Bakı. TurkicWorld:
Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda 1/8 final mərhələsinin cavab oyunları keçirilib.
TurkicWorld xəbər verir ki, Azərbaycan şahmatçısı Nicat Abasov qara fiqurlarla Birləşmiş Ərəb Əmirliklərinin təmsilçisi Saleh Salemlə qarşılaşıb.
İlk partiyada olduğu kimi cavab oyununda da Nicat Abasov qələbə qazanıb.
Beləliklə Azərbaycan şahmatçısı karyerasında ilk dəfə Dünya Kubokunda 1/4 finala vəsiqə qazanıb. Şahmatçımızın növbəti rəqibi Yan Nepomnyaşi-Santoş Vidit (Hindistan) cütünün qalibi olacaq.
Xatırladaq ki, Beynəlxalq Şahmat Federasiyasının (FİDE) Bakıda keçirilən Şahmat üzrə Dünya Kubokunun start siyahısında açıq bölmədə 206, qadınlar bölməsində isə 103 şahmatçı yer alıb. Şahmat üzrə Dünya Kuboku Azərbaycanda ikinci dəfədir keçirilir. İlk dəfə olaraq, 2024-ci il kişi namizədlər turniri və qadın namizədlər turnirində həm açıq, həm də qadın bölmələrindən ən yaxşı üç oyunçu iştirak edəcək.
FİDE Dünya Kuboku 2023 oyunları yarışın rəsmi saytında Azərbaycan və ingilis dillərində yayımlanır. Müsabiqə avqustun 25-dək davam edəcək. Kubokun mükafat fondu 2,5 milyon dollar müəyyən edilib.
FİDE Dünya Kuboku Bakı şəhərində yerləşən "Marriott Boulevard" otelində keçirilir