192 kilometrlik mübarizə başa çatıb: III Beynəlxalq Xankəndi Ultramarafonunun qalibləri müəyyənləşib

Bu gün III Beynəlxalq Xankəndi Ultramarafonuna yekun vurulub.

Azərbaycan Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə keçirilən ultramarafona 6 ölkədən 97 atlet qatılıb.

Dörd gün ərzində atletlər əzmkarlıq və qələbə əzmi nümayiş etdirərək ümumilikdə 192 km məsafə qət ediblər. Ultramarafon dörd mərhələdən ibarət olub: Qəbələ–Ağdaş (52,5 km), Ağdaş–Bərdə (63,5 km), Bərdə–Ağdam (46,8 km) və Ağdam–Xankəndi (29,2 km).

Hər mərhələdə atletlər ayrıca qələbə uğrunda mübarizə aparıblar. Mərhələlərin qalibləri ayrıca mükafatlandırılıb, ultramarafonun ümumi qalibləri isə baş mükafata layiq görülüblər.

Yarışın sonuncu mərhələsində iştirakçılar Ağdamdan Xankəndiyə qədər 29,2 km məsafə qət ediblər. Kişilər arasında bu mərhələnin qalibi David Xarazişvili (Gürcüstan), qadınlar arasında isə Olena Şevçenko (Ukrayna) olublar.

Dörd mərhələnin yekun nəticələrinə əsasən, III Beynəlxalq Xankəndi Ultramarafonunun kişilər arasında qalibi David Xarazişvili (Gürcüstan) olub. İkinci yeri Andrey Eqorov (Litva), Azərbaycan təmsilçisi Elşad Nəsibov isə üçüncü yeri tutub. Qadınlar arasında Olena Şevçenko (Ukrayna) ümumi hesabda birinci yeri tutaraq ultramarafonun qalibi olub. Leyla Abdinova (Rusiya) ikinci, üçüncü yeri isə Natalya Vallek (Azərbaycan) tutub.

Azərbaycan Respublikası gənclər və idman naziri Fərid Qayıbov yarışın əhəmiyyətini və iştirakçı sayındakı artımı vurğulayıb:

“III Beynəlxalq Xankəndi Ultramarafonu artıq üçüncü dəfədir təşkil olunur. Son iki ildə yarışın finişi Xankəndidə olur. Bu il iştirakçılar dörd gün ərzində 192 kilometr məsafə qət ediblər. Sevindirici haldır ki, yarışa qatılanların sayı ildən-ilə artır. İştirakçılar arasında həm yerli, həm də xarici atletlər var. Bu il altı ölkədən idmançı yarışda qüvvəsini sınayıb. İştirakçıların təxminən 25 faizini qadınlar təşkil edir. Finişə çatan idmançıları təbrik edirəm. Azad olunmuş torpaqlarımızda gerçəkləşən bu növbəti idman bayramı münasibətilə hər kəsi təbrik edirəm”.
Yarışın qalibi David Xarazişvili ultramarafonun təşkilatçılığını yüksək qiymətləndirib: “İlk növbədə Azərbaycan xalqına dərin təşəkkürümü bildirmək istəyirəm. Hər şey yüksək səviyyədə təşkil olunmuşdu. Dörd gün ərzində keçirilən yarışdan çox gözəl təəssüratlarla ayrılıram. Gələn il də mütləq iştirak edəcəyəm”.

Ümumi hesabda üçüncü yeri tutan Elşad Nəsibov isə Azərbaycanı təmsil etməkdən qürur duyduğunu bildirib: “Azərbaycanı təmsil etmək mənim üçün böyük qürurdur. Bu yarışda iştirak etdiyimə görə çox sevinirəm. Məqsədimiz Azərbaycanın adını ucaltmaq, üçrəngli bayrağımızı daim yüksəklərdə dalğalandırmaqdır. Qaçmaq rahat idi, bərpa prosesi isə çətin keçirdi. Bizə dəstək olan həkimlərə təşəkkürümü bildirirəm”.

Beynəlxalq ultramarafonun keçirilməsində əsas məqsəd sağlam həyat tərzinin və qaçış idmanının təbliği, həmçinin Azərbaycanın müxtəlif bölgələrinin idman vasitəsilə tanıdılmasıdır.

Qeyd edək ki, Xankəndi Ultramarafonu ilk dəfə 2024-cü ildə Xankəndi–Bakı marşrutu üzrə təşkil olunub. 380 km məsafəni əhatə edən yarışda dörd ölkədən 64 atlet iştirak edib. 2025-ci ildə isə ultramarafon Qəbələ–Xankəndi marşrutu üzrə keçirilib və yarışa altı ölkədən 81 atlet qatılıb.