...

Türkiyə artıq əvvəlki Türkiyə deyil – Fəxrəttin Altun

Siyasət Şərh 6 İyun 2022 14:53
TurkicWorld Daspina Hasanova
Türkiyə artıq əvvəlki Türkiyə deyil – Fəxrəttin Altun

Bakı. TurkicWorld:

Bu müraciətdən əvvəl “Türkiyə onsuz da razı olacaq” və ya “Türkiyə onsuz da etiraz etməyəcək” deyə düşünmüş ola bilərlər. Ancaq Türkiyə artıq əvvəlki Türkiyə deyil. Artıq nəyin bahasına olursa olsun öz maraqlarını qoruyan və hər platformada qarşısındakı ilə göz gözə münasibət tələb edən bir Türkiyə var TurkicWorld-un məlumatına görə, bu sözləri Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun İsveçin “Dagens Nyheter” qəzetinin İsveçin NATO-ya üzvlük müraciəti ilə bağlı suallarını cavablandırarkən deyib.

Türkiyənin İsveçlə güclü siyasi və iqtisadi əlaqələrinin olduğunu və iki ölkə arasında qurulan rəsmi əlaqələrin 17-ci əsrin əvvəllərinə təsadüf etdiyini qeyd edən F.Altun Türk xalqının İsveçlə bağlı ciddi sualları və şübhələri olduğuna diqqət çəkərək sözlərini belə davam etdirib:

“Xüsusilə "ifadə azadlığı" və "siyasi sığınacaq" adı altında terror təşkilatlarına himayədarlıq edilməsi İsveçin səmimiyyətinə kölgə salır. Olof Palme sui-qəsdində iştirak edən və Türkiyədə intihar hücumları həyata keçirən PKK-ya və ya dövlət çevrilişinə cəhd edərək 251 günahsız insanı qətlə yetirən FETÖ-yə sığınacaq verən bir ölkə ilə necə və niyə eyni hərbi ittifaqda yer alacağımızı indiki vəziyyətdə türk xalqına izah etmək mümkün deyil”.

Türk vətəndaşlarının can və mal təhlükəsizliyinə gəldikdə "söz deyil, hərəkət" gözlədiyini vurğulayan F.Altun İsveçin terrorla bağlı konkret və qalıcı siyasət dəyişikliyi etməli olduğunu, terrorçuların Türkiyəyə ekstradisiyasının və terror təşkilatlarının İsveç torpaqlarında fəaliyyət göstərməsinin qarşısının alınmasının onlar üçün vacib olduğunu bildirib.

Keçən həftə Ankarada İsveç və Finlandiya nümayəndə heyətləri ilə aparılan danışıqların nəticəsi ilə bağlı suala F.Altun belə cavab verib: “Mən vurğulamaq istəyirəm ki, İsveç hökumətinin nümayəndələri Ankaraya gələndə onlara söylədiklərimizlə ictimaiyyət qarşısında dediklərimiz arasında heç bir fərq yoxdur. Cənab Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın dövlət adamlığına yanaşması da bunu tələb edir. Türk millətinin də özü sözü birdir."

F.Altun Türkiyənin terrorizmlə bağlı həssaslığının İsveçin NATO üzvü olmaq istəyi ilə başlamadığına diqqət çəkərək İsveçdə terror təşkilatlarının varlığının da bir neçə həftəlik problem olmadığını deyib.

O, həmçinin bildirib ki, NATO-nun terrorla mübarizədəki ciddiliyi də göz qabağındadır: “Bu müraciətdən əvvəl “Türkiyə onsuz da razı olacaq” və ya “Türkiyə onsuz da etiraz etməyəcək” deyə düşünmüş ola bilərlər. Ancaq Türkiyə artıq əvvəlki Türkiyə deyil. Artıq nəyin bahasına olursa olsun öz maraqlarını qoruyan və hər platformada qarşısındakı ilə göz gözə münasibət tələb edən bir Türkiyə var. Hər kəs bu fakta öyrəşməlidir. Biz əslində İsveç və Finlandiyanın bu kritik zamanda NATO-nu məşğul etməsini düzgün hesab etmirik. NATO-ya üzvlük hüquq deyil, imtiyazdır. Bu ittifaqa daxil olmaq istəyən ölkələr lazımi şərtləri yerinə yetirdiklərində bizə qoşulacaqlar. Xüsusilə də terrorizm kimi bir məsələnin müzakirəsi, “bazarlığı” ola bilməz. Bundan sonra nə olacağı İsveç hökumətindən asılıdır. Biz İsveçin daxili işlərinə qarışmayacağıq”.

Altun məsələnin iki ölkə arasındakı münasibətlərə necə təsir edəcəyi ilə bağlı suala cavabında bunları deyib:

“İsveçin NATO-ya üzvlüyünün ikitərəfli münasibətlərlə bağlı olduğunu düşünmürəm. Çünki NATO-ya üzvlük İsveç üçün 3-4 aylıq bir məsələdir. Üstəlik Türkiyə illərdir İsveçin də üzvü olduğu Avropa Birliyinin gözləmə zalında haqsız yerə, ikili standartlara məruz qalaraq saxlanılır, ancaq İsveçlə ikitərəfli əlaqələrimiz davam edir. Bu o deməkdir ki, isveçli rəsmilər bu vəziyyəti şəxsi qəbul etməməlidirlər. Türkiyə burada prinsipial mövqe tutur. Biz gözləntilərimizi də açıq şəkildə ifadə etmişik. Əgər İsveç hökuməti bu məqbul gözləntiləri yerinə yetirməyəcəksə, bu, onların öz işidir”.

“İsveçin NATO-ya aid olduğunu hesab edirsinizmi?” sualını cavablandıran Türkiyə rəsmisi “Bu sualın sahibi İsveç hökumətidir. İsveç xalqı üçün NATO üzvü olan bir ölkədə yaşamaqmı, yoxsa bir NATO ölkəsində çevrilişə cəhd edən və ya intihar hücumları təşkil edən terror təşkilatlarını qorumaqmı daha yaxşı bir seçimdir? İsveç buna qərar verməlidir.

Türkiyə olaraq terroru bəşəriyyətə qarşı cinayət, terrorla mübarizəni isə universal bir məsuliyyət kimi görürük. İsveçin bu məsələdə addım atmaqda tərəddüd etməsini yadırğayırıq və bunun türk xalqında məyusluq yaratdığını görürük”, - deyə qeyd edib.

F.Altun Türkiyənin 70 illik NATO üzvü olduğunu və NATO-nun ikinci ən böyük ordusuna sahib ölkə olduğunu vurğulayıb:

“Əsgərlərimiz Koreyada döyüşüblər. Kosovodan Əfqanıstana qədər dünyanın bir çox yerinə NATO-nun bir parçası olaraq gediblər. Bizim fikrimizcə, NATO beynəlxalq təşkilatdan qat-qat artığıdır. Açığı, NATO məsələsində Türkiyənin özünü sübut etməsinə ehtiyac duymuram”.

Türkiyənin verdiyi töhfələr və müttəfiqlərinin təhlükəsizliyinə olan sadiqliyi göz qabağındadır. Türkiyə NATO-nun gücünü qoruyub saxlaması, yeni təhdidlərə cavab verə bilməsi, sülh və sabitliyə xidmət etməsi üçün əlindən gələni etməyə davam edəcək”.

Məqalədə:
Xəbərlər

Xəbər lenti