Bakı. TurkicWorld:
İran Prezidenti Məsud Pezeşkian Naxçıvana dron hücumlarına görə məsuliyyəti etiraf edib.
TurkicWorld-in məlumatına görə, bunu İran prezidenti Məsud Pezeşkian bu gün televiziya müraciətində bildirib.
Onun sözlərinə görə, İranda Ali Lider və yüksək hərbi komandanlar öldürüldükdən sonra Silahlı Qüvvələr nəzarətsiz şəkildə qonşu ölkələrin ərazisinə atəş açıblar.
Pezeşkian bildirib ki, Ali Liderlik Şurasının iclasında İran Silahlı Qüvvələrinə bundan sonra İrana hücum edilməyən ölkələrə heç bir hücumun edilməməsi və raket atılmaması haqda tapşırıq verilib. Yalnız hücum edilən ölkələrə qarşı addım atılacaq.
İran Prezidenti ölkəsi tərəfindən hücuma məruz qalan qonşu dövlətlərdən üzr istədiyini bildirib.
Əlavə edək ki, İran Silahlı Qüvvələri Naxçıvana dronla hücumu təkzib etsə də, Pezeşkianın açıqlaması praktiki olaraq bir daha Naxçıvana hücumun İran tərəfindən edildiyini göstərir.
Qeyd edək ki, martın 5-də Naxçıvan Beynəlxalq Hava Limanına pilotsuz uçuş aparatı ilə hücum edilib.
Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, texniki vasitələr İran İslam Respublikasının silahlı qüvvələrinin hücumlar həyata keçirmək üçün Azərbaycanın Naxçıvan bölgəsinə dörd pilotsuz uçuş aparatı (PUA) göndərdiyini aşkar edib. Onlardan biri Azərbaycan Ordusunun bölmələri tərəfindən zərərsizləşdirilib, digərləri isə dərslər zamanı orta məktəb də daxil olmaqla mülki infrastruktur obyektlərini hədəfə alıb.
Orta məktəb binasına yönəlmiş PUA xoşbəxtlikdən hədəfə çatmayıb və məktəbin yaxınlığında qəzaya uğrayıb partlayıb.
Hadisə nəticəsində dörd mülki şəxs yaralanıb.
Azərbaycan Xarici İşlər Nazirliyi hadisə ilə bağlı bəyanat yayaraq, İran İslam Respublikasından vəziyyəti dərhal aydınlaşdırmasını, izahat verməsini və oxşar hadisələrin təkrarlanmasının qarşısını almaq üçün lazımi təcili tədbirlər görməsini tələb edib.
İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçilu Xarici İşlər Nazirliyinə çağırılıb və İran tərəfinə sərt etiraz bildirilib.







