Son dəqiqə

Zakir Həsənov Müdafiə Nazirliyi

Bakıda Azərbaycan-Türkiyə hərbi sənaye əməkdaşlığı müzakirə olunub

Bakı.Trend:

İyulun 2-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Prezident Administrasiyasının Müdafiə Sənayesi Agentliyinin sədr müavini Mustafa Murat Şekerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

"Görüşdə müdafiə naziri ölkələrimiz arasında həyata keçirilən birgə hərbi sənaye layihələrinin ordularımızın müdafiə qüdrətini daha da artıracağından əminliyini ifadə edib.

Göstərilən qonaqpərvərliyə görə general-polkovnik Z.Həsənova minnətdarlığını bildirən cənab M.M.Şeker bu cür görüşlərin qardaş ölkə ilə mövcud hərbi əməkdaşlığın genişləndirilməsində xüsusi rol oynadığını vurğulayıb",-deyə nazirliyin Mətbuat xidmətindən qeyd edilib.

MN-nin Mətbuat xidmətindən bildirilib ki, səfər çərçivəsində nümayəndə heyəti müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ilə görüşüb.

"Görüşdə xalqlarımız arasında dostluq və qardaşlıq münasibətlərinin hərbi əməkdaşlığın yüksələn xətlə inkişafına böyük təsir göstərdiyi qeyd olunub.

Keçirilən hər iki görüşdə tərəflər ölkələrimiz arasında hərbi əlaqələrin inkişaf perspektivləri, o cümlədən peyk texnologiyaları, radioelektron mübarizə, insansız sistem və digər sahələrdə süni intellektin tətbiqinə dair ətraflı fikir mübadiləsi aparıblar",-deyə nazirliyin Mətbuat xidmətindən əlavə edilib.

Mövzuya görə xəbərlər