Son dəqiqə

Ceyhun Bayramov

Ceyhun Bayramov: Azərbaycan-Türkiyə münasibətləri yeni mərhələdə inkişaf edir

BAKI,TurkicWorld

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin xarici işlər naziri Hakan Fidanla birgə keçirilən mətbuat konfransında iki ölkə arasında strateji tərəfdaşlığın əsas istiqamətlərindən danışıb.

Ceyhun Bayramov bildirib ki, Azərbaycan-Türkiyə münasibətləri yeni mərhələdə hərtərəfli və dinamik şəkildə inkişaf edir. Nazir qarşılıqlı münasibətlərdə ərazi bütövlüyü və suverenliyə göstərilən dəstəyin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

Onun sözlərinə görə, Şuşa Bəyannaməsində təsbit olunan müddəalar Azərbaycan və Türkiyənin gələcəyi, eləcə də xalqların rifahı baxımından mühüm siyasi baza formalaşdırır.

“İki ölkə yalnız bu günün deyil, gələcəyin çağırışlarını da birlikdə qarşılayır”

Bayramov qeyd edib ki, Azərbaycan və Türkiyə arasında əməkdaşlığın müxtəlif sektorlar üzrə genişləndirilməsi qarşıdakı dövrün əsas prioritetlərindəndir.

Nazir birgə həyata keçirilən layihələrin iki ölkə arasındakı münasibətlərin yüksək səviyyəsinin göstəricisi olduğunu bildirib.

Ticarət dövriyyəsi 5 milyard dollara çatıb

Ceyhun Bayramov iqtisadi əlaqələrə də toxunub.

“2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi təxminən 5 milyard dollar təşkil edib. Qarşılıqlı investisiyaların ümumi həcmi isə 20 milyard dolları ötüb”, – deyə nazir bildirib.

O, enerji layihələrinin Azərbaycan-Türkiyə münasibətlərində mühüm yer tutduğunu vurğulayıb. Azərbaycanın enerji resurslarının Türkiyə üzərindən Avropa bazarlarına çıxarılmasının həm regional, həm də Avropanın enerji təhlükəsizliyi baxımından əhəmiyyətli olduğunu qeyd edib.

Nəqliyyat və enerji əməkdaşlığı genişlənir

Bayramov bildirib ki, enerji və nəqliyyat sahəsində həyata keçirilən layihələr iki ölkənin strateji tərəfdaşlığını daha da möhkəmləndirir.

Onun sözlərinə görə, yüksək səviyyəli siyasi platformalarda əldə olunan razılaşmalar bu əməkdaşlığın yeni istiqamətlər üzrə inkişafına imkan yaradır.

Nazir təhsil, elm, mədəniyyət, gənclər, idman və humanitar sahələrdə əməkdaşlığın da xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırıb.

“Birgə səylərimiz böyük əhəmiyyət daşıyır”

Ceyhun Bayramov Azərbaycan və Türkiyənin geniş coğrafiyada bir sıra ümumi çağırışlarla üzləşdiyini bildirib.

“Bu problemlərin həlli, regional və beynəlxalq təhlükəsizliyin təmin olunması, habelə sülh və sabitliyin möhkəmləndirilməsi istiqamətində birgə səylərimiz böyük əhəmiyyət daşıyır”, – deyə XİN rəhbəri vurğulayıb.

Bayramov bugünkü görüşün Azərbaycan-Türkiyə əməkdaşlığının daha geniş platformalarda inkişafına mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.

Qeyd edək ki, Ceyhun Bayramov və Hakan Fidanın görüşündə Azərbaycan-Türkiyə münasibətləri ilə yanaşı, regional və beynəlxalq gündəmin aktual məsələləri də müzakirə olunub.

Mövzuya görə xəbərlər