Bütün təhlükələrə rəğmən qardaş ölkəyə dəstək göstərdik – Azərbaycan Könüllüsü (Özəl)

Bütün təhlükələrə rəğmən qardaş ölkəyə dəstək göstərdik – Azərbaycan Könüllüsü (Özəl)

Bakı. TurkicWorld:

Bütün təhlükələrə rəğmən qardaş ölkəyə dəstək göstərdik.

TurkicWorld xəbər verir ki, bu barədə AzerVoice-ə, Türkiyəyə yardıma gedən Azərbaycan Könüllüsü Rza Şahverdiyev deyib.

“6 Fevralda baş vermiş zəlzələ həqiqətən də çox dəhşətli idi. Oradakı soydaşlarımıza, qardaşlarımıza yardım göstərmək üçün, 10 fevralda Azərbaycan Könüllüləri olaraq, qardaş Türkiyədə baş vermiş zəlzəzlə bölgəsinə yola düşdük. Əsasən çadır heyəti olaraq fəaliyyət göstərirdik. Bölgədə 100-dən çox çadırın qurulmasında bir başa iştirak etmişik” - deyə o bildirib.

Rza Şahverdiyev qeyd edib ki, 21 günlük fəaliyyət çərçivəsində çox təsir edici anlar yaşanıb.

“Baş verən hadisə bölgədəki insanlara ciddi təsir göstərmişdi. Biz mümkün qədər onlara dəstək olurduq. Xüsusilə də azyaşlı uşaqlar bizimlə vaxt keçirərkən çox xoşbəxt olurdular. İnsanlara kiçik bir təbəssüm belə yaşatmaq bizim üçün xoş bir hissdir. Çünki biz digərləri kimi deyildik. Biz qardaşları idik. Qanımız, canımız, ürəyimiz bir döyünürdü.” - deyə o bildirib.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

"Bir yumruq, bir ürək, bir can" şüarını rəhbər tutaraq qardaş ölkədə zəlzələ bölgələrində bu fəaliyyəti Azərbaycan Könüllüləri həm müddət, həm də say baxımından mütəşəkkil formada ölkəmizdən kənarda humanitar yardım istiqamətində təşkil olunmuş ilk könüllü fəaliyyəti kimi tarixə düşüb. Azərbaycanlı könüllülər zəlzələ bölgəsində çox çətin şəraitin olmasına, dağılmış ərazilərə yetişməyin çətinliklərinə baxmayaraq, uzun yol qət edərək, zəlzələdən zərərçəkənlərin köməyinə çatıb.

Hafiz Rufizoğlu