Bakı. TurkicWorld:
Qubada “Azərbaycançılıq ideologiyasının formalaşmasında Heydər Əliyev dühası: milli – mənəvi dəyərlər” mövzusunda regional konfrans keçirilib.
TurkicWorld-un məlumatına görə, dekabrın 11-də müvafiq dövlət qurumlarının birgə təşkilatçılığı ilə Quba şəhərində yerləşən Heydər Əliyev Mərkəzində “Azərbaycançılıq ideologiyasının formalaşmasında Heydər Əliyev dühası: milli-mənəvi dəyərlər” mövzusunda regional konfrans keçirilib. Konfransda Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Səidə Abasova, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin müdiri Ramin Xudayev, İnsan Hüquqları üzrə Müvəkkilin Şimal regional mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev, Quba – Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəis müavini Şahin İsrafilov, Quba – Xaçmaz Regional Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən Pərvin Ağasiyev, Quba – Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəis müavi Mustafa Möhbalayev, Qafqaz Müsəlmanları İdarəsinin Quba, Qusar və Xaçmaz rayonları üzrə qazısı Naib Səttarov, regionun elm, təhsil və mədəniyyət sahəsində çalışan əməkdaşları, ziyalılar, din xadimləri və gənclər iştirak edib.
“Heydər Əliyev İli” çərçivəsində keçirilən konfransda Ulu Öndər Heydər Əliyevin Quba şəhərində yerləşən abidəsi ziyarət olunub, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin suverenliyi uğrunda öz canlarından keçmiş şəhidlərimizin əziz ruhu bir dəqiqəlik sükutla yad edilib. Daha sonra, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi ilə ərsəyə gəlmiş “Heydər Əliyev və Azərbaycançılıq” adlı sənədli film nümayiş etdirilib.
Konfransda elm, təhsil, mədəniyyət, insan hüquqları, milli-mənəvi dəyərlərin qorunması və gənclər sahəsində Ümummilli Lider Heydər Əliyevin apardığı islahatlar haqqında danışılaraq qeyd edilib ki, Ulu Öndərin irəli sürdüyü Azərbaycançılıq ideologiyası nəinki ölkəmizdə yaşayan müxtəlif etnos və xalqları, bütün konfessiyaları birləşdirdi, həm də bütün dünya azərbaycanlılarını bir amalın ətrafında birliyinə nail olundu. Bildirildi ki, dünya azərbaycanlılarını birliyə və vəhdətə səsləyən Heydər Əliyev müdrik rəhbərliyi, uzaqgörənliyi, qətiyyəti və əzmkarlığı ilə zəmanəmizin görkəmli siyasi xadimi kimi tanınmış, eyni zamanda güclü və qüdrətli, müstəqil Azərbaycan naminə böyük səylər göstərərək buna nail olmuşdur.