Türkiyə uzun müddət ərzində ABŞ-ın dominantlıq etdiyi mövcud hərbi sahədə inqilab edib – Türkiyəli ekspert

Türkiyə uzun müddət ərzində ABŞ-ın dominantlıq etdiyi mövcud hərbi sahədə inqilab edib – Türkiyəli  ekspert

BAKI. TurkicWorld / Dəspinə Həsənova

Türkiyə uzun müddət ərzində ABŞ-ın dominantlıq etdiyi mövcud hərbi sahədə inqilab edib və Ankaranın müdafiə sənayesindəki uğurları onun bölgədəki rolunun bu qədər artmasında əsas səbəblərdən biridir.

Bunu TurkicWorld-a açıqlamsında , InsightTurkey jurnalının baş redaktorunun müavini, Türkiyənin SETA araşdırma mərkəzinin xaric siyasət bölümünün icmalçısı Gloria Shkurti Özdemir bildirib.

O qeyd edib ki , uzun müddətdir ki, Türkiyənin müdafiə sistemi və sənayesi xarici faktordan, xüsusən də ABŞ-dan çox asılı vəziyyətdə olub.

“Bununla belə, dəyişkən bir beynəlxalq müstəvidə Türkiyənin öz milli maraqlarını qorumaqla müstəqil bir xarici siyasət yürütməyə çalışdığı şəraitdə bu dövlətin müdafiə sənayesini gücləndirilməsi artıq zərurətə çevrilib. Şübhəsiz ki, bu məqsədə çatmaq üçün əsas vasitələrdən biri ABŞ kimi xarici faktorlardan asılılığı azaltmaq və silah sistemlərinin, o cümlədən pilotsuz uçuş aparatları (dronlar), helikopter, döyüş təyyarələri, raketlər və hətta amfibiya hücum gəmilərinin istehsalını və milli inkişafını artırmaqdan ibarətdir”-deyə o əlavə edib.

Ekpsert hesab edir ki , silah sistemləri, xüsusən də Bayraktar TB2 dronlari Suriya, Liviya, Qarabağ , eləcə də Ukraynada gedən münaqişələrdə həll edici rol oynayıb.

Onun sözlərinə görə, bu, Türkiyənin müdafiə sənayesinin həm regional, həm də qlobal imici baxımından mühüm rol oynayır.

“Bu uğurların nəticəsi olaraq deyə bilərik ki, Türkiyənin müdafiə sənayesi qısa bir müddət ərzində yüksək səviyyəyə çatıb və bununla da dünyanın aparıcı sənayelərindən birinə çevrilib. Xüsusilə pilotsuz uçuş aparatları baxımından Türkiyənin müdafiə sənayesinin ABŞ, İsrail və ya Çin kimi bir neçə aparıcı dövlətlərlə rəqabət apardığının da şahidi oluruq”-deyə Özdemir bildirib.

Bir çox dövlətlərin niyə Türkiyənin silah sisteminə üstünlük verməsi sualınıza cavab olaraq ekspert bildirib ki , Türkiyə digər dövlətlərlə müqayisədə daha büdcəyə uyğun silahlar istehsal edir, lakin buradakı əsas amil bu silahların əldə etdikləri uğurlardır.

“ Dronlara gəldikdə, Türkiyə ABŞ-dan daha ucuz (ABŞ-ın bu sahədə lider olduğunu nəzərə alsaq) və eyni zamanda Çinin ucuz dronlarından daha uğurlu olan pilotsuz uçuş aparatı istehsal edə bilib. Bu iki element Türkiyəni aparıcı dron istehsalçıları arasında öz yerini tutmasına səbəb olub” - deyə o əlavə edib.

Özdemir hesab edir ki, Türkiyə uzun müddət ərzində ABŞ-ın dominantlıq etdiyi mövcud hərbi sahədə inqilab edib.

“Türkiyə digər dövlətlərdən hərbi asılılığını azaltmaqla milli maraqları təhdid edilən bir çox dövlətlər üçün nümunə və alternativə çevrilib. Məsələn, Dağlıq Qarabağ münaqişəsi məsələsində Qərb və xüsusən də ABŞ Azərbaycana lazımi dəstəyi verə bilmədi. Halbuki, Türkiyənin TB2 dronları bu münaqişənin həllində əsas rol oynamış oldu” – deyə eksper qeyd edib.

Özdemirin sözlərinə görə, son statistik göstəricilərə əsasən, Türkiyə hazırda müdafiə sənayesi sahəsində daxili ehtiyacının təxminən 70-80 faizini özü istehsal edir.

“Prezident Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Türkiyə öz ehtiyaclarını tam ödəməyi hədəfləyir. Həmçinin Müdafiə Sənayesi Rəhbərliyi 2053-cü ilə qədər ölkə üzrə bütün silahların 100% milli istehsal olacağını və bununla da müdafiə sənayesidə tam müstəqilliyə nail olmağı planlaşdırır. Türkiyənin son zamanlar əldə etdiyi inkişafı nəzərə alsaq, bunu nail oluna bilinəcək bir məqsəd kimi qəbul edə bilərik” - deyə Özdemir vurğulayıb.

Özdemir qeyd edib ki, statistik məlumatlara əsasən, keçən il Türkiyənin müdafiə və aerokosmik ixracatı 2020-ci illə müqayisədə təxminən 40% artaraq 3,22 milyard dollara çatıb və Prezident Ərdoğanın bu ilin əvvəlində verdiyi açıqlamaya görə, 2022-ci ildə bu sahədəki ixracatın 4 milyard dollara çatacağı gözlənilir.

“Burada bir faktı da qeyd etmək lazımdır ki, Türkiyənin müdafiə sektoru dünyanın ümumi müdafiə və aerokosmik ixracının təxminən 1%-ni təşkil edir, dünya ixracatının 75% isə ABŞ, Rusiya, Çin, Almaniya və Fransa kimi böyük dövlətlərin dominantlığı altındadır. Qarşıdakı beş ildə Türkiyənin öz ixrac potensialını daha da artıraraq, ilk 10 ixracatçı ölkə arasında yer almağı gözlənilir. Onu da deyə bilərik ki, TB3, “Kızılelma” və ya “Akıncı” kimi yeni müdafiə sənayesi məhsullarının Türkiyənin ixrac potensialının artırılmasında böyük rol oynaya bilər. Son olaraq, Böyük Britaniya və Kanada da daxil olmaqla bir sıra dövlətlər Türkiyənin müdafiə sənayesi məhsullarının ixracına qadağa qoyub. Lakin, bir neçə gün bundan əvvəl Böyük Britaniya bu qadağanı ləğv edib və Kanadanın da tezliklə bu qadağanı qaldıracağı gözlənilir. Təbii ki, bütün bunlar Türkiyənin ixracat potensialına müsbət təsir göstərən amillərdir” - deyə ekspert bildirb.

Türkdilli ölkələrlə hərbi sahədə əməkdaşlığına münasibət bildirən ekspertin sözlərinə görə, Türkiyə ilə digər Türkdilli dövlətlər arasında hərbi əməkdaşlıq hər zaman ikitərəfli əlaqələrin əsasını təşkil edib. “Türkiyə ilə Türk dövlətləri arasında bu sektorda əməkdaşlığın genişləndirilməsi üçün bir sıra sazişlər imzalanıb. Eyni zamanda, Özbəkistan istisna olmaqla, digər bütün Türkdilli dövlətlər Türkiyədən ya PUA-lar alıb, ya da alınması üçün müraciət ediblər”- deyə SETA siyasi şərhçisi deyib.