Azərbaycan Ordusunda Milli Qurtuluş Günü münasibətilə silsilə tədbirlər keçirilib

Azərbaycan Ordusunda Milli Qurtuluş Günü münasibətilə silsilə tədbirlər keçirilib

Bakı. TurkicWorld:

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına əsasən, Müdafiə Nazirliyinin tabeliyində olan birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində 15 İyun - Milli Qurtuluş Günü münasibəti ilə silsilə tədbirlər keçirilib.

Bu barədə TurkicWorld-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Plana uyğun olaraq, şəxsi heyət Heydər Əliyev mərkəzlərini, muzeyləri və abidələri ziyarət edib, Ulu Öndərin şərəfli həyat yolu və fəaliyyəti haqqında filmlər nümayiş etdirilib, konfranslar, “dəyirmi masa”lar, eləcə də müxtəlif mədəni-kütləvi tədbirlər təşkil olunub.

Keçirilən silsilə tədbirlərdə əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Çıxış edənlər Ulu Öndərin ikinci dəfə hakimiyyətə qayıdışından sonra ölkəmizdə həyata keçirilən işlərdən və onun siyasi kursunun hazırda Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, eləcə də Vətən müharibəsində qazanılan şanlı qələbənin tarixi əhəmiyyətindən danışıblar.

Tədbirin bədii hissəsində Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin kollektivlərinin, həmçinin incəsənət xadimlərinin iştirakı ilə rəngarəng konsert proqramları təqdim edilib.

Sonda döyüş hazırlığında fərqlənən bir qrup hərbi qulluqçuya fəxri fərmanlar verilib.