Son dəqiqə

Quba

Qubada korrupsiyaya qarşı mübarizə çərçivəsində maarifləndirmə seminarı keçirilib

Bakı. TurkicWorld:

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) Kollegiyasının 22 dekabr 2022-ci il tarixində təsdiq edilmiş DQİDK-nın bölgə şöbələri tərəfindən 2023-cü ildə təşkil ediləcək tədbirlərin qrafikinə əsasən, korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutları ilə dövlət orqanları (qurumları) arasında əməkdaşlığın daha da gücləndirilməsi və layihələrin həyata keçirilməsi çərçivəsində 20 dekabr 2023-cü il tarixdə “Korrupsiyaya qarşı mübarizə hər birimizin vətəndaşlıq borcudur” mövzusunda maarifləndirmə seminarı keçirilib.

TurkicWorld xəbər verir ki, DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin, Quba Rayon İcra Hakimiyyətinin və İnsan Hüquqları üzrə Müvəkkilin Şimal regional mərkəzinin birgə təşkilatçılığı ilə baş tutan seminarda DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Ramin Xudayev, İnsan Hüquqları üzrə Müvəkkilin Şimal regional mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev, Quba Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Anar Məmmədov, Hüquq şöbəsinin əməkdaşı Qəmbər Abdullayev, Quba Regional QHT-in Resurs və Təlim Mərkəzi İctimai Birliyinin sədri Eynulla Xeyrullayev, müvafiq yerli dövlət və qeyri-dövlət qurumlarının nümayəndələri, dini icma sədrləri iştirak edib.

Seminarda qeyd edilib ki, Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin mühüm istiqamətlərindən birini də cəmiyyətdəki neqativ hallara, qanun pozuntusuna, korrupsiyaya və rüşvətxorluğa qarşı intensiv mübarizə təşkil edir. Ölkədə gerçəkləşdirilən sosial-iqtisadi islahatların səmərəliliyini artırmaq məqsədilə korrupsiyanın yayılmasının qarşısının alınması və hüquqpozmaların aradan qaldırılması dövlətin bu yöndə həyata keçirdiyi tədbirlərin başlıca istiqamətlərindəndir. Bildirildi ki, korrupsiyaya qarşı mübarizə ilə bağlı ölkəmizdə məqsədyönlü tədbirlər keçirilib, bu sahədə qanunvericilik bazası təkmilləşdirilib. Lakin korrupsiya və rüşvətxorluğun tamamilə aradan qaldırılması üçün vətəndaşların bu işdə dövlətlə həmrəylik nümayiş etdirməsi mühüm amillərdən biridir. Seminarda məlumat verildi ki, Prezident İlham Əliyevin 4 aprel 2022-ci il tarixində imzaladığı müvafiq Sərəncamla “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” təsdiqlənib. Bu sənədin təsdiqlənməsi Azərbaycanın özünün inkişafının indiki mərhələsində korrupsiyaya qarşı mübarizəyə yeni baxışını və niyyətini ifadə edir. Şübhəsiz ki, korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə tədbirlərinin istənilən effekti verməsi, yaxud əldə olunan nəticələrin davamlılığı ictimaiyyətin dəstəyi olmadan mümkün deyil. Çünki neqativ halların baş verməsində cəmiyyətin də üzərinə müəyyən məsuliyyət düşür və bu səbəbdən də vətəndaşlar sözügedən məsələdə öz qəti mövqeyini ortaya qoymalı, hüquq və vəzifələrini bilməli, neqativ hallarla mübarizədə ictimai nəzarət funksiyasını yerinə yetirməlidirlər.

Mövzuya görə xəbərlər