Rusiya Müdafiə Nazirliyi tərəfindən “Dağlıq Qarabağ” ifadəsinin işlədilməsi bölgədə vəziyyətin gərginləşməsinə xidmət edən təxribatıdır - ŞƏRH

Rusiya Müdafiə Nazirliyi tərəfindən “Dağlıq Qarabağ” ifadəsinin işlədilməsi bölgədə vəziyyətin gərginləşməsinə xidmət edən təxribatıdır - ŞƏRH

Rusiya Müdafiə Nazirliyi tərəfindən Ukraynaya göndərilən humanitar yardımla bağlı verilən açıqlamadan “Dağlıq Qarabağ” ifadəsinin işlədilməsi qəbuledilməzdir və sözügedən təsisatın bölgədə vəziyyətin gərginləşməsinə xidmət edən növbəti təxribatıdır.

Bunu Trend-ə siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

O qeyd edib ki, Azərbaycan Respublikasında “Dağlıq Qarabağ” adlı inzibati ərazi subyekti yoxdur və bu gerçəkliyi Rusiya Müdafiə Nazirliyinin rəsmiləri də bilməmiş deyillər.

“Hazırda Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasına daxil olan ərazi subyektlərinin Azərbaycan dilində rəsmi adları var və əgər Rusiya Müdafiə Nazirliyinin rəsmi mövqeyini ifadə edən şəxslərdə Ukraynada uğradıqları uğursuzluqlara görə yaddaş pozğunluğu yaranıbsa, Baş Qərargahın xəritələrinə, Azərbaycanla Rusiya arasında imzalanmış sənədlərə nəzər salaraq yaddaşlarını təzələyə bilərlər.

Rusiya Müdafiə Nazirliyinin təxribat körükləyən təmsilçiləri başa düşməlidirlər ki, davamlı olaraq bu qəbildən olan qıcıqlandırıcı bəyanatların verilməsi ilk növbədə onların təmsil etdikləri hərbi təsisatın qeyri-ciddi obrazını yaradır və ikrah doğurur”, - deyə E.Mirzəbəyli bildirib.

O qeyd edib ki, bu kimi Azərbaycan-Rusiya əlaqələrinə xələl gətirə və Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti olaraq yerləşdirildiyi Azərbaycan əraziləri boyunca vəziyyətin gərginləşməsinə səbəb ola bilər ki, bunun da məsuliyyətini Rusiya Müdafiə Nazirliyinin davamlı olaraq, separatçılığı stimullaşdıran görəvliləri daşıyacaqlar.

“Bu gün dünyada baş verən hadisələrin fonunda Rusiya ilə normal münasibət saxlamağa çalışan barmaqla sayılan ölkələrin vətəndaşlarının, o cümlədən Azərbaycan xalqının səbrinin tarıma çəkilməsi, mahiyyət etibarilə Moskvanın maraqlarına xidmət etməli deyil.

Əks təqdirdə bu Rusiyanın Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə hörmətlə yanaşdığını ifadə edən öhdəliklərin yerinə yetirilməməsi deməkdir və bu amil Rusiyaya olan etimadın bütün dünyada itirilməsinə xidmət edir. Baş verənlərdə Azərbaycan ərazilərindəki separatçı çaqqallarla baş-başa verib biznes quran Rusiya sülhməramlılarının komandanı Volkovun rolu şübhəsizdir və bu şəxsin davranışları onun missiyasının tez bir zamanda başa çatdırılmasını zəruri edir. Əgər Rusiya Müdafiə Nazirliyinin təmsilçiləri Ukraynada uğradıqları biabırçılıqdan olan-qalan ağıllarını da itiriblərsə, bunun günahını Azərbaycanda deyil, papaqlarının altındakı boş sahədə axtarsınlar”, - deyə E.Mirzəbəyli əlavə edib.