Trend BİA - 28 il - yerli mediadan beynəlxalq mediaya uğurlu keçid!

Trend BİA - 28 il - yerli mediadan beynəlxalq mediaya uğurlu keçid!

Bu gün - 1 sentyabr Trend Beynəlxalq İnformasiya Agentliyi (BİA) 28 yaşını qeyd edir.

28 illik fəaliyyəti ərzində Trend kiçik bir xəbər agentliyindən, baş ofisi Bakıda yerləşən beynəlxalq müstəqil media qrupuna, Avropadakı törəmə şirkətlərinə və aparıcı xarici media ilə birgə layihələrə keçərək, regional media məkanının liderlərindən birinə çevrilib. Trend bütün dünyada öz oxucularına və abunəçilərinə geniş çeşiddə informasiya məhsulları təklif edir.

Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın bilavasitə diqqət və qayğısı sayəsində Azərbaycanda medianın inkişafı üçün əlverişli mühit formalaşıb, daxili jurnalistikanın nüfuzu yüksəlib. Məhz bu amillər Azərbaycan və beynəlxalq informasiya məkanında Trend-in uğurlu yolunun bünövrəsinə çevrilib.

28 il ərzində agentlikdə peşəkar işçi qrupu formalaşıb. Tayı-bərabəri olmayan İT məhsulları sayəsində Trend qlobal tendensiyalarla ayaqlaşaraq, müxtəlif nüfuzlu beynəlxalq media orqanları sırasında öz yerini qərarlaşdırıb. Bu günə qədər agentliyin yüzlərlə gündəlik xəbəri aparıcı transmilli mediada yenidən çap olunur. Bundan əlavə, Trend BİA Avropada bir neçə köməkçi informasiya layihələri yaradıb və onlar artıq fəal şəkildə inkişaf edir və öz oxucularını tapır.

Agentliyin son layihələri də maraqlıdır. Bu il Şuşada keçirilən Qlobal Media Forumu çərçivəsində Trend BİA-nın Türkiyənin nüfuzlu Dəmirören xəbər agentliyi (DHA), eləcə də Avropa mediasını birləşdirən nüfuzlu Qrup ilə birgə iki layihəsinin təqdimatı olub. Bir müddət sonra Bakıda Trend BİA və Türkiyənin Albayrak media qrupunun birgə layihəsi olan Turkic.World media platformasının mərkəzi ofisinin açılış mərasimi keçirilib. Turkic.World media platforması Türk Şurasının 2021-ci ildə İstanbulda keçirilən media forumunda təqdim olunub.

TurkicWorld media şirkətinin kollektivi Trend BİA-dan olan həmkarlarını təbrik edir, onlara yaradıcılıqnailiyyətləri və ancaq və ancaq xoş xəbərlər arzulayır!