BAKI,TurkicWorld
İsrail hökumətinin qondarma “erməni soyqırımı”nın tanınmasını dəstəkləməsi regionda və beynəlxalq siyasətdə yeni müzakirə dalğası yaradıb. Bu məsələ təkcə tarixi mübahisə kimi deyil, həm də Yaxın Şərq, Cənubi Qafqaz və Türkiyə–İsrail münasibətləri kontekstində ciddi geosiyasi qərar kimi qiymətləndirilir. Xüsusilə Ankara ilə Təl-Əviv arasında son illərdə müxtəlif səbəblərdən yaranmış gərginliyin davam etdiyi bir dövrdə belə bir addımın atılması diqqət çəkir.
TurkicWorld Crossmedia.az-a istinad edərək bildirir ki, Türkiyə uzun illərdir bu iddiaların siyasi məqsədlərlə gündəmə gətirildiyini bildirir və tarixi hadisələrin siyasətçilər tərəfindən deyil, müstəqil tarixçilər tərəfindən araşdırılmalı olduğunu vurğulayır. Digər tərəfdən, İsrailin bu məsələdə mövqe ortaya qoyması iki ölkə arasında onsuz da həssas olan münasibətlərə əlavə təsir göstərə biləcək faktor kimi dəyərləndirilir.
Eyni zamanda məsələ Azərbaycan üçün də xüsusi əhəmiyyət daşıyır. Azərbaycan bir tərəfdən Türkiyə ilə strateji müttəfiq və qardaş dövlət münasibətlərinə malikdir, digər tərəfdən isə İsraillə təhlükəsizlik, enerji və iqtisadi sahələrdə mühüm əməkdaşlıq əlaqələri qurub. Bu səbəbdən Bakının bu məsələdə necə mövqe sərgiləyəcəyi həm regional, həm də beynəlxalq dairələrdə maraq doğurur.
Bütün bunları nəzərə alaraq sual yaranır: İsrail hökumətinin bu qərarı Türkiyə–İsrail münasibətlərində yeni və daha dərin gərginlik yaradacaqmı? Bu addım regionda formalaşan yeni geosiyasi balanslara necə təsir göstərə bilər? Və belə həssas bir məsələdə Azərbaycan hansı mövqedən çıxış etməli, hansı diplomatik xətti qoruyub saxlamalıdır?
Yaxın Şərq üzrə ekspert Rufiz Hafizoğlu qeyd edib ki, konkret olaraq, İsrail hökumətinin qondarma erməni soyqırımını tanımasına siyasi baxımdan yanaşmaq vacibdir:
“İsrail parlamentinin belə bir addım atması olduqca absurd və səhv qərardır. Bunun iki əsas səbəbi var. Hər şeydən əvvəl Türkiyə hökuməti Ermənistanla normallaşma prosesi çərçivəsində dəfələrlə bəyan edib ki, 1915-ci il hadisələrinin araşdırılması məqsədilə Ermənistan, Avropa ölkələri və ABŞ-dən olan müstəqil tarixçilərin iştirakı ilə ortaq komissiyanın yaradılmasına hazırdır. Əslində bu, onu göstərir ki, Türkiyənin öz tarixindən utanmasına və ya gizlətməsinə heç bir əsas yoxdur. Dolayısı ilə tarixdə ermənilərə qarşı türklər və ya müsəlmanlar tərəfindən həyata keçirilmiş hər hansı soyqırımından söhbət gedə bilməz. Əgər belə bir fakt olsaydı, heç şübhəsiz ki, ermənilər, erməni diasporu, Ermənistanın Avropadakı tərəfdarları və onlarla həmrəylik nümayiş etdirən qüvvələr bunu konkret faktlarla sübut edərdilər. Deməli, ortada belə bir fakt yoxdur”.
