Bakı, TurkicWorld
Rusiya-Ukrayna müharibəsi nəticəsində Rusiyanın enerji məhsullarına qarşı tətbiq edilən sanksiyalar və Avropanın yeni enerji keçidi ilə bağlı reallaşdırdığı layihələr Rusiyanın yeni enerji bazarları axtarışına səbəb oldu. Sürətlə sənayeləşmə prosesində olan Cənubi Asiya dövlətləri Rusiyanı strateji seçimini etməyə cəlb edir və bu region getdikcə strateji əhəmiyyət daşıyan məkana çevrilir. Əslində, rəsmi Kremlin iqtisadi diversifikasiya qərarının obyektiv səbəbləri çoxdur. İlk növbədə səbəblərdən biri Rusiyanın Hind okeanına çıxış əldə etməsidir. Bu Rusiyaya qlobal əhəmiyyətli müxtəlif mənfəətlər qazandıracaq. Həmin strateji məqsədə nail olmaq üçün Rusiyanın həm İran, həm də Azərbaycanın dəstəyinə ehtiyacı olacaq.
Məlumdur ki, İran, Rusiya Federasiyasının qazını öz ərazisi ilə nəql etməyə və regional xab olmağa maraq göstərir. Bu məqsədlə rəsmi Tehran Fars körfəzi sahilində yerləşən Əsəluyə şəhərində qaz qovşağı yaratmağa çalışır. Bu məlumat ilk dəfə olaraq İranın keçmiş neft naziri Djavad Odji tərəfindən elan edilmişdir. Təbii ki, Rusiya yeni bölgəyə daxil olmaqla İranın qaz təminatındankı problemləri aradan qaldırmaq məqsədini daşımır, çünki İran, dünyanın ən böyük qaz ehtiyatlarına sahib olan ölkələr siyahısındadır - 33,988 trl.kub.m., yəni Rusiyadan sonra ikinci yerdədir. Qərb dövlətlərinin, xüsusilə ABŞ və Avropa İttifaqının tətbiq etdiyi sanksiyalar və nəticədə, prosesin rus qazından tam şəkildə imtina edilməsinə doğru getməsi Rusiya və İran arasında enerji əməkdaşlığını daha da yaxınlaşdırıb.
Tarixə qısa ekskurs etsək görərik ki, 1965-ci ildə İran və Sovet İttifaq arasında Hacıqabul-Astara-Abadan qaz kəməri layihəsi razılaşdırılmışdı və layihə 1970-ci ildə fəaliyyətə başlamışdı.
Hazırda bu kəmər aktiv olmasa da, Rusiya, Azərbaycan və İran arasında qaz mübadiləsınin təcrübəsi baxımından qeyd etməkdə fayda var. Bu kəmər Cənub bölgələrinin inkişafı üçün vacib bir layihə idi. Tarix təkrarlanmağı xoşlayır. Bu dəfə isə, tərəflər qısa müddətli deyil, uzun perspektivli və strateji məqsədlər güdür.
Cari ilin 26 iyun tarixində İran və Rusiya arasında Rusiya qazının İrana nəqlinin təşkilinin işlənib hazırlanması haqqında strateji Memorandum imzalanıb. Sənədin məzmunu açıqlanmasa da, Rusiya qazının tədarükünün əsasən Azərbaycan üzərindən keçmə ehtimalı yüksəkdir. İranın neft nazirinin sözlərinə görə imzalanan müqavilə 30 illik strateji sənəddir və onun sözlərinə görə "illik qaz həcmi 110 mlrd.kubometr nəzərdə tutulur" (bu həcm iki Şimal axını həcmi qədərdir). Bu, İranın hazırkı qaz istehlakının təxminən 45%-ni təşkil edir. Xəzərin dibi ilə boru kəmərin çəkilməsi mümkün görünsə də, digər Xəzəryanı dövlətlərin də bu məsələdə razılığı vacibdir.
Digər tərəfdən, dəniz dibi ilə çəkilməsi ehtimal olunan borunun tikintisi və saxlanması xərclərinin yüksək olması layihənin quru yol ilə gerçəkləşməsi ən optimal variant olaraq görünür. İran infrastrukturun inkişaf etdirilməsində və dünya bazarına çıxmaq imkanlarının genişləndirilməsində maraqlıdır, buna görə rəsmi Tehranın enerji layihələrinin icrasında Rusiyanın maliyyə və elmi-texniki yardımı böyük töhfə verəcək.
Hazırda İran öz qonşuları ilə fəal şəkildə qaz mübadiləsi sistemi qurur lakin bu layihə çərçivəsində Rusiyadan aldığı qazın qiyməti daha sərfəli olacaq.
Hindistan hökuməti isə ölkədə artan qaz tələbatını qarşılamaq üçün enerji mənbələrinin sayını artırmağı prioritetli hesab edir. Hələ 2016-cı ildə "Qazprom" və "Engineers İndia" Rusiyadan və digər ölkələrdən Hindistana qaz nəqli marşrutlarının birgə kəşfiyyatında maraqlı olduğunu əks etdirən anlaşma memorandumu imzalayıb. 2016-cı ilin oktyabrında Qazpromun rəhbəri Alleksey Miller BRİKS samitində Hindistanın qaz idxalının 2030-cu ilə qədər 6 dəfə artacağını qeyd etmişdi. Onun sözlərində həqiqət var idi, çünki bu gün Hindistanın mayələşdirilmiş təbii qaz idxalı-18,6% artıb. Bu onu göstərir ki, Hindistan Rusiya-İran-Hindistan qaz mübadiləsini müsbət dəyərləndirəcək. Hindistanın qaz istehlakı dinamikası da bu faktı sübut edir.
Rusiya üçün də bu çox perspektivli bir layihədir çünki, ölkə qlobal enerji bazarının transformasiyası kontekstində öz xammalının satışı üçün yeni yollar tapmağa cəhd edir. Rusiyanın, layihənin reallaşacağı təqdirdə təbii qazı boru kəməri və mayeləşdirilmiş təbii qaz (LNG) şəkilində ixrac edəcəyi proqnozlaşdırılır. Həmin yollardan biridə məhz Azərbaycandan keçə bilər. Nəzərə alsaq ki, Asiya dövlətləri qaz istehlakını ildən-ilə artırır (şəkildə qeyd olunur), bu pilot layihənin üstünlükləri tərəflərə strateji əhəmiyyət qazandıracaq.
Şəkil 2. Dünya üzrə qaz istehlaki 2018-2024
Layihə reallaşacağı təqdirdə Azərbaycan qaz mübadiləsinin mərkəzini formalaşdıran və Cənub Asiya istiqamətində qapı açacaq tranzit dövlətə çevriləcək. Rəsmi Bakının Fars körfəzinə, oradan isə Hind okeanına çıxışı üçün Rusiya, İran və Hindistan ilə əməkdaşlığı mümkün görünür. Artıq Azərbaycan tək Avropanın deyil, eyni zamanda Şərqində enerji təhlükəsizliyi təmin edən qaranta çevrilir. Nəticədə, bu, ölkəyə tranzit gəlirlər qazandırmaqla yanaşı Azərbaycanın Şimal-Cənub vektoru üzərində strateji əhəmiyyəti artır.