir, ona görədirmi?
- Bəzi istiqamətlər üzrə bu sahədə işlər ləng gedir, o cümlədən tekstil sahəsində. Biz bəzi sahələrə sahibkarları təşviq etsək d,ə müəyyən çatışmayan məsələlər var. Tekstil sanaye müəssisələrinin yaradılması müəyyən qədər zaman tələb edir. Məsələn, burada parça istehsalçısı bazarın kiçik bir hissəsini təmin edir. Parçaya gömrük rüsumları var. Biz dəfələrlə təkliflər verdik, bu yaxınlarda parçaya gömrük rüsumları 0-a endirildi. Azərbaycan Sənaye Korporasiyasının tələbi ilə tekstil sanayesi ilə bağlı bir investisiya axtarışı var. Bununla bağlı müəyyən çalışmalarımız var. Bir az zaman alan prosesdir.
Artıq bir sıra digər sahələrdə canlanma hiss olunur. Məsələn, alüniminium panelləri istehsalı sahəsində. Bu gün Roketsan ortaq istehsal müəssisəsi qurulub. Albayrak şirkəti Ələt limanında 20 milyon dollara yaxın investisiya qoyub.
- Azərbaycan sahibkarlarının Türkiyə iqtisadiyyatına marağı barədə nə deyə bilərsiniz? Bizim sahibkarlar Türkiyədə hansı sahələrə maraq göstərirlər?
- Türkiyənin okeanlara çıxışı var. Bu xarici bazarlara çıxış imkanları baxımından böyük üstünlükdür. Hesab edirəm ki, Azərbaycan iş adamları üçün bunun böyük əhəmiyyəti var. Amma Türkiyə iqtisadiyyatında rəqabət mühiti çox güclüdür. Türkiyədə bəzi sahələrdə fəaliyyət göstərən sahibkarların təhsili olmaya bilər. Amma onlarda illərin oturuşmuş təcrübəsi var. Onlar kifayət qədər rəqabətli bazarlarda fəaliyyət göstərirlər. Artıq Azərbaycan sahibkarları da Türkiyədə sənaye, ticarət, turizm və inşaat sektorlarında təmsil olunurlar. Digər sahələr də iş adamları tərəfindən nəzərdən keçirilə bilər. Türkiyə bazarlarına çıxmaq istəyən sahibkarlara bu istiqamətdə dəstək göstərməyə hazırıq. Hesab edirik ki, azərbaycanlı iş adamları üçün Mərkəzi Asiya adlandırdığımız Türküstana də hədəflənə bilər. Bura invesytisiya qoyuluşu baxımından böyük bazardır və sahibkarların bu bazarlara çıxışı strateji məqsədlərimizə xidmət edir.
- İşğaldan azad edilmiş ərazilərlə bağlı planlarınız varmı?
- İşğaldan azad edilmiş bölgələrin bərpası bizim üçün də prioritetdir. Biz işğaldan azad edilmiş ərazilərə investisiyaların cəlb olunması istiqamətində ardıcıl olaraq iş aparırıq. Bizim üzvlərimiz də orda inşaat sektorunda aktiv fəaliyyət göstərirlər. Gələcək də emal və turizm sahələrinə də dəstək göstəriləcək. Hazırda Qarabağda sənaye parklarının yaradılması prosesində iştirak etməkdə maraqlıyıq.