BAKI, TurkicWorld
Bakıda "Sülh Körpüsü" Təşəbbüsü üzvlərinin qadın və gənclər təşkilatlarının iştirakı ilə "Azərbaycanda qadın və gənclər təşkilatlarının sülh prosesinə cəlb edilməsi: "Sülh Körpüsü" Təşəbbüsü çərçivəsində ictimai müzakirə" keçirilib.
TurkicWorld xəbər verir ki, Milli QHT Forumunun, bir sıra QHT, qadın və gənclər təşkilatları nümayəndələrinin iştirak etdiyi bu ictimai müzakirə Azərbaycanla Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri arasında aparılan dialoq nəticələrinin Azərbaycan vətəndaş cəmiyyəti ilə bölüşülməsi, mövcud vəziyyətin açıq müzakirəsi və gələcək üçün qadın və gənclərin cəlb edilməsinin praktik mexanizmlərin formalaşdırılması, təkliflərin toplanması məqsədi daşıyıb.
Təşəbbüsün əsas əlaqələndiricisi Fərhad Məmmədov Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti üzvləri arasında keçirilən görüşlər, aparılan söhbətlərdən danışıb, eyni zamanda qarşıda duran məsələlərdən söz açıb və sülh prosesinə qadın və gənclərin cəlbinin əhəmiyyətini vurğulayıb.
O bildirib ki, sorğuların nəticələrinə görə, Ermənistan cəmiyyətində sülh istəyi o qədər də yüksək deyil. Ermənistanın Baş naziri Nikol Paşinyanın tərəfdarları isə sülh prosesində daha aktiv mövqe nümayiş etdirirlər.
Fərhad Məmmədovun sözlərinə görə, prosesin əsas istiqamətləri iki sual ətrafında cəmlənir:
"Sülhə yanaşma necə olmalıdır və praktik olaraq hansı addımlar atıla bilər?
Yaxın vaxtlarda növbəti görüşün keçirilməsi planlaşdırılır və Ermənistan tərəfinin Azərbaycana səfəri gözlənilir. Görüş zamanı Azərbaycan vətəndaş cəmiyyətinin mövqeyi qarşı tərəfə təqdim ediləcək və mümkün əməkdaşlıq istiqamətləri müzakirə olunacaq".
Qeyd edək ki, "Sülh Körpüsü" Təşəbbüsü vasitəsilə Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti üzvləri qarşılıqlı görüşlər keçirirlər. Bu çərçivədə bir görüş Ermənistanda, digəri isə Azərbaycanda təşkil olunub. Görüşlər zamanı həm mövcud proseslər müzakirə edilib, həm də sülh gündəliyində vətəndaş cəmiyyətinin rolu ətrafında fikir mübadiləsi aparılıb.
Həm Azərbaycan, həm də Ermənistan qrupları öz ölkələrində vətəndaş cəmiyyətinin nümayəndələri ilə geniş tərkibdə görüşlər keçirir, müxtəlif mövzular üzrə fikir mübadiləsi aparırlar.
"Sülh Körpüsü" Təşəbbüsünün Azərbaycan qrupu artıq Qeyri-Hökumət Təşkilatları Forumuna daxil olan təşkilatlarla da görüşlər keçirib.