Politoliq bu qərarı absurd adlandırdığını bildirib: “Çünki Qəzzada və ümumilikdə regionda baş verən hadisələrin fonunda bu qərar tamamilə ziddiyyətlidir. İsrail hərbi qüvvələrinin Qəzzada ümumilikdə 150 min insanın ölümünə, yaralanmasına və itkin düşməsinə səbəb olduğu bildirilir. Bunlardan təxminən 70 min nəfəri həyatını itirib. Belə bir vəziyyətdə tarixi əsası olmayan bir qərarın qəbul edilməsi, sözün həqiqi mənasında, gülüncdür. Təbii ki, bu, yəhudi xalqının qərarı deyil, bunu xüsusi vurğulamaq lazımdır. Amma onu da qeyd etmək lazımdır ki, İsraildə aparılan bəzi ictimai rəy sorğularında insanların müəyyən hissəsi bunu düzgün qərar kimi qiymətləndirir. Fikrimcə, bu qərar yenə də absurddur. Çünki 150 min insanın öldürüldüyü, yaralandığı və taleyinin məhv edildiyi bir şəraitdə tarixi əsası olmayan iddiaların “soyqırımı” kimi tanınması, hərbi baxımdan güclü olsa da, İsrail hökumətinin siyasi baxımdan nə qədər zəif və uzaqgörənlikdən uzaq olduğunu göstərir. Digər tərəfdən, maraqlı bir məqam da var. Söhbət 1915-ci il hadisələrindən gedir. Həmin dövrdə İsrail dövləti ümumiyyətlə mövcud deyildi. İsrail dövləti sonradan yaradılıb və hələ 100 illik tarixə belə malik deyil. Bu baxımdan, öz dövlətindən daha qədim tarixə malik hadisələr barədə heç bir tarixi əsası olmayan iddiaları qəbul etmək, ağılsızlıqdan başqa bir şey deyil”.
R.Hafizoğlu əlavə edib ki, Türkiyə ilə İsrail arasında diplomatik münasibətlər onsuz da demək olar ki, sıfır səviyyəsindədir: “İsrail bundan nə qazanacaq? Heç nə. Türkiyə bundan nə itirəcək? Yenə də heç nə. Dünyada qondarma erməni soyqırımını tanıyan bir çox dövlət var. Onların sırasında Rusiya da var və digər ölkələr də. Türkiyə bunlardan nə itirib? Heç nə. Bu qərar Türkiyə, türk xalqı və eləcə də Azərbaycan xalqı üçün yalnız kağız üzərində qəbul olunmuş siyasi sənəddən başqa bir məna daşımır. Bunun türk xalqı üçün real əhəmiyyəti yoxdur. Bu, Benyamin Netanyahunun və onun səriştəsiz kabinetinin qəbul etdiyi növbəti uğursuz və rüsvayçı qərardır. Yenə də vurğulayıram, söylədiklərim yəhudi xalqına deyil, yalnız Netanyahunun rəhbərlik etdiyi ifrat sağçı hökumətə aiddir. Dünyanın hər hansı bir ölkəsində bir nazir çıxıb “filan ölkəni yandırmalıyıq”, “filan xalqın anaları ağlamalıdır” kimi ifadələr işlədərsə, həmin ölkəyə qarşı çox ciddi siyasi və iqtisadi sanksiyalar tətbiq olunar. Lakin bu cür açıqlamaları İsrailin bugünkü hökumət nümayəndələri rahat şəkildə səsləndirirlər. Artıq vəziyyət o yerə çatıb ki, İsrailin sabiq baş naziri Ehud Olmert özü belə çıxış edərək İsrailin terror dövlətinə çevrildiyini bildirib. Onun bu mövzuda “Jerusalem Post” qəzetində də məqaləsi dərc olunub. Bu, əlbəttə, onun şəxsi mövqeyidir. Biz nə bu fikri dəstəkləyirik, nə də təkzib edirik. İsrailin terror dövləti olub-olmaması onların daxili məsələsidir. Azərbaycan məsələsinə gəldikdə isə, İsraillə münasibətlərimizin yaxşı olması o demək deyil ki, biz Türkiyəni qurban verə bilərik. Xeyr. Azərbaycan Xarici İşlər Nazirliyi bu qərarla bağlı açıq bəyanat verərək İsraili qərarına bir daha sağlam düşüncə ilə baxmağa çağırıb. Bu, İsrail üçün acı görünə bilər. Amma dost həqiqəti üzə deyər, acı olsa belə. Bu, Azərbaycanın xarici siyasətdə nə qədər ayıq, balanslı və prinsipial mövqe tutduğunu göstərən mühüm nümunələrdən biridir. Bu qərarın Azərbaycan–İsrail münasibətlərinə təsir edib-etməyəcəyinə gəlincə isə, bu barədə çox danışmaq olar. İsrail daxilində də Azərbaycanla münasibətlərin normal inkişafını istəməyən qüvvələr mövcuddur. Bundan əlavə, Ermənistana masa altından müəyyən siyasi, logistik və digər dəstəklərin göstərilməsi barədə də məlumatlar var. Bu isə Cənubi Qafqazda sülhün təmin olunması istiqamətində Azərbaycan hökumətinin atdığı addımlara mane olmaq cəhdindən başqa bir şey deyil. Bu gün Azərbaycan hökumətinin nümayiş etdirdiyi mövqe tamamilə doğrudur. Biz Türkiyə ilə müttəfiq və qardaş dövlətik. Aramızda Şuşa Bəyannaməsi mövcuddur və bu sənəd bütün digər münasibətlərin fövqündə dayanır. İsraillə münasibətlərimiz nə qədər yaxşı olsa da, bu, Şuşa Bəyannaməsinin və Azərbaycan-Türkiyə qardaşlığının üzərində ola bilməz”.
Politoloq Natiq Miri qeyd edib ki, İsrailin qondarma erməni soyqırımını tanıması, gecikmiş və səhv bir addımdır:
“Çünki bir neçə il əvvəl belə bir siyasi hadisə baş vermiş olsaydı, əlbəttə, qismən də olsa, beynəlxalq səviyyədə müəyyən təsiri ola bilərdi. Ancaq bu gün Ermənistanda real vəziyyət ondan ibarətdir ki, qondarma soyqırımı ideyasının gündəmə gətirilməsini Ermənistanın baş naziri Nikol Paşinyan belə zərərli hesab edir və düşünür ki, bu məsələ Ermənistanın suverenliyini əlindən almaq məqsədilə qəsdən ortaya atılmış bir layihədir. Buna görə də bu gün Ermənistan hökumətinin əsas hədəfi qondarma erməni soyqırımının daha çox dövlət tərəfindən tanınması hesabına Ermənistana hansısa dırnaqarası üstünlük və ya maliyyə qazandırmaq deyil. Əksinə, regional ölkələrlə, xüsusilə də Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq, bütün nəqliyyat-kommunikasiya xətlərini açmaqla inkişaf etmək, eyni zamanda məhz Türkiyə üzərindən digər bazarlara çıxışı təmin etmək və Avropa inteqrasiyasını irəli aparmaqdır. Bu səbəbdən Ermənistan üçün bu gün prioritet məsələ qondarma erməni soyqırımı deyil. Belə bir vəziyyətdə İsrailin qondarma erməni soyqırımını tanıması ən yaxşı halda “milçək vızıltısı” effekti yaradacaq, digər tərəfdən isə açıq şəkildə qərəzli qərar kimi qəbul olunacaq”.
Politoloq bildirib ki, belə bir qərarın nə zamanı doğrudur, nə də buna hər hansı ehtiyac yoxdur: “Türkiyə–İsrail münasibətlərinə gəlincə, bu münasibətlər onsuz da gərgindir və bu gün İsrail Türkiyəni özü üçün rəqib, hətta düşmən kimi qiymətləndirir. Buna görə də hesab etmirəm ki, bu qərar münasibətləri əvvəlkindən daha artıq korlayacaq. Digər tərəfdən, əgər İsraildə həqiqətən gələcəyi düşünən dövlət və siyasət adamları olsaydı, onlar bu cür addımlardan çəkinərdilər. Çünki regionda tamamilə yeni bir status-kvo formalaşmaqdadır. Yaxın Şərqdə, o cümlədən Körfəz ərəb ölkələri uzun illər ABŞ-nin təhlükəsizlik çətiri altında özlərini təhlükəsiz hesab edirdilər. Lakin İranla müharibə fonunda məlum oldu ki, bu təhlükəsizlik çətiri heç də etibarlı deyil. Ciddi raket hücumları göstərdi ki, Körfəz ölkələri də asanlıqla təhlükə ilə üz-üzə qala bilərlər. Buna görə də artıq həmin dövlətlər yalnız ABŞ-nin təhlükəsizlik çətirinə güvənmək əvəzinə alternativlər axtarmağa başlayıblar. Bu alternativlər içərisində isə Türkiyə əsas və həlledici lokomotiv rolunu oynayır. Bir tərəfdə Misir, digər tərəfdə Səudiyyə Ərəbistanı, Qətər, nüvə dövləti olan Pakistan və Türkiyənin iştirakı ilə yeni bir müttəfiqlik və güc mərkəzinin formalaşması barədə müzakirələr gedir. Perspektivdə ABŞ-nin regiondakı təsirinin azalacağı təqdirdə yaranacaq boşluğu məhz Türkiyənin nüvəsini təşkil etdiyi belə bir güc mərkəzinin doldura biləcəyi ehtimalı kifayət qədər böyükdür. Belə bir vəziyyətdə İsrailin perspektivini düşünmək lazımdır. Məhz buna görə də mən bu addımı yanlış hesab edirəm”.
N.Miri əlavə edib ki, bu qərarı Türkiyə üçün deyil, əksinə, İsrail dövləti üçün gələcək baxımından zərərli siyasi qərar kimi qiymətləndirirəm: “Çünki bu qərarın heç bir hüquqi əsası yoxdur, tamamilə siyasi xarakter daşıyır. Azərbaycan da haqlı olaraq bildirir ki, bu qərar münasibətlərin daha da korlanmasına, daha dəqiq desək, Türkiyə ilə İsrail arasında mövcud olan son körpülərin də yanmasına gətirib çıxara bilər. Eyni zamanda Azərbaycan bu yanlış qərardan geri dönməyin daha faydalı olacağını bəyan edir. Bu, həqiqətən də belədir. Çünki hazırkı mərhələdə İsrail üçün gələcək kifayət qədər qeyri-müəyyəndir. Üstəlik, İsraillə ABŞ rəhbərliyi arasında da getdikcə məsafə artır, fikir ayrılıqları və anlaşmazlıqlar çoxalır. Belə bir vəziyyətdə İsrailin bu cür addım atması nə məntiqlidir, nə də başadüşüləndir. Bu baxımdan Azərbaycan bütün bu amilləri nəzərə alaraq İsrailə tövsiyə edir ki, həmin qərar geri götürülsün, ləğv edilsin və perspektivdə Türkiyə ilə münasibətlərin normallaşdırılması istiqamətində addımlar atılsın. Düşünürəm ki, doğru olan mövqe də məhz budur. Azərbaycan düzgün yoldadır. Çünki belə bir vəziyyətdə Azərbaycan həqiqəti inkar edə bilməz. Və əlbəttə ki, haqlı olan Türkiyədir. Azərbaycan da qardaş Türkiyənin və haqlı tərəfin yanında dayanmalıdır. Bundan başqa, yaranmış bu vəziyyət Azərbaycanın deyil, süni şəkildə İsrailin və Netanyahu hökumətinin yaratdığı problemdir. Buna görə də bu vəziyyətə görə məsuliyyət Azərbaycanın üzərinə qoyula bilməz. Ona görə də Azərbaycanın seçimi haqlı tərəfdən və qardaş Türkiyədən yana olmalıdır. Hesab edirəm ki, Azərbaycanın hazırkı mövqeyi tamamilə doğrudur və ölkəmiz də məhz bu siyasəti həyata keçirir”.







