Baku, TurkicWorld
28 fevral 2024-cü il tarixdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsi (DQİDK), Quba Rayon İcra Hakimiyyəti (RİH), İnsan Hüquqları üzrə Müvəkkilin Şimal regional Mərkəzi və Quba – Xaçmaz Regiobal Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə ilə “Qızları təhsildən yayındırmağın hüquqi və mənəvi məsuliyyəti” mövzusunda seminar keçirilib.
TurkicWorld xəbər verir ki, Seminarda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin müdiri Ramin Xudayev, İnsan hüquqları üzrə Müvəkkilin Şimal regional Mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev, Quba RİH-nin İctimai-siyasi və humanitar məsələlər üzrə şöbə müdirinin müavini – dini qurumlarla işin təşkilatçısı Anar Məmmədov, RİH başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın aparıcı məsləhətçisi – psixoloq Cahid Mustafayev, Quba rayonu Hacıhüseynli kənd tam orta məktəbinin direktoru Cavid Şahbalayev, müəllimlər, valideynlər və şagirdlər iştirak edib.
Çıxışlar zamanı qızların təhsil almasının önəmi, təhsildən yayındlrmanın hüquqi və mənəvi aspektləri haqqında məlumat verilərək qeyd edildi ki, qızların təhsil alması gələcəkdə ailənin, o cümlədən cəmiyyətin sağlam təməllər üzərində qurulmasının təminatıdır. Bildirildi ki, qızların təhsil alması həm də onların özləri üçün yüksək mənəvi və maddi təminatdır.
Seminar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24.02.2020-ci il tarixli, 71 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair 2020-2025-ci illər üçün Tədbirlər Planı” çərçivəsində keçirilib.