Bakı, TurkicWorld
30 il ərzində erməni işğalçıları bizim məscidlərimizi, qəbiristanlıqlarımızı məhv edib, məscidlərimizin içərisində donuz saxlayıb. Bu, həm İslam dininə, həm də Azərbaycan xalqına olan münasibətdir.
TurkicWorld -in məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə qanvermə aksiyası zamanı jurnalistlərə deyib.
O qeyd edib ki, 30 il sonra rəşadətli ordumuz Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqlarımızı azad etdi.
"Bizim suverenliyimiz bərpa olunandan sonra, Xankəndidə, Şuşada bayrağımız ucalandan sonra Aşuranı həmin torpaqlarda qeyd edirik. İşğaldan azad olunan torpaqlarda erməni kilsəsi də bərpa olunur. Çox maraqlıdır ki, özlərini xristian adlandıran ermənilər işğal etdikləri torpaqlardakı erməni kilsələrini də dağıdıblar.
Laçın, Füzuli və Şuşadakı təziyə mərasimlərini oraya təyin olunan imamlar həyata keçirir. Bu, ilk dəfədir ki, baş verir. Bu il Azərbaycanda tolerantlıq, dini dözümlülük başqa dinlərə olan münasibətin təzahürüdür. Bu gün xristian kilsəsi və yəhudi məbədinin də rəhbərləri mənimlə birlikdə qanvermə aksiyasında iştirak edirlər.
Bu gün burada iştirak edənlər, Aşuranı qanunauyğun qeyd edənlər var. Mən arzulayıram ki, Azərbaycan daha da çiçəklənsin".