Son dəqiqə

FIDE

“Baku Open 2024” beynəlxalq şahmat festivalının bağlanış mərasimi keçirilib

Bakı. TurkicWorld

Paytaxtımızda təşkil olunan “Baku Open 2024” beynəlxalq şahmat festivalı başa çatıb.

TurkicWorld İdman.biz-ə istinadən xəbər verir ki, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) 100 illik yubileyinə həsr olunan yarışın bağlanış mərasimi keçirilib.

Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyasının (AŞF) birgə təşkilatçılığı ilə təşkil edilən turnirin bağlanış mərasimində festivalın icmalını əks etdirən videoçarx nümayiş olunub.

AŞF-nin prezidenti Mahir Məmmədov çıxışında təşkilatçılara minnətdarlığını bildirib. O qeyd edib ki, bu yarış digərlərindən bir sıra xüsusiyyətlərinə görə fərqlənib: "Hər yaşda şahmatçılar üçün istər ölkə daxilində, istərsə də xaricdə oynamaq üçün yaxşı imkanlar var. Bildiyiniz kimi, bu il Olimpiya ilidir. İdmançılarımız Paris-2024-ə hazırlaşırlar. Onlara uğurlar arzulayıram. Mən çox şadam ki, turnirdə uşaqlar və gənclərlə yanaşı, veteranlar da iştirak edirdi. Gələcəkdə sözügedən təcrübədən faydalanacağıq. Qalibləri təbrik edir, turnirin təşkilində əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm. Ümidvaram, tezliklə, yeni yarışlarda görüşəcəyik"

Daha sonra qaliblərin mükafatlandırılması mərasimi baş tutub. Qaliblərə mükafatları gənclər və idman naziri Fərid Qayıbov, federasiya rəhbəri Mahir Məmmədov və AŞF-in l vitse-prezidenti Faiq Həsənov təqdim ediblər.

Kişilərin mübarizəsində 4 şahmatşı 7 xal toplayıb. Əlavə göstəricilərə görə Sina Movahed (İran) çempion tituluna yiyələnib. Hindistanlılar Abhimanyu Puranik 2-ci, Mittal Aditya 3-cü yeri tutublar. Azərbaycanlı zəka sahibləri arasında ən yüksək nəticəyə Vüqar Əsədli imza atıb. O, 6,5 xalla 5-ci olub.

Qadınlar arasında isə rusiyalı Polina Şuvalova 6,5 xalla qalib adına yiyələnib. Növbəti yerlərdə qazaxıstanlı şahmatçılar Bibisara Assaubayeva (6,5 xal) və Meruert Kamalidenova (5,5 xal) qərarlaşıblar. Hesabında 5,5 xal olan Gülnar Məmmədova yarışı 4-ci pillədə bitirib.

Qeyd edək ki, FİDE-nin 100 illiyinə həsr olunan turnirdə Bolqarıstan, Gürcüstan, Hindistan, İran, Qazaxıstan, Səudiyyə Ərəbistanı, Qətər, Türkiyə, Ukrayna, ABŞ, Özbəkistan şahmatçıları, eləcə də FIDE bayrağı altında yarışan zəka sahibləri iştirak ediblər.

Mövzuya görə xəbərlər