Son dəqiqə

erməni terroru Bakı Ağır Cinayətlər Məhkəməsi

13 nəfərlik erməni silahlı birləşmənin cinayət işi üzrə məhkəmə prosesi başlayıb

Bakı Apellyasiya Məhkəməsində terror törətmək məqsədilə Azərbaycan ərazisinə keçən daha 13 nəfərlik erməni silahlı birləşməsinin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Turkic.World-un məlumatına görə, proses Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilir.

Qeyd edək ki, Ermənistan Respublikasının vətəndaşlarından ibarət bir qrup şəxs qanunsuz şəkildə odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə edərək qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr yaratmışlar. Onlar 2020-ci ilin 26-27 noyabr tarixlərində Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq mütəşəkkil dəstə halında keçməklə Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində meşəlik və digər ərazilərində döyüş mövqeləri tutaraq 13 dekabr 2020-ci il tarixədək olan müddət ərzində ölkə ərazisində yerləşən müəssisə, idarə, təşkilatlara, habelə ayrı-ayrı şəxslərə silahlı basqınlar etmiş, ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, Azərbaycan Respublikasının dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və digər terror əməlləri törədiblər.

Həmin silahlı dəstənin 14 nəfər üzvü barəsində cinayət işinin istintaqının yekunlaşdırılaraq təsdiq edilmiş ittiham aktı ilə birlikdə baxılması üçün məhkəməyə göndərilməsi barədə ictimaiyyətə daha əvvəl məlumat verilib.

Hazırda sadalanan faktlarla bağlı qanunsuz silahlı birləşmənin digər üzvlərinin - Hovanesyan Haykaz Koryunoviç, Manukyan Varazdat Amuşavanoviç, Stepanyan David Stepanoviç, Tosunyan Levan Aşotoviç və qeyrilərinin, ümumilikdə 13 təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3-cü (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 228.3-cü (mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və gəzdirmə), 279.2-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların tərkibində müəssisələrə, idarələrə, təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın etmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunmalarına dair cinayət işinin istintaqı yekunlaşdırılaraq Azərbaycan Respublikasının Baş prokurorunun müavini tərəfindən təsdiq edilmiş ittiham aktı ilə birlikdə baxılması üçün məhkəməyə göndərilib.

Mövzuya görə xəbərlər