Bakı, TurkicWorld
Növbədənkənar parlament seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının protokolu tərtib ediləcək.
TurkicWorld xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədrinin müavini Rövzət Qasımov deyib.
O bildirib ki, dairə seçki komissiyaları işinə yekun vurulmuş sayılmalıdır:
"Buna görə də protokol tərtib edilməlidir".
MSK sədri Məzahir Pənahov isə qeyd edib ki, protokolun tərtibi üçün fasilə verilməlidir:
"Protokolun hazırlanması üçün rəqəmlərə dəqiq baxılmalıdır. MSK katibi Arifə Muxtarova, Komissiya üzvlərindən İlkin Şahbazov və Ramiz İbrahimov protokolun hazırlanması üçün gedəcək".
Qeyd edək ki, sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. Seçkiləri müşahidə etmək üçün 112 min 749 yerli müşahidəçi qeydə alınıb. Onlardan 65 mindən çoxu siyasi partiyaların nümayəndələridir. Qeydə alınmış beynəlxalq müşahidəçilərin sayı 598 nəfər olub ki, onlar 51 Təşkilatı, 69 ölkəni təmsil edib. Parlament seçkilərində qeydə alınan 990 namizəddən 305-i 25 siyasi partiyanın nümayəndəsidir. 371 nəfər siyasi partiyaların üzvü olmasına baxmayaraq, partiyalar tərəfindən namizəd olaraq irəli sürülməyiblər. Ümumilikdə 676 namizədin siyasi partiya mənsubiyyəti var.