Son dəqiqə

Azərbaycan Qarabağ Ermənistan mina

İşğaldan azad olunmuş ərazilərdə mina partlayışı və qurbanlarının sayı barədə aylar və illər üzrə statistika

Bakı. TurkicWorld:

İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın qarşılaşdığı ən böyük problemlərdən biri də işğaldan azad olunmuş ərazilərini minalar və partlamamış hərbi sursatlardan təmizlənməsidir. Bu problemi hökumət strukturları, xüsusilə də dövlətimizin başçısı, vətəndaş cəmiyyəti təsisatları, qeyri-hökumət təşkilatları, mətbuat daim diqqət mərkəzində saxlayır və bütün müvafiq platformalarda Azərbaycanın qarşılaşdığı problem beynəlxalq aləmə çatdırılır.

Prezident İlham Əliyev də bütün çıxışlarında mina probleminə toxunur. Qoşulmama Hərəkatının Bakıda keçirilən yüksək səviyyəli görüşündə bu məsələyə toxunan dövlətimizin başçısı deyib ki, Azərbaycan hazırda dünyada minalarla ən çox çirkləndirilmiş on ölkə sırasındadır. İşğaldan azad edilmiş ərazilərdə baş verən hər bir mina partlayışı Ermənistanın törətdiyi hərbi cinayətlərin uzun siyahısının davamıdır.

Bu mina hadisələri nəticəsində zərərçəkənlər və aşkarlanmış partlayıcı sursatlara dair statistika da buna sübutdur.

TurkicWorld xəbər verir ki, 2020-ci il noyabrın 10-dan 2023-cü il oktyabrın 6-dək Ermənistanın Azərbaycan xalqına qarşı mina müharibəsi nəticəsində Qarabağ və Şərqi Zəngəzur ərazilərində 191 mina hadisəsi baş verib, 329 azərbaycanlı mina partlayışının qurbanı olub. Onlardan 48-i mülki, 15-i hərbçi olmaqla 63-ü həlak olub. Həmçinin mina partlayışları nəticəsində ümumilikdə 266 nəfər xəsarət alıb.

2020-ci il noyabrın 10-dan 2021-ci il dekabrın 14-dək Ermənistanın mina terroru nəticəsində cəmi 197 nəfər xəsarət alıb. Onlardan 36 nəfər həyatını itirib, 161 nəfər yaralanıb.

2021-ci il dekabrın 15-dən 2022-ci il fevralın 4-dək minalardan yeddi nəfər zərər çəkib. Onlardan 4-ü mülki vətəndaş, 2-si hərbçi olmaqla altı nəfər yaralanıb, bir mülki şəxs isə ölüb.

Ötən il fevralın 5-dən aprelin 6-dək mina terroru nəticəsində altı nəfər yaralanıb. Həmin il aprelin 7-dən mayın 18-dək ümumilikdə 12 nəfər mina partlayışlarından xəsarət alıb. Onlardan 10 nəfər yaralanıb, iki nəfər isə həlak olub. Mayın 19-dan avqustun 18-dək 11 nəfər minadan zərər çəkib. Onlardan 10 nəfər yaralanıb, bir hərbçi ölüb. Avqustun 19-dan sentyabrın 23-dək 22 nəfər mina partlayışlarından xəsarət alıb. Onlardan 20 nəfər yaralanıb, iki hərbçi həyatını itirib. Sentyabrın 24-dən oktyabrın 3-dək beş mülki vətəndaş mina partlayışlarından zərər çəkib. Onlardan üçü yaralanıb, ikisi isə həlak olub. Oktyabrın 4-dən noyabrın 10-dək 11 nəfər mina partlayışlarından zərər çəkib ki, onlardan bir nəfər ölüb. Noyabrın 11-dən 2023-cü il yanvarın 6-dək doqquz nəfər mina partlayışlarından xəsarət alıb. Onlardan səkkiz nəfər yaralanıb, bir nəfər həyatını itirib.

Cari il yanvarın 7-dən martın 14-dək 5 nəfər mina partlayışından xəsarət alıb. Onlardan üç nəfər yaralanıb. Bir hərbçi, bir mülki vətəndaş həlak olub. Martın 15-dən iyunun 12-dək 16 nəfər mina partlayışlarından xəsarət alıb. Onlardan doqquz nəfər yaralanıb, yeddi nəfər ölüb. İyunun 13-dən avqustun 23-dək iki nəfər mina partlayışlarından yaralanıb. Avqustun 24-dən sentyabrın 11-dək üç nəfər mina partlayışları nəticəsində yaralanıb. Sentyabrın 12-dən 25-dək 21 nəfər mina partlayışlarından zərər çəkib. Nəticədə səkkiz nəfər həlak olub. Həmin ayın 26-dan oktyabrın 6-dək iki hərbi qulluqçu mina partlayışı nəticəsində yaralanıb.

Qeyd edək ki, bu il oktyabrın 5-dək 100 467.8 hektar ərazi mina və digər partlayıcı qurğulardan təmizlənib.

Xatırladaq ki, həmin müddət ərzində ümumilikdə 95 min 638 ədəd mina və digər partlayıcılar aşkarlanıb. Onlardan 29 min 790-ı piyada əleyhinə, 17 min 439-u tank əleyhinə mina, 48 min 409-u partlamamış hərbi sursatdır.

Mövzuya görə xəbərlər