Bakı, TurkicWorld
İran İslam Respublikasında təhlükəsizlik vəziyyətinin gərginləşdiyi nəzərə alınaraq, Azərbaycan vətəndaşlarını İrana səfər etməkdən çəkinməyə, hazırda İran ərazisində olan Azərbaycan vətəndaşlarına isə yerləşdikləri bölgədən asılı olaraq İranı Azərbaycan və ya Türkiyə ərazisindən tərk etməyə çağırırıq.
TurkicWorld xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilib.
Həmçinin vətəndaşlarımızdan təhlükəsizlik tədbirlərinə riayət etmələri, kütləvi toplaşma yerlərindən uzaq durmaları, yerli hakimiyyət orqanlarının göstərişlərinə əməl etmələri və rəsmi məlumat mənbələrini mütəmadi izləmələri xahiş olunur.
Hər hansı bir fövqəladə vəziyyət ilə bağlı vətəndaşlarımızın Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyi və Təbriz şəhərindəki Baş Konsulluğu ilə aşağıdakı vasitələrlə əlaqə saxlamaları xahiş olunur:
Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyi
+98 905 523 01 07
+98 901 884 55 31
Azərbaycan Respublikasının Təbriz şəhərindəki Baş Konsulluğu
+98 901 414 31 57
+98 935 317 21 01
Xatırladaq ki, fevralın 17-də Vaşinqton və Tehran arasında keçirilən nüvə danışıqlarının ikinci raundu irəliləyişsiz başa çatdıqdan sonra ABŞ İrana yaxın ərazilərdə mövcudluğunu artıraraq Avropa və Yaxın Şərqdəki bazalara 150-dən çox təyyarə yerləşdirib.
Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasında İranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundu keçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baş tutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şans kimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldə olunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvə obyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafına müddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın 28-də səhər saatlarında İsrail və ABŞ İrana qurudan, dənizdən və havadan zərbələri endirməyə başlayıb.





