Zəngəzur dəhlizi trans-Avrasiya daşımalarını xeyli asanlaşdıracaq - Robert Sekuta

Zəngəzur dəhlizi trans-Avrasiya daşımalarını xeyli asanlaşdıracaq - Robert Sekuta

Zəngəzur vasitəsilə marşrutların tam istifadəsi trans-Avrasiya daşımalarını xeyli asanlaşdıracaq və Orta Dəhlizin inkişafını təmin edəcək.

Bunu TurkicWorld-ə ABŞ-ın Azərbaycandakı sabiq səfiri Robert Sekuta deyib.

"Bu, Qara dənizdən Qafqaz və Mərkəzi Asiya vasitəsilə Hindistan, Çin və Şərqi və Cənubi Asiyanın digər ölkələrinə qədər bütün regiona müsbət iqtisadi təsir göstərəcək. Mən bilirəm ki, Azərbaycan Naxçıvanla etibarlı nəqliyyat əlaqələrinin yaradılmasına böyük diqqət yetirir. Bu, ölkənin iki bölgəsi arasındakı əlaqələrin əhəmiyyətini, Ermənistanla uzun illər davam edən münaqişənin ağrısını və dağıntılarını nəzərə alsaq, gözlənilən idi. Bununla belə, Zəngəzur və regionun qalan hissəsi vasitəsilə yeni yolların və digər əlaqələrin yaradılmasının daha geniş nəticələri və faydaları olacaq. Bu, məsələn, Almaniya və Çin arasında ticarəti asanlaşdırmaq və genişləndirməklə yanaşı, Qafqazda yeni iş yerləri və bizneslər üçün imkanlar yaradacaq. Zəngəzurun açılması həm də ermənilərlə azərbaycanlılar arasında əlaqələrin qurulmasına kömək edəcək və iki ölkə arasında davamlı sülhə, daha sabit və təhlükəsiz Avropaya töhfə verəcək", - deyə R.Sekuta bildirib.

Sabiq səfir qeyd edib ki, Zəngəzur dəhlizi vasitəsilə elektrik enerjisinin ixracına da imkan verəcək ticarətin artması Azərbaycanın və bütövlükdə regionun çiçəklənməsinə töhfə verəcək.

"Region ölkələri arasında daha etibarlı elektrik şəbəkəsi enerji təhlükəsizliyini də yaxşılaşdıracaq və bölgənin artan enerji tələbatını ödəməklə yanaşı, parnik qazları tullantılarının azaldılmasına faydalı təsir göstərə bilər. Biz regionda fiber optik və digər İT əlaqələrinin genişləndirilməsi potensialını və onun gətirəcəyi faydaları unutmamalıyıq. Apardığımız araşdırmalar göstərir ki, nəqliyyat marşrutlarının və digər əlaqələrin qurulması üçün təkcə fiziki infrastruktur deyil, həm də inzibati maneələrin azaldılması və gömrük prosedurlarının təkmilləşdirilməsi istiqamətində işlər də vacibdir. Azərbaycan, Ermənistan və regionun digər ölkələri Zəngəzur və bütün Qafqazda əlaqələri genişləndirmək üçün çalışdıqca, onların ticarətdə qeyri-fiziki maneələri də nəzərə alması və aradan qaldırması vacibdir", - deyə R.Sekuta bildirib.

Sabiq səfir vurğulayıb ki, Avrasiyada və bütün dünyada ticarətin pozulması Şərqi və Cənubi Asiyanı qitənin Avropa hissəsi ilə birləşdirən Orta Dəhlizin əhəmiyyətini xeyli artırıb.

"Azərbaycan həm Rusiya, həm də İranla həmsərhəd olan yeganə ölkə kimi Avrasiyadan keçən bu Orta Dəhlizin həyat qabiliyyəti üçün çox vacibdir. Nəqliyyat sistemləri, İT kabelləri, boru kəmərləri - hamısı siyasi risklərə məruz qalmamaq üçün Azərbaycan ərazisindən keçməlidir", - deyə R.Sekuta əlavə edib.