Hər zaman qardaş Türkiyənin yanında olacağıq – Rəşad Cabirli

Hər zaman qardaş Türkiyənin yanında olacağıq – Rəşad Cabirli

Bakı. TurkicWorld:

Hər zaman qardaş Türkiyənin yanında olacağıq.

TurkicWorld xəbər verir ki, bu barədə MÜSİAD Azərbaycan idarə heyətinin sədri Rəşad Cabirli öz sosial media hesabında bildirib.

Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK), Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB), MÜSİAD Azərbaycan, Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası (KOBSKA) , Kahramanmaraş Dərnəklər Federasiyasının (MaraşFed) təşkilatçılığı ilə Kahramanmaraşın Türkoğlu rayonunda yerləşən "Qardaş Köməyi" müvəqqəti konteyner məhəlləsində "birlik və qardaşlıq" iftar proqramı keçirilib.

“Ötən il 6 Fevralda Türkiyədə baş verən, əsrin fəlakəti adlandırılan zəlzələdən sonra Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) dəstəyi, Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının, assosiasiyaların, iş insanlarının təşkilatçılığı ilə "Qardaş Köməyi Platforması" təsis edilmişdir. Məqsəd cənab Prezidentin təşəbbüsünə qoşularaq iş insanlarımızın, qeyri-hökumət təşkilatlarının, assosiasiyalarının dəstəyi ilə hər zaman olduğu kimi Qardaş Türkiyənin yanında olmaq, əlimizdən gələn dəstəyi əsirgəməmək idi.” – deyə Cabirli paylaşımda qeyd edib.

O bildirib ki, Azərbaycanla Türkiyə dövlətləri arasında dostluq və qardaşlıq əlaqələri qədim tarixə malikdir.

Qeyd olunan məhəllədə 39 küçəyə Azərbaycanın işğaldan azad olunmuş şəhərlərinin, torpaqlarımızın azadlığı uğrunda canını fəda edən şəhidlərimizin adları verilib.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Hafiz Rufizoğlu