Vardanyanla qanunsuz məskunlaşanlar arasında heç bir fərq yoxdur - Ceyhun Bayramov

Vardanyanla qanunsuz məskunlaşanlar arasında heç bir fərq yoxdur - Ceyhun Bayramov

Bakı. TurkicWorld:

Ruben Vardanyanla qanunsuz məskunlaşanlar arasında heç bir fərq yoxdur.

TurkicWorld-un məlumatına görə, bunu xarici işlər naziri Ceyhun Bayramov Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş anım tədbirində jurnalistlərə açıqlaması zamanı deyib.

Nazir qeyd edib ki, Azərbaycan II Qarabağ müharibəsindən sonra sülh gündəliyi barədə danışır. Artıq tariximizin qara səhifəsini çevirib gələcəyə baxışı nümayiş etdirməyə hazırlığını bildirib.

"Bu kontekstdə Qarabağda yaşayan erməni əsilli sakinlərin Azərbaycan cəmiyyətinə ictimai, siyasi və iqtisadi səviyyədə inteqrasiya işlərinə başlamağa hazır olduğunu və Azərbaycanın suverenliyi ilə bölgənin inkişafı ilə bağlı Prezident İlham Əliyevin ilk gündən açıq, məntiqli və davamlı mesajları olub. Düşünürəm ki, hər kəs bunu qəbul edib. Ona görə özünü erməni əhalisinin nümayəndəsi kimi təqdim etməyə çalışan şəxslə bağlı Azərbaycanın mövqeyi ondan ibarət oldu ki, biz əhalinin nümayəndələri ilə danışmağa hazırıq. Ancaq kənardan gəlib özünü salmış və ya saldırmış, kimlərinsə oyununu oynayan Qarabağa heç bir aidiyyəti olmayan şəxs bizim üçün tərəf müqabili ola bilməz. Vardanyanın həmin mövqedə yer alması mümkünsuz idi. Onun arxasında duranlar da başa düşdü ki, bu layihənin heç bir perspektivi yoxdur.

Ümumiyyətlə, reinteqrasiya prosesi ilə bağlı qərarlar müzakirə edilən zaman dəfələrlə deyilib ki, bu, Azərbaycan Konstitusiyasına və onun tərəf olduğu beynəlxalq müqavilələrə uyğun formatlarda həyata keçiriləcək, belə olanda həmin ərazidə yaşayan vətəndaşlara şamil olmalıdır.

Bilirsiniz ki, Ermənistan uzun müddət qanunsuz məskunlaşma siyasəti həyata keçirib. Hesab edirəm ki, Vardanyanla qanunsuz məskunlaşanlar arasında heç bir fərq yoxdur. Çünki onun Qarabağa aidiyyəti olmayıb", - deyə nazir əlavə edib.

Xatırladaq ki, erməni əsilli rusiyalı milyarder Ruben Vardanyan dünən Qarabağdakı separatçı rejimdə tutduğu "post"dan qovulub.